Yaxın Şərqdə neft tədarükü ilə bağlı narahatlıqlar azalır
Yayımlandı: 21 Avqust 2024 13:01
Israilin atəşkəslə bağlı təklifi qəbul etməsi neft tədarükçülərini ümidləndirib
İsrailin Qəzzada atəşkəs razılaşmasına mane olan fikir ayrılıqlarını həll etmək təklifini qəbul etməsindən sonra Yaxın Şərqdə neft tədarükü ilə bağlı narahatlıqlar azalıb. Neft qiymətləri avqustun 20-də təxminən 1 faiz azalaraq iki həftənin ən aşağı səviyyəsinə düşüb.
“Brent” markalı neftin oktyabr fyuçersləri 46 sent və ya 0,6% ucuzlaşaraq 77,20 dollar/barelə bərabər olub.
ABŞ-ın Qərbi Texas nefti (WTI) sentyabr ayı çatdırılması üçün 33 sent və ya 0,4% ucuzlaşaraq, ayın son günündə 74,04 dollara qərarlaşıb. Oktyabr ayı üçün daha aktiv şəkildə satılan və tezliklə ön plana çıxacaq WTI fyuçersləri təxminən 49 sent itirərək 73,17 dollar/barel təşkil edib.
ABŞ dövlət katibi Antoni Blinken Misirə səfər edib və Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmaya doğru irəliləyişə təkan verib. Böyük fikir ayrılıqları hələ də bu həftə danışıqlarda həll edilməlidir.
“Mizuho”nun enerji fyuçersləri üzrə direktoru Bob Yavqer (Yawger) qeyd edib ki, “Cümə axşamı danışıqlara başlamazdan əvvəl xam neftin qiymətində yəqin ki, təxminən 4-8 dollar geosiyasi fərq yaranıb”.
Mühasirədə olan Fələstin anklavında qalan 100-dən çox əsiri geri qaytarmaq üçün danışıqlar davam edərkən, İsrail Qəzza zolağından altı girovun cəsədini çıxarıb.
“Davam edən atəşkəs danışıqlarına baxmayaraq, İsrail və HƏMAS arasında toqquşmalar davam edir və bazarlar regionda baş verən hər hansı inkişafa qarşı yüksək həssaslıqda qalacaq”, – “Rystad Energy”-nin baş analitiki Svetlana Tretyakova bildirib.
“Əgər bazarın əsasları bu aşağı tendensiyanı tezliklə pozmasa, OPEC+ könüllü ixtisarlarını aradan qaldırmaqda tərəddüd edə bilər”.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya kimi müttəfiqləri olan OPEC+ bildirib ki, qlobal neft tələbi artımı yaxın aylarda sürətlənməlidir, əks halda, bazar oktyabrdan etibarən qrupun planlaşdırılan tədarük artımını udmaqda çətinlik çəkəcək.