Yaltaqlanmağın gülərcəsi…

Gülər Əhmədova

Mırt

Və ya millət vəkili Gülər Əhmədovanın jurnalistikasına sözardı

 Baş redaktor təyin etdiyi adamlarla yola getməməklə ad çıxarmış Gülər Əhmədova «Mərkəz» qəzetinə başçılıq etmək missiyasını öz zərif çiyinlərinə qaldırandan sonra verdiyi söz özünü doğruldur. Hörmətli xanım millət vəkili daha peşəkar qəzet çıxaracağını bəyan etmiş və buna görə redaksiya heyətini də dəyişmiş, superpeşəkar tapşırıqlarını vermişdi.

Üstündən 2-3 ay keçməyib, amma biz «Mərkəz» qəzetində yeniliklərin bir-birinin ardınca culğalandığını müşahidə etməkdəyik.

Bir müddət öncə Gülər Əhmədova «İngiltərədə həbs olunan bloggerlərə azadlıq» guşəsi açıb beynəlxalq aləmə etirazını bildirdi. Belə məlum oldu ki, ABŞ prezidenti Barak Obamanın tük, Böyük Britaniya baş naziri Devid Kamerunun dırnaq saldığı «Mərkəz» qəzeti bu kampaniya ilə onları rüsvayi-cahan etmək niyyətindədir. Azərbaycanda insan haqlarının pozulduğu, bloqçuların həbs olunduğuna Avropadan gələn təpkilər «uşaqlara analıq» edən Gülər xanım Əhmədovanın adekvat addım atmasını şərtləndirmişdi. Bu addımı Gülər xanım kimi peşəkar da atmayıb, kim atasıydı ki? Bu yeniliyə hansı peşəkar öz imzasını qoya bilərdi?

Əlbəttə, Gülər Əhmədova!

Azərbaycan mətbuatında beynəlxalq səviyyəli yenilik edən millət vəkilinin bu peşəkar proyektinin təəssüf ki, qarşısı alındı. Hazırda «Mərkəz» qəzeti daha İngiltərədə «həbs olunan bloggerlərə» azadlıq istəmir. Görəsən, Gülər xanım dünyanı lərzəyə gətirən bu haqq uğrunda peşəkarcasına mübarizəsindən niyə əl götürdü? Kim onu bu dahiyanə yeniliyindən imtina etməyə meylləndirdi?

Elə bu sual uğrunda baş sındırırkan gündəlik çap olunan və «ictimai-siyasi qəzet» sayılan «Mərkəz» qəzetinin dünənki sayında Gülər Əhmədovanın daha bir «ilkə» imza atdığı, dahiyanə tapıntılarla zəngin yaradıcılıq qabiliyyətinə malik peşəkarlığını növbəti dəfə ortaya qoyduğunu müşahidə etdik. Belə ki, «Mərkəz» adlı ictimai-siyasi qəzetin dünənki sayı «Nə qədər ki, Azərbaycan var, nurlu xatirəniz xalqın qəlbində əbədi yaşayacaq, Aida xanım!» manşeti ilə dərc olunub (Red-!!!).

Bu «iki kilometr yarımlıq» manşet Oxuculara yeni informasiyanın ötürülməsi kimi dəyərləndirilməlidir. Çünki «Mərkəz» bir ictimai-siyasi qəzet olaraq nəinki Azərbaycan cəmiyyətinin, həm də bütün dünyanın nəbzini tutur, aləmin siyasi təzyiqini ölçür! Dünyanın təzyiqi isə Gülər xanım Əhmədovanın peşəkarcasına baxışında bu «ikikilometryarımlıq» manşetlə vururmuş.

Sayın xanım deputat gündəlik ictimai-siyasi qəzetin şok manşet verməli olduğu barədə mövcud qəzetçilik prinsipindən, bir peşəkar olaraq, yəqin ki, xəbərdardır. Elə ona görə də Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın anası, ölkə prezidenti İlham Əliyevin qayınanası Aida İmanquliyevanın nurlu xatirəsinin xalqımızın xatirəsində əbədi yaşadığını şok informasiya kimi manşetə çıxarır.

Xalqımız isə Aida xanımın nurlu xatirəsini ürəyində yaşatdığını bildiyini zənn edirdi. Xeyr, xalqımız bilmirmiş, Gülər Əhmədova bu informasiyanı şok fakt ikimi xalqın qarşısına qoydu.  

Gözəl və peşəkarcasına tapıntılardır, hər qəzetçinin işi deyil belə yeniliklər etmək… Başqa bir adı da var bunun – yaltaqlanmağın gülərcəsi…

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button