Yazarlar Aqşinlə Qan Turalını topa tutdular

«Qan Turalının dili gödəkdi deyə, barışıq istəyir»

 «Barışıq nitqləri səsləndirmək yaltaqlıqdır»

 Bir müddət əvvəl gənc yazarlardan Aqşin Yenisey, Qan Turalı, Sevinc Pərvanə «Xural» qəzetinə açıqlama verərək, yaşlı nəsil yazıçılarla barışmaq istədiklərini bildirmişdilər.

Gənc yazarların bu fikirləri narazılıqla qarşılanıb. Bir qrup insan bunu satılmaq kimi anlayır. Biz də bu məsələ ilə bağlı yazıçıların fikirlərini öyrəndik.

 Bu fikirlər biabırçılıqdır

Rafiq Tağı gənclərin doğru düşünmədiklərini bildirdi. «Əslində, biz heç vaxt Anar müəllimlə, Elçin bəylə şəxsi müstəvidə düşmən olmamışıq. Ona görə də gənclərin bu istəklərini başa düşə bilmirəm. Məsələn, bir dəfə Seymur Baycan demişdi ki, «mən Anarın ürəyinin partlayıb ölməsini istəyirəm». Onda mən Seymura etiraz etmişdim. Çünki bu şəxsi mübarizə deyil, bizim davamız ədəbiyyat davasıdır. Buna görə, fikirləşirəm ki, gənclər bu mübarizəni səhv başa düşüblər. Biz ədəbiyyat davasını davam etməliyik. Dialektikadan heç cür imtina etmək olmaz. İdeya savaşı isə həmişə olmalıdır. Bu, birbaşa cəmiyyətin xeyrinədir. Ona görə də davamızdan əl çəkə bilmərik.

Qaldı ki şəxsi münasibətlərə, istər Anar müəllimə, istərsə də Elçinə bir yazıçı kimi hörmətim var. Amma bu, o demək deyil ki, biz yeniləşmək üçün apardığımız mübarizəni dayandıraq. Bu cür fikirlər biabırçılıqdı, metadoloji səhvdir.”

 Anarla Elçin mənim sinfi düşmənimdir

 Seymur Baycan Anarı, Elçini, Kamal Abdullanı özünə sinfi düşmən hesab etdiyini və gənc yazar olaraq barışığa heç cür getməyəcəyini qeyd etdi. «Düzü, bu cür fikirlər mənə qəribə gəlir. Kim barışmaq istəyirsə, buyurub barışsın. Ancaq mənim heç kimlə barışmaq fikrim yoxdur. Ömrümdə bircə dəfə tədbirlərin birində Anarla üz-üzə gəlmişəm. Təsadüf elə gətirdi ki, biz bir masa arxasında oturmalı olduq. Orada başladılar hər kəsi təqdim etməyə. Anar mənim adımı eşidəndə acığından durub çıxıb getdi. Anar belə bir adamdı, onunla necə barışmaq olar?! AYO-da hər kəsin öz düşüncəsi var. Kimsə barışmaq istəyə bilər. Ancaq mən bunu istəmirəm. Anarkimilər, elçinkimilər mənim sinfi düşmənimdi, mən onlarla necə barışa bilərəm?»

 Turalla Aqşin yaltaqlanırlar

 Murad Köhnəqala gənclərin barışıq ideyalarını yaltaqlıq kimi dəyərləndirdi. «Şəxsi müstəvidə bizim heç bir problemimiz olmayıb. Qaldı ki ədəbiyyat mübarizəsinə, heç vaxt barışa bilmərik. Biz yazdıqlarımıza görə fərqlənmişik. İndi necə gedib Fikrət Qoca ilə barışaq? Bizim ortaya qoyduğumuz ədəbiyyat xalq ədəbiyyatıdır, onların camaata verdikləri isə saray ədəbiyyatıdır. Belə barışıq nitqləri səsləndirməyi yaltaqlıq kimi düşünürəm. Saray yazarı ilə barışıq yalnız həmin sarayın həyətində zincirlənib, qarşına da yal qoymaqla mümkün ola bilər. Düzü, düşünmürəm ki, bu üç nəfərin fikri bütövlükdə AYO-nun fikri olsun. Düzdü, AYO-da həmişə fikir ayrılıqları olub. Bu yalnız yaradıcı fikir ayrılıqları deyil, həm də ümumi hədəfə gedən yolda fərqli düşüncələrdir. Buna görə də mən o qurumdan çıxmışam».

