”YAP-çıyam, Daxili Qoşunların keçmiş əsgəriyəm, hərbi əliləm, mənə iş verin”

Qamət İsmayılov

Cəlilabad sakini Qamət İsmayılov ehtiyac üzündən iki azyaşlı övladını dolandıra bilmir

“Birinci dərəcəli idmançı olmuşam. YAP üzvüyəm, seçkilərdə həmişə fəal olmuşam. Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyevanın siyasətini dəstəkləyirəm. DİN-in Daxili Qoşunlarının keçmiş əsgəriyəm. Hərbi əliləm. Ən vacibi isə işsizəm. Ailəliyəm, iki azyaşlı uşağım var, kirayədə yaşayıram. Hansı əziyyətlərlə qarşılaşdığım yəqin sizə aydın oldu”.

Cəlilabad sakini Qamət İsmayılov Meydan TV-yə iş tapa bilməməsindən yazır. Yazır ki, 2004-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin (hazırkı Gənclər və İdman Nazirliyi) nəzdində olmuş Bakı Bədən Tərbiyəsi Texnikumunu (sonrakı adı Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci) bitirib. İxtisası üzrə Cəlilabad rayon Təhsil Şöbəsinin idman məktəbində müəllim işləyib. Vaxtilə təhsil aldığı texnikumun Qamət İsmayılova verilmiş diplomu 2011-ci ildə saxta elan olunub və o, bir neçə yoldaşıyla bərabər işdən uzaqlaşdırılıb:

Pensiya ilə dolana bilmirəm

“Dedilər, texnikumda çoxlu saxtakarlıqlar olub, ona görə də ləğv edilib, diplomları da saxta hesab olunur. Vaxtında hökumət hara baxırdı? Mən və mənim kimi yüzlərlə gənc o texnikumda niyə illərini itirməli idi? Axı mən hələ texnikumda təhsil aldığım vaxtdan 2011-ci ilədək müəllim kimi qüsursuz pedaqoji fəaliyyət göstərmişəm”.

Qamət İsmayılov deyir, iş tapa bilməməsi, üstəlik əlil olması onun sosial durumuna təsir göstərir:

“Uşaqlarımı saxlaya bilmirəm, evin kirayəsini verə bilmirəm. Hərbi əliləm, pensiyayla dolana bilmirəm. Cəlilabadın icra hakimiyyətinə müraciət etmişəm, dəfələrlə ixtisasıma aidiyyəti olmayan işlər təklif olunub. Ailəmin olduqca ağır durumda yaşaması məni günbəgün məhv edir”.

Nazirin əmrini hələ də görməmişəm

Qamət İsmayılov eyni məzmunda ölkə başçısına, gənclər və idman naziri Azad Rəhimova yazdığı məktubda da qeyd edir:

“2002-ci ildən 2011-ci ilədək işlədiyim Cəlilabad Uşaq-Gənclər İdman Məktəbindəki məşqçi-müəllim vəzifəsindən çıxarıldım. Cəlilabad rayon təhsil şöbəsi məni o vaxtkı təhsil naziri Misir Mərdanovun bununla bağlı əmri olduğunu deyirdi. Ancaq o əmr bugünədək də bizə göstərilməyib və belə bir əmrin mövcudluğu ilə bağlı şübhəm var. Əgər sənədlərim saxtadırsa, nə üçün 10 il müəllim işləmişəm, əməkhaqqı almışam, tələbələr yetişdirmişəm? Axı, cənab nazir, siz özünüz Cəlilabadda vətəndaşlarla görüşəndə məni də dinlədiniz, rayonun təhsil şöbəsinin o vaxtkı rəhbərinə tapşırıq verdiniz ki, məni işlə təmin etsinlər. Əvəzində məni get-gələ saldılar və yenə iş vermədilər. Aldatdılar ki, şikayətlərini geri götür, sənə iş verəcəyik, görün neçə il keçib, hələ də işsizəm…”

Nazirlə görüşlərimi əngəllədilər

Qamət İsmayılov yazır ki, o görüşdən sonra gənclər və idman naziri Azad Rəhimov daha iki dəfə Cəlilabadda vətəndaşlarla görüşüb, onu nazirlə görüşlərin heç birinə buraxmayıblar:

“Rayonun Gənclər və İdman İdarəsinin rəhbərliyi və işçiləri hər iki dəfəsində mənim nazirlə görüşməyimi əngəlləyiblər. Üstəlik də, söz veriblər ki, şikayətlərimi geri götürsəm, mənə iş verəcəklər. Həe dəfəsində də məni aldadıblar”.

Gənclər və İdman Nazirliyindən Meydan TV-yə bildirilib ki, əvvəlki adı Bakı Bədən Tərbiyəsi Texnikumu, sonrakı adı Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci olan orta-ixtisas təhsili müəssisəsi bir neçə il əvvəl ləğv edilib. Hələ keçmiş nazir Misir Mərdanovun bununla bağlı əmri var. Qamət İsmayılov qurumlara illərlə məktub yazmaqdansa, bir dəfə məhkəməyə müraciət etsin.

Məhkəməyə müraciət edə bilmir

Qamət İsmayılovsa məhkəməyə müraciət edə bilmir. Deməsinə görə, buna görə ona Gənclər və İdman Nazirliyindən təhsil aldığı texnikumundan bəzi arxiv sənədləri lazımdır. Ancaq quruma müraciət edəndə ona bildirilir ki, texnikumun fəaliyyəti dayandırıldıqdan sonra arxiv yanıb.

Hüquqşünas Vaqif Alıyev deyir, Qamət İsmayılov dövlət qurumuna rəsmi məktub göndərməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məktuba cavab almadıqda isə poçt xidmətindən ona təqdim olunmuş qəbzi də ərizəyə əlavə edərək həmin qurumu məhkəməyə verə bilər:

“Bu yolla istədiyi yazılı məlumatı əldə etdikdən sonra növbəti dəfə məhkəmədə həmin quruma qarşı istədiyi iddianı qaldıra bilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button