“Yaxın zamanlarda elektrik və nəqliyyatın da qiyməti qalxacaq”
İqtisadçı Qubad İbadoğlu belə təhlil edir
“Yazırdıq inanmırdınız, əhali qrupu üçün təbii qazın qiyməti qaldırıldı. Yaxın zamanlarda, elektrik enerjisi, ictimai nəqliyyatda gediş haqqları da artırılacaq.”
Bu haqda tanınmış iqtisadçı, Rutgers Universitetinin professoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu öz fb səhifəsində yazıb:
“Azərbaycan Respublikası Tarif Şurasının sədri Mikayıl Cabbarovun imzası ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Şuraya müraciəti əsasında əhali qrupu üçün qazın qiyməti bahalaşdırılıb, hətta ən yüksək tarif sənaye və kənd təsərrüfatı müəssisələrindən də 5 qəpik baha təyin edilib.
Əhali qrup üzrə stehlakçılar üçün təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Bu artımdan ən çox təsirlənən əhali qrupu indiyə qədər 2200 kub metrə qədər qaz və 1200 kub metrdən çox qaz istehlakı olan əhali qrupu olacaq. Onlar bundan 1200 kub metrdən 2200 kub metrə görə qazın hər kubuna əvvəlki kimi 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Qazın qiymət artımı elektrik enerjisinin də bahalaşmasına gətirib çıxaracaq. Çünki hazırda elektrik stansiyalarının 85 faizi qazla işləyir, onlar üçün əvvəlki qiymət 1 qəpik bahalaşıb.
Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılmışdır. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilmişdir.
Təbii qaz əsasında fəaliyyət göstərən “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilmişdir.
Bununla yanaşı, sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilmişdir.
Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılmışdır.
Qərar sabahdan, iyulun 1-dən qüvvəyə minir.
P.S. Rövnəq Abdullayev Azərbaycan xalqına sonuncu “xidməti”ni də göstərdi, bundan sonra onu rahatlıqla istirahətə yola salacaqlar. Eyni ssenarini “Azərsu”da tətbiq etdilər”.
xural.com