Yenə muğam?

Elmir Mirzoyev

Yaltaqlıq muğamın üzvi halıdır…

 Dostumuz Rafiq Tağı “Xural”a müsahibəsində yenə muğam haqda danışıb, bir-iki dostun da ismini çəkməklə hamını yaxşıca tənqid edib. Kifayət qədər də kəskin danışıb ağsaqqal yazar. Demək, “bəzi anlamazlar” milli musiqimizə qara yaxır,  “kimlərinsə” “evini eybəcər ədəbiyyatlar yıxdı“, və ümumiyyətlə “ədəbiyyatla tərbiyələnmiş nəsil tərbiyəsiz olar”.  

Yuxarıdakı ifadələri və sonuncu oksümoronu şərh etmədən deyim: doğrusu, düşünmürdüm ki, bu mövzuya yenidən qayıtmaq gərək olacaq. Sarsıdıcı krizis keçirən və başlıcası müharibədə məğlub bir cəmiyyətin daxilində, xüsusən gənclərin bütün sferalarda dərin təftiş aparması haqqı nəinki normaldır, əksinə, bunun çox vacib olan zərurətini hamı anlayıbmış kimi görünürdü mənə artıq. Əslində dostumuzun kökündən yanlış anladığı məsələnin mahiyyəti əsla hər hansı bir musiqi deyil, aqrar və primitivliyin hakim dairələr tərəfindən kultivasiyasının əleyhinə olmağımızdır. Yaxşı, əgər anlamayıbsa, o zaman muğam haqda bir də başdan başlayaq.

Şübhəsiz ki, hər hansı bir mədəni hadisəni və yaxud sənət nümunəsini analiz edərkən, bütün bunlar baş verən tarixi-ictimai proseslər kontekstində bütöv bir tam kimi götürülməlidir. Burada dərin musiqişünas təhlilinə getmədən, qeyd edə bilərik ki, muğamın qədim dövrlərdən yaxın Şərq ərazisində (həmçinin raqanın Hindistanda) metafizik, meditativ ayinlə bağlı sənət növü olaraq tətbiqi funksiyası vardı. Bu musiqini ifa edənlər konkret olaraq dini-metafizik ayinə xidmət edənlər, ona müxalif olanlar və bu çevrənin insanları – yəni istər-istəməz, bu və ya digər dərəcədə dərin bilgiləri özlərində ehtiva edən kahinlər və onların ətrafı idi.

Muğam dünyəvi musiqiyə çevrilənədək çox böyük bir yol keçdi. Ən nəhayətdə bir neçə yüz il bundan əvvəl saray musiqisinə çevrilərək mutasiyaya uğrayır. Onun ifa edildiyi alətlər də, məsələn tar – öz akustik və ifa parametrlərinə görə – sırf saray alətidir. Lakin istənilən halda muğamı ifa edən musiqiçi tətbiqi funksiyasını itirə bilməzdi. Metafizik ayin əhəmiyyətini itirərək profanistik-dünyəvi janra çevrilən muğamın ifaçıları da təbii ki, artıq tam başqa bir mentallığın daşıyıcısına çevilirlər. Onlar da janr ilə tamamilə dəyişilərək mutasiyaya uğrayır, bu janrın yetişib təkmilləşərək kamil forma aldığı metafizik bilgilərdən uzaqlaşırlar. Muğam bu zamanlardan hansısa kosmik, qeyri-dünyəvi, metafizik ideyalara xidmət etmir (bəlkə hansısa qapalı sufi sektaları istisna olmaqla), Azