“YAP-ı çətin gündən S.Novruzovlar deyil, Əlirzayevlər, Sabiroğlular qurtarıb”

img1892972-300x225“YAP-ı çətin gündən S.Novruzovlar deyil, Əlirzayevlər, Sabiroğlular qurtarıb” – “Eldar Sabiroğlu dövlətçiliyə hər zaman sadiq qalıb”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun YAP Səbail rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayev və digər partiya funksioneri Eldar Sabiroğluna yönəlik ittihamlarına qarşı tərəf sərt reaksiya verib.

Belə ki, S. Novruzovun “Ə. Əlirzayevi biz dəstəklədik, amma xalq seçmədi” iddiasını Ə.Əlirzayev cavabsız qoymayıb. Sabiq millət vəkili söyləyib ki, onlar YAP-da ciddi işlərlə məşğul olanda S. Novruzov çay daşımaqla məşğul olub.

Bundan başqa,  E. Sabiroğlu da S. Novruzovun keçmiş parlamentarilərə qarşı başlatdığı “qara piar” kampaniyasını ciddi tənqid edib. Sabiq millət vəkili Azpolitika.info-ya bildirib ki, S. Novruzovun yüksək vəzifələrə çəkilməsində onun böyük rolu olub:

“Özümə bağışlamadığım bir hadisədən danışmaq istəyirəm. Əhliman Tağıyev Prezident Aparatına işə getmişdi. Partiyanın təşkilat şöbəsinin müdiri vəzifəsi yeri boş qalmışdı. Günlərin birində hörmətli Əli Nağıyev yetişdirdiyi Siyavuş Novruzovun təşkilat şöbəsinə müdirliyinə namizədliyini irəli sürməyi məndən xahiş etdi. Əlbəttə, razılaşmasaydım da, bunu başqasının vasitəsilə edəcəkdi. Ancaq mən onun tapşırığı əsasında ürəklə Siyavuş Novruzovun namizədliyini iclasda irəli sürdüm. Əli müəllim sağ-salamatdır, Allah ömür versin, soruşa bilərsiniz. İndi Siyavuş Novruzov üçün haqqı danmağın heç bir əhəmiyyəti yoxdur. Ona çatdırmaq istəyirəm ki, bəyənmədiyi Eldar Sabiroğlu Əli Nağıyevlə birlikdə respublikanın o rayonu qalmayıb ki, partiya işilə məşqul olmasın. O isə o zaman belindən dizinəcən sallanmış zəncirdəki topa açarlarla qərargahda o başa, bu başa gedib gələrdi. Özümə çox böyük şərəf bilirəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən partiyanın müəyyənləşdiriliş ideoloji istiqamətinin təbliğində az xidmətlərim olmayıb. Partiyanın Bakıda keçirilən ikinci konfransının sənədlərini səhərədək hazırlayarkən, Siyavuş kefdə-damaqda idi! Ulu Öndərin həmin konfransla bağlı dediyi xoş sözlərin az da olsa mənə də aidiyyatı var idi. Siyavuş Novruzov, yadındadırmı Qəzənfərin zirzəmisi?!!”

Eldar Sabiroğlunun iddialarını dəyərləndirən Əli ƏLİRZAYEV AİM.Az-a deyib ki, E. Sabiroğlunun YAP üçün çox böyük xidmətləri olub:

“Onu şəxsən tanıyıram. 1993-95-ci illərdə ölkə iqtisadiyyatının zəif olduğu bir dönəmdə “Səs” qəzeti yaxşı çıxmadığına görə, baş redaktoru başqa adam olsa da,  Əli Nağıyev qəzeti çıxartmağı Eldar Sabiroğluna tapşırmışdı. Mən bunun şahidiyəm. Ona heç kim maddi yardım göstərmirdi. Çünki onda YAP-ın maliyyə durumu ağır idi. Yəni ölkədə pul yox idi. Buna rəğmən E. Sabiroğlu “Səs” qəzetini min bir əziyyətlə nəşr etdirirdi. E. Sabiroğlu lap qabaqlardan YAP-a qoşulan, təşkilata xidmətlər göstərən və onun yaradıcılarından olan bir adamdı. E. Sabiroğlu YAP-da böyük işlər görəndə S. Novruzov yox idi. Ola bilsin ki, haradasa olub. Amma öndə deyildi. Söhbət öndan gedir ki, E. Sabiroğlunun YAP-da, həqiqətən, böyük xidmətləri olub. Etiraf edim ki, E. Sabiroğlu YAP-ın siyahısında məndən qabaq idi. Mən 20-ci, o isə 19-cu adam idi. Bu baxımdan hesab edirəm ki, S. Novruzovun mənə və E. Sabiroğluya qarşı bu mövqedə dayanması doğru deyil”.

