Yaşlı insanlar fırıldaqçılıq dalğasının qurbanına çevrilirlər: 200 min dollardan çox vəsait ələ keçirilib

Yayımlandı: 23 İyun 2024 12:05

Emin Məmmədli

Sabiq polis rəisi: “Telefon qovşaqlarında məxfilik yaxşı qorunmur”

Azərbaycanda yeni fırıldaqçılıq növü yayılıb. Naməlum şəxslər yaşlı insanların ev telefonlarına zəng vuraraq, onların oğlu və ya qızının avtomobil qəzasına düşdüyünü, vəziyyətinin ağır olduğunu və təcili əməliyyat üçün pul lazım olduğunu bildirirlər. Daha sonra yaşlı insana kart nömrəsinə pul köçürmək və ya evə göndəriləcək kuryerə pulu vermək təklif edilir.

İctimai fəallardan bir neçə də sosial şəbəkədə eyni problemlə üzləşdiyini yazıb.

Daxili İşlər Nazirliyi iyunun 15-də bununla bağlı məlumat yayaraq 14 kuryerin saxlanıldığını bildirib.

Məlumatda qeyd olunub ki, fırıldaqçılar əvvəlcədən “Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər. Nəticədə ümumilikdə on vətəndaşa 240 min 900 ABŞ dolları və 55 min 100 manat maddi ziyan vurulub.

DİN zənglərin 8-13 iyun arasında olduğunu qeyd etsə də, bu tarixdən sonra da evlərə zənglər vurulması barədə məlumatlar var.

Arada vasitəçilik edən kuryerlərin saxlanıldığı bildirilsə də, ortaya bir neçə cavabı axtarılası suallar çıxır.

Foto: DİN

Məlumatların analizi onu deməyə əsas verir ki, fırıldaqçılar təsadüfi nömrələrə zəng vurmurlar. Onlar həmin nömrədə yaşlı insanın olduğunu bilirlər. Bundan əlavə, fırıldaqçılar həmçinin həmin insanın övladının məhz qız və ya oğlan olduğu barədə də məlumatlıdırlar. Yəni qızı olmayan yaşlı insana “sənin qızın qəzaya düşüb” demirlər.

İlk yaranan sual nömrələrin hardan əldə edilməsidir. Digər sual fırıldaqçıların ailə üzvləri barədə məlumatların haradab əldə etməsidir. Bu məlumatlar hansı təşkilatdan oğurlana və ya ötürülə bilərdi? İnsanlar bu cür formada məlumat sızdırılmasından sonra özlərini necə təhlükəsizlikdə hiss edə bilərlər?

“Kuryerlərin saxlanılması problem həll etməyəcək”

Məsələni Meydan TV üçün şərh edən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev deyib ki, bu məsələdə şəhər telefon şəbəkələri cavabdehdir. O hesab edir ki, şəhər telefon qovşaqlarında məxfilik o qədər də qorunmur.

Sabiq polis rəisi deyib ki, fərdi məlumatların əldə edilməsi elə bir çətin iş deyil:

“Hamısı texnologiyanın yenilənməsinin nəticəsidir – ad və soyadını öyrənib müxtəlif vasitələrlə axtarışa verib tapırlar. Hakerlər necə işləyir, pulları banklardan necə götürürlər, yaxud başqasının pensiyasını necə oğurlayırlar, yenə gəlib texnologiyanın inkişafına dayanırıq. Bir balaca əlində “ip ucu” olan kimi bütün məlumatları götürürlər”.

Mahmud Hacıyev. Foto: arxiv

Onun sözlərinə görə, ayrı-ayrı kuryerlərin saxlanılması ilə problem həll edilməyəcək. Ekspert hesab edir ki, bu fırıldaqçılığın qarşısını almaq üçün birinci şərt insanların ayıq-sayıq olmalarıdır.

“Hüquq-mühafizə orqanların keçirdiyi profilaktiki tədbirlərlə bu cür cinayətlərin qarşısını almaq qeyri-mümkündür. Azaltmaq olar, yəni dələduzlar həbs olunur, azalır, amma yeniləri də əmələ gəlir”, – o deyib.

“Ayıq-sayıq olmaq bizim konstitusion vəzifəmizə çevrilir”

Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev isə Meydan TV-yə deyib ki, ev telefonlarının nömrələrinin əldə olunması üçün müxtəlif vasitələrdən istifadı edilir:

“Məsələn, qonşudan, Mənzil İstismar Sahələrindən, hətta banklardan da ala bilirlər. Yəni telefon nömrələrini əldə etmək çox çətin deyil. İnsanlar çox sadəlövhdürlər, fırıldaqçılar da onlardan yaxşı istifadə edirlər. Artıq texnologiyanın inkişaf etdiyi dövrdə ayıq-sayıq olmaq bizim konstitusion vəzifəmizə çevrilir”.

Onun sözlərinə görə, qanunvericiliklə yasaqlanmayan bir sıra məsələlər var ki, fırıldaqçılar bundan sui-istifadə edirlər.

“20-30 il əvvəl Azərbaycanın cinayət qanunvericiliyində insan alveri, adam oğurluğu, yaxud kiber cinayətlər barədə heç nə yox idi. Son illər çox qəribə cinayətlərə meylli qruplar yaranır. Mən bunları həssas qruplar sayıram, onlar cəmiyyət üçün çox təhlükəlidirlər. Belə insanları və ya qrupları bloklamaq çox çətindir. Bu mənada yalnız insanların ayıq-sayıqlığına ümid qalır”, – Ş.Əliyev deyib.

Foto: Şəmsəddin Əliyevin şəxsi arxivindən

İctimai Birliyin sədri də hesab edir ki, kuryerlərin saxlanılması ilə problem həll olunmur. O vurğulayıb ki, fırıldaqçıların fəaliyyəti üçün geniş meydan var və bu prosesi tənzimləyən normativ baza yoxdur:

“Sadəcə, hadisə başında yaxalanır və ifşa olunur. Ona görə sərt tədbirlər də görülsə, qarşısı alınmayacaq, bir qrupu qapayacaqsan, başqası çıxacaq”.

Ekspertin sözlərinə görə, ilkin şərt vətəndaşların aldanmaqdan uzaqlaşmalarıdır və bunun üçün maarifləndirmə işi gücləndirilməlidir.

“Düzdür, DİN son vaxtlar intensiv şəkildə informasiya vasitəsilə maarifləndirmə işi görür, amma medianın da üzərinə iş düşür”, – o deyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button