Yararsız polkovnik-MÖVQE

Amansız və gərgin döyüşlər nəticəsində strateji əhəmiyyətli yüksəkliyi aldıqdan sonra biz könüllüləri əvəzləyib nisbətən arxaya – kazarmaya gətirdilər. Burada biz yuyunmalı, üst-başımızı səliqəyə salmalı, dincəlib yenidən döyüşə getməli idik. Aclıq və yuxusuzluq özünü göstərirdi. Yerləşdiyimiz kazarma vaxtilə kənd məktəbi olmuşdu. Biz kazarmaya çatıb yenicə yerbəyer olmuşduq ki, “düzlən” komandası verildi. Hamımız bir nəfər kimi həyətdə sıraya düzüldük. Batalyon komandiri daha öncə görmədiyimiz bir gənc zabiti bizə təqdim edərək: “Bu gündən sizin komandiriniz baş leytenant İbrahimov olacaq. Sizdən onun əmrlərinə tabe olmağı tələb edirəm”- deyərək sözü gənc leytenanta verdi. O, uzun-uzadı nitq söyləməyə başladı: “Hamı mənim əmrlərimi yerinə yetirməlidir. Yeməkxanaya gedəndə sıraya düzülüb mahnı oxuya-oxuya getmək lazımdır. Əmrə tabe olmayanlarla “müharibə qanunları”na əsasən rəftar edəcəyəm”- deyib , ardınca müharibəyə, döyüşə aid olmayan sözlərlə onsuz da yorulan beynimizi bir az da yordu. Elə bu an uzaqdan güclü partlayış səsi eşidildi. Bu, cəbhə bölgəsində adi bir şey idi. Hətta balaca uşaqlar da bu cür partlayışlara öyrəncəli idilər. Əsgərlərimiz düşmən tərəfini raket atəşinə tutmuşdular.

Bir neçə dəqiqə keçməmiş bizim kazarmada da “güclü partlayış” oldu. Üfunət iyi kazarmanı bürüdü. Bəli, düz tapdınız komandirimiz şalvarını… o söz… Bizi gülmək tutdu. Komandir həm qorxusundan, həm də utandığından nə edəcəyini bilmirdi. Əsgərlər onu çay qırağına aparıb özünü təmizləməyə kömək edib, paltarını dəyişdilər. Artıq bəlli idi ki, ondan bizə komandir çıxmazdı. Bir neçə gündən sonra atası gəlib həmin baş leytenantı “hərbiyə yararsız” adı ilə ordudan tərxis edib anasının yanına apardı. Deyilənə görə atası vəzifəli şəxs idi.

Aradan illər ötsə də, bu hadisə yaddaşımızda acı bir xatirə kimi iz qoymuşdu. “Komandir”i o hadisədən sonra görməmişdim. Bir neçə il öncə şəhərin mərkəzində “Əsgər ölümlərinə son!” aksiyası zamanı etiraz edən gənclərə qarşı polis xüsusi qəddarlığı ilə seçilirdi. Bir az aralıda sağa-sola əmrlər yağdıran polis rəisi təsadüfən diqqətimi cəlb etdi. O, “biz bunların yaşında olanda Qarabağda ermənilərə qarşı vuruşub vətəni qoruyurduq. Bunların etdiklərinə bax bir. Hərəsi bir şortik geyinib dövlətin işlərinə qarışır” deyirdi. Sanki bu qəzəbli simanı daha öncə haradasa, necəsə görmüşdüm. Polkovnik rütbəli bu şəxs mənə olduqca tanış gəlirdi.

Və birdən barmağımı dişlədim. Bizim “hərbi xidmətə yararsız komandir”imiz İbrahimov sən demə polkovnik olubmuş.

Əbil Həsənov

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button