Həmsöhbətimiz S. Novruzova çox maraqlı sual verib:

“S. Novruzov deyir ki, sosial baza məni dəstəkləmir. Belə olan halda sual yaranır. Necə oldu ki, ulu öndər Heydər Əliyevin dönəmində Ə.Əlirzayevə xalq səs verdi, indi səs vermir? İndi də həmin adamam da. Mövqeyimi dəyişməmişəm ki. Gərək insan öz yerini və çəkisini bilsin. Yoxsa elə hər adama qara yaxıb, vəzifədə qalmaq və öz yerini bərkitmək düzgün yanaşma deyil. Hər kəs öz yolu ilə getməlidir. Biz də deputat olub xalqa, dövlətə və millətə xidmət etmişik. Bu o demək deyil ki, indi mandatımız yoxdu deyə, bizə hörmətsizlik olunmalıdır. E. Sabiroğlu da böyük işlər görüb. YAP-ın elə vaxtları var idi ki, bir manat belə imkanı yox idi. Həmin vaxtlar biz çox əziyyətlər çəkdik. Bu səbəbdən düşünürəm ki, E. Sabiroğlunun xidmətlərini danmaq olmaz. Onun xidmətləri gözümün qabağındadır”.

Müsahibimizin sözlərinə görə, E.Sabiroğlu dövlətçilik məsələlərinə hər zaman sadiq qalıb:

“İndi də sadiqdir. O, Heydər Əliyevi istəyən adamdı. H. Əliyevi istəyən adam ola bilməz ki, bu dövlətə qarşı çıxsın. H.Əliyevlə üzbəüz dayanan adamdı Eldar Sabiroğlu. Əlbəttə, ümummilli liderin yanında olmaq böyük xoşbəxtlikdir. Fəxr edirəm ki, biz Heydər Əliyevlə oturub, durmuşaq. Yüksək postda oturduqlarına baxmayaraq indikilər ulu öndərlə oturub, söhbət etməyiblər axı. Bu reallıqlar fonunda E. Sabiroğluya qarşı qarayaxmaları qəbul etmirəm. S. Novruzov gedib öz işləri ilə məşğul olsun. Seçkiyə hazırlaşsınlar. Xalq kimi istəyir onu da seçsin. Qarayaxma ilə məşğul olmaq yaxşı hal deyil. O qədər problemlərimiz var ki. Hazırda ölkəmizə xaricdən təsirlər var. Bununla ciddi maraqlanmaq lazımdır. Yaxşı kadrlara ehtiyac duyulur. Vaxtı belə işlərə sərf etmək lazımdır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, onun və E. Sabiroğlunun fəaliyyəti göz önündədir:

“Heç kəsdən gizli işlərimiz olmayıb. Ona görə də E. Sabiroğlunu dəstəkləyirəm. S. Novruzov kimilərinin özünü YAP fədaisi kimi göstərməsini qəbul etmirəm. Guya bunlar YAP-ı bizdən daha çox istəyirlər. Lakin elə deyil. Təşkilatı çətin gündən S. Novruzovlar deyil, məhz Əlirzayevlər və Sabiroğlular qurtarıb. İndi bunlar hazıra yiyələniblər və bizə qarşı da “qara piar” kampaniyası aparırlar. Guya onlar bizdən daha çox YAP-çıdırlar. Bu, düzgün yanaşma deyil”. (aim.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button