Yeganə Mirzəməmmədovanı niyə həbs ediblər?

Prezident şəhərə çıxanda yolunun üzərindəki vətəndaşları həbs etdirməyin səbəbləri nələrdir?

Hazırda dərc olunmayan «Əqidə» qəzetinin baş redaktoru Yeganə Mirzəməmmədova dekabrın 29-da azyaşlı bacısı oğlunu şəhərə gəzintiyə çıxararkən mülki geyimdə olan iki nəfər tərəfindən təzyiqlə üzləşib. Bülbül küçəsində yerləşən yol keçidindən çıxarkən mülki geyimli, 35-40 yaşlarında bir nəfər yaxınlaşaraq, mülayimcəsinə «sizin prezidentə veriləcək məktubunuz var» sualına cavab olaraq, Yeganə Mirzəməmmədova «prezidentə heç bir məktub verməyəcə»yini deyib. Bunun əvəzində həmin naməlum şəxs, «bəyəm sizin problemləriniz yoxdur?» deyib. Jurnalist «niyə yoxdur, hər tərəfimiz problem deyilmi? Bronxial-astma xəstəsi olan bacım 25 ildir ailəsi, uşağı ilə yataqxanada yaşayır…» və s. kimi sözlər işlədib. Bundan sonra mülki geyimli şəxs, «gedin, sizin problemlərinizi bu adam həll edəcək» deyərək, onlara yaxınlaşan adama işarə verib. Üz-gözündən kobudluq yağan ikinci mülki geyimli şəxs jurnalistin çiynindən tutaraq, azyaşlı qohumu ilə bərabər yaxınlıqda dayanan 90 AC 774 nömrəli polis maşınına tərəf gətirib. Heç bir açıqlama vermədən onu maşına oturmağa məcbur edib. Maşında əyləşəndən sonra Yeganə Mirzəməmmədovaya polis əməkdaşları bildiriblər ki, onu maşına əyləşdirən şəxsin adı Üzeyirdir. Hələ maşında olarkən prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımova zəng vuran jurnalist başına gətirilən «oyun» haqda ona xəbər verilməsini aparatın əməkdaşlarından xahiş edib. Lakin bunun da bir xeyri olmadıqda «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə əlaqə saxlayaraq bu haqda ona məlumat verib. Baş redaktor da öz növbəsində DİN-nin mətbuat xidmətinə hadisə haqda məlumat verib. Yeganə Mirzəməmmədova və onun qohumunu polislər Bakı şəhər Baş Polis İdarəsinə gətirsələr də, idarədən onları qəbul edən olmayıb. Məcbur qalan polis əməkdaşları həbs olunmalarının səbəbi bilinməyən «günahkarlar»ı Nəsimi rayon 22-ci Polis İdarəsinə aparıb. İdarədə təxminən saat 15-dən 19-a qədər saxlanıldıqdan – prezidentin məlum tədbiri başa çatandan sonra Yeganə Mirzəməmmədovadan izahat alınaraq azadlığa buraxılıb.

Xatırladaq ki, Yeganə Mirzəməmmədova hər zaman Heydər Əliyevin siyasi kursunu dəstəkləyib və hətta bir vaxtlar prezident İlham Əliyevin oğlu Heydərin doğulması şərəfinə yazdığı «İki Heydər yaşayır!» adlı şeirinin müəllifidir. Həmin şeir «Tale ulduzu» kitabında nəşr olunub.

Son günlər Yeganə xanım prezident İlham Əliyevin komandasını ağır tənqid edən şeirlərin müəllifidir və qəzetimizin son sayında onun «Məmurlarına ayıb, ar olsun, ay prezident!» başlıqlı şeiri dərc olunub və bu şeir xural.com saytının ötən həftə ən çox oxunan yazılarının sırasına daxil olmuşdu. Ehtimal olunur ki, Yeganə Mirzəməmmədovanın həbsi də bu şeirlə bağlıdır.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button