Yanan binadakı jurnalist danışdı – “Yaş dəsmal bizi ölməyə qoymadı”

sevinc fədaiMayın 19-da Binəqədi rayonunda yanan binada anası və körpəsi ilə birlikdə qalan həmkarımız Sevinc Fədai hazrıda ev şəraitində müalicə olunur. 

Teleqraf.com-un əməkdaşı çətinliklə də olsa, bu gün gənc anadan müsahibə alıb. Sevinc xanım yaşadığı dəhşətli anlardan danışıb.
– Sevinc xanım, bir daha “keçmiş olsun” deyirik. Dünənki dəhşətli yanğınla bağlı təəssüratlarınızı bizimlə bölüşməyinizi xahiş edirik. Yanğından nə vaxt xəbər tutdunuz, ilk reaksiyanız necə oldu?
– Blokdan səs eşitdim, qapını açdım. Yuxarı mərtəbədən qonşu qışqırırdı ki, yanğınsöndürən çağırın. 102-yə zəng vurmaq üçün içəri keçdim. Gördüm alov mətbəxi bürüyüb. Tez Mövluda zəng vurdum ki, binamız yanır.
– Yanğının bu qədər güclənəcəyini gözləyirdiniz? 
– Açığı, yanğının belə dəhşətli hal alacağını bilməzdim. Amma bircə dəqiqənin içində blokun tüstüləndiyini və mətbəxin yandığını görəndə məni dəhşətli qorxu bürüdü. Evdən çıxmaq imkanı yox idi. Şükür ki, özümü itirmədim. Tez işıqları söndürdüm. Bütün evi tüstü basmışdı. Anamla birgə yataq otağının qapısını örtüb orda gözlədik. Sağ olsunlar, dostlar zəng vurur, ürək-dirək verirdilər, xilasediciləri bizim yanımıza göndərdiklərini deyirdilər. Yaş dəsmalı ağzımıza tutub özümüzü boğulmaqdan qorumasaydıq, bəlkə də, o evdən sağ çıxmazdıq. Fikirləşirəm ki, göydə Allah, yerdə də anamla mənim özümüzü soyuqqanlı aparmağımız xilas elədi bizi.
– Yanğın yuxarı mərtəbələrdə daha güclü idi. Yaşadığınız 14-cü mərtəbədə sağ qalmağınız möcüzə oldu. Demək olar ki, ən gec siz çıxarıldınız. Binada qaldığınız müddətdə hansı hisləri keçirirdiz, nə düşünürdüz?
– Qorxu, dəhşət… Evin hər iki tərəfi yanırdı. Amma ən çox ümid, xilas olacağımıza inam hiss edirdim. Ağlımda bircə şey var idi, Mövlud üçün sağ qalmalıyam. Həyəcanla dua edirdik, su içirdik, Ucalı qoruyurduq ki, tüstünü udmasın. Nə bilim… Anam məni və Ucalı yaşatmağa çalışırdı, mən onları. Bir tərəfdən də bayırda səni gözləyən sevdiklərin üçün sağ qalmaq üçün mübarizə aparmaq… Dəhşət idi.
– Sizə ən çox kimlər zəng edirdi? 
– Bütün dostlar. Mən sözgəlişi dostlar demirəm. Hamısı doğmalarımızdır. Onlar o dəhşətli yanğını görüb, bəlkə də, bizdən çox qorxublar. Bilirdim ki, bayırda bizim üçün ürəkdən dua edən dostlar var. Allahın bizə də, onlara da yazığı gəldi.
– Bəlkə də, Mövlud sizdən daha çox stress keçiriridi. Bəs sizin Mövludla bağlı narahatlığınız var idimi? 
– Əlbəttə. Yanğın təzə başlayan vaxt bir neçə dəfə Mövludla danışdım, ağlayırdı, bağırırdı. Çarəsiz idi. Anam da, mən də o bir neçə saat ərzində ağlamamışdıq. Amma Mövludun adını ağzımıza alanda bizi ağlamaq tuturdu. Sonra bizimlə danışmırdı deyə elə bilirdik ki, ona nəsə olub artıq. Mövlud deyir ki, elə bilirdim, siz orda yanırsız, sənin o vəziyyətdə səsini eşitməyə dözməzdim, ona görə danışmırdım. Biz də yanğının ortasında özümüzlə bərabər, Mövlud üçün də dua edirdik. Çox narahat idim ona görə.
– Sizi kim xilas elədi? 
– Fövqəladə Hallar Nazirliyinin əməkdaşları. Onlar gələndən sonra da bir qədər evdə gözləməli olduq. Blok tüstü olduğu üçün çıxmaq mümkün deyildi. Elə sonra da qaça-qaça birtəhər düşürtdülər bizi.
 – Həmkərlarınız sizinlə bağlı ayrıca xəbərlər verirdilər. Hətta buna görə qınağa tuş gəldilər ki, ayrı-seçkilik edirlər. Həmkarlarınızın fəaliyyətindən razı qaldınızmı?
– Bu, ayrı-seçkilik deyildi, təbii ki. İstər-istəməz insan tanıdığı, bildiyi adam üçün daha çox narahat olur. Biz özümüz belə xilasedicilər gələndə ilk soruşduğumuz ölənin olub-olmamağı idi. O ki qaldı kənardakılar… Hamı narahat idi, həm bizdən ötrü, həm də bütün sakinlər üçün. Bütün həmkarlarımıza, dostlarımıza təşəkkür edirəm, var olsunlar. Yaxınlarını itirənlərə Allah səbr versin və bir daha belə bir faciə yaşatmasın millətimizə, doğmalarımıza…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button