Yaşıl burulğan

Rafiq Tağı

 “Birdən bu dünyada olmaram: ona uğurlar…”

 Burda hər söz Salama dairdir

 “Salam, salam”, – onunla söhbətə həmişə belə başlayıram. Bu sözün bəlkə də bura dəxli yox idi, ancaq yenə demək istədim. Gərək elə hər sözün nəyəsə dəxli ola? Ona qalsa, yaradıcı olmayanların ümumən həyata dəxli yoxdur, biz heç dinmirik…

Yaşca Salamdan böyük mən, sənətdə onunla yaşıd kimiyəm. Ürəyimcə olandır o. Müqəddəslərə yox, açığı, müqəddəslərdən çox, mənim etiqadım bu cür “havalı” insanlaradır. Məncə, bəşəriyyət də mövcudluğunda məhz elə onlara borcludur. Müqəddəslər əksərən yaradıcı olmur və “müqəddəslik”lərinin kökündə də məkr, yalan və fırıldaq durur.

Qardaşlar, müqəddəslik olmayan və olmayası şeylərin təsdiqidir.Yaradıcı adam müqəddəsliyi heç istəməz də; bu haləyə bürünməyə onun vaxtı-həvəsi yox.

Bəli, müqəddəslər yaradıcı deyil.

Müqədddəslik hardasa bəşər həyatı üçün lüzumsuz olmaqla, qorxuncdur da.

Dairə qapanmasın, burda dolayı dediyim hər söz Salama dairdir…

Salam Sarvan ədəbiyyata yaşıl burulğan kimi gəldi və elə burulğan kimi də bir ömür boyunca getmədə.

Yer üzündə hər burulğanın öz şöhrəti var. Mən şöhrətsiz burulğan görmədim.

Doxsanlarda ilk beş-üç cümləsini oxuyan kimi ondan bərk yapışdım. Təkcə Salam deyil ki – hamı bilir, talant görəndə uçunur, az qala uçuram. Bu məndə instinktivdir. Talantda xilasedicilik var. Həm də bir ümiddir bu – “Azərbaycan yaxşı olacaq”.

Salam poeziyasını son iyirmi ilimizin qaranlıqlarında fənər kimi tutub gəzmişik. İctimai problemlərlə işi olmayan bu poeziya daim əbədiyyəti çözüb. Bizim yozumumuzda Salam poeziyasının fəlsəfəsi bu. Əbədiyyət də çözüldüsə, çağımızın dərd-səri, məşəqqətləri öz-özünə silinib gedəcək, həyat xoşluqla relsə düşəcək.

Bugün əbədiyyətin tərkibindədir.

Bugünün tərkibində əbədiyyət var.

Ancaq artıq əbədiyyət uzun deyil – dünya dağılanacan sürəcək. “Bu dünya”nın məhvi ən yeni esxatoloji kəşflərdəndir. Ən çox da bunu dəlilər duyur. Bəlli olur ki, əbədiyyət mütləq deyil, nisbidir, onun qurtaracağı ehtimalı güclüdür. Keşkə, bu güman düz çıxmaya.

Zaman Salamı həmişə sındırmağa çalışıb: sonuncu cəhd “kitablarından zövq ala bilmədiyi” “Dünya Ədəbiyyatı Kitabxanası”dır. Söz gəlib, aydırmalıyam, Salam kimi parlaq şairin bu qara əməyə gedən vaxtına heyfim gəlir. İnsafdan deyil bu. Fəhləliyə hörmətimiz var, lakin Salamın timsalında yox. “Ev ustası” mənim ən çox sevdiyim sənətlərdəndir. Lakin Salam ev ustası ola, bunu da istəmərəm. Fikrimi nə təhər deyim: onun yeganə əməyi dünyada tək olan poeziyasıdır. İmkanın ola, ona, sən işləmə, poeziya içrə ol, maddiyyat bizlikdir, deyəsən. Salamın “tarixi hadisə” adlandırdığı, mənim də vacib saydığım, bu “Dünya Əd. Kit.” işini başqa namuslu bir insan böyük uğurla görə biləcəkdi.

Biz Salamı sevə-sevə işə düzəltməklə məhvə uğradırıq.

…İlham atlarına palçıq tapdalatmaz, kərpic daşıtmazlar.

Salam poeziyasının məhvinə gətirib çıxaracaqsa, Rafiq Tağı 150 cildlik “Kitabxana”nı Azərbaycanın uğuru saymayacaq.

Yeganə təsəlli nədir: onsuz da gec-tez o, dünya ədəbiyyatını oxumalı idi, qoy icbari oxusun. Əvvəllər dünya ədəbiyyatından xəbərsiz yazardı, indən belə, onun öz üslubunda desək, “xəbərli” yazar. Qoy bir nəfəs dərsin, görün, ortaya nələr çıxarır.

Daim “günəşli”, qırmızı-narıncı Azərbaycanda əlimizi qaşımız üstə qoyub, getdikcə ucalan yaşıl burulğanın yolunu gözləyək…

Salam Sarvanda gələcək keçmişdən önəmli görsənir.

Onda keçmiş tükənmiş kimidir.

Birdən bu dünyada olmaram: ona uğurlar…

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button