 Mən daha ciddi işlə məşğulam

 Həmid Herişçi bu məsələyə qarışmaq istəmədiyini bildirdi. «Bu, onların öz işidi. Mən qarışmıram. Mən daha ciddi məsələlər barəsində fikirləşirəm. Həmin gəncləri də təbrik etmək istəyirəm».

 Gənclərin ağıllanmasına sevinirəm

 Rəşad Məcid də gənc yazarların bu addımını dəstəklədiyini bildirdi. «Mən onların bu fikirlərini müsbət qarşılayıram. Anar müəllim də sonuncu qurultayda belə bir fikir səsləndirdi ki, onlar məni nə qədər təndiq etsələr də, yenə də qapımız onların üzünə açıqdı. İstedadlı gənclər istədikləri vaxt gələ bilərlər. Əgər gənclər də bu cür düşünürlərsə, mən onları dəstəkləyirəm. Gənclərin bu cür ağıllanmasına sevinirəm.”

 Qan Turalı «Kulis»ə gedəndə öhdəlik götürmüşdü

 Əli Əkbər situasiyalara fərqli yanaşmağın tərəfdarıdır. «Buna yalnızca təəssüf etmək olar. Düzü, Aqşinə bir o qədər də aid etmək olmaz bu təəssüfü. Çünki nəticədə bu adam da bir yerdə işləməlidir. Slavyan Universitetindəki işində mən bir problem görmürəm. Yalnız Kamal Abdullanın tərif edilməsində xüsusi canfəşanlıq edir, məncə, onun ən böyük səhvi budur. Əslində, Aqşinin barışmaq təklifi AYO-nun iclasında müzakirə edildi. Ancaq onun istəyi birmənalı olaraq rədd edildi. Qan Turalıda isə məsələ tam fərqlidir. Onlar heç cür müqayisə edilməz. Əvvəlcə onu deyim ki, Yenisey Aqşin Qan Turalı kimi heç kimi sərt tənqid etmirdi. Bu adamın bioqrafiyası təmizdi və onun utanılacaq bir hərəkəti olmayıb. Turalın isə qılıncının sağı da, solu da kəsirdi. «Əli Kərimli qüsursuzdu» demiş adamdı. «Azadlıq» qəzetində söymədiyi, tənqid etmədiyi adam qalmamışdı. Bundan başqa, AYO içərisində pula ən az ehtiyacı olan adam da Tural idi.  O, niyə bunu etdi, bilmirəm. Mənə ən təəccüblü gələn məsələ odur ki, Tural «kulis.az»a gedəndə öhdəlik götürmüşdü, digər gənc AYO-çuları da sayta cəlb edəcəyinə söz vermişdi. Vüsalə xanımın Qan Turalıdan istəklərinin arasında Elnur Astanbəyli və Seymur Baycanın sayta cəlb edilməsi də var idi. İndinin özündə də «Kulis»də Seymur Baycan ovu gedir. İnanılmaz, fantastik böyük pullar var arada və min bir oyunla Seymuru Vüsalə Mahirqızı dəstəsinə qatmaq üçün çalışırlar. Bütün bunlardan sonra nəyin barışığından söhbət gedir?

Zatən qarşı tərəf də barışığa getməz. Çünki sən artıq bütün körpüləri yandırmısan. Düşünürəm ki, Turalın barışıq istəməsi iş yeri ilə bağlıdır. Onun işlədiyi yerdə dili gödəkdi deyə, əvvəlki kimi sərt yazılar yaza bilmir deyə, barışıq ideyasını ortaya atıb. Kim gəlib deyirsə ki, «mən barışığa gəlmişəm», deməli, o, adam alçalır.»

 «Atalar-oğullar» inkişafın nüvəsidir

 Elmir Mirzoyev Azərbaycanda yaşlı nəsillə gənc nəsil arasında olan müharibənin süni şəkildə qabardıldığını düşünür. «Fikirləşirəm ki, bizdə atalar və oğullar məsələsi heç vaxt ciddi şəkildə olmayıb. Azərbaycanda ata oğulun tayıdır, oğul da atanın. Dünyada inkişafa təkan verən proses «bu atalar oğullar» davasıdır. Oğul deyirdi ki, atamın elədiyini mən bəyənmirəm və buna görə də yeni bir şey yaradıram. Nəticədə də inkişaf olurdu. Məsələn, romantik üslubda yazanlar klassik üslubda yazanları bəyənmirlər. Onlar dünyanı fərqli cür görürlər. Yeni nəsil yeni üslub yaradır. Bizdə isə «atalar-oğullar» problemi yoxdur. Bu problem olaraq yaranmadıqca, cəmiyyətdə heç cür inkişaf olmur.”

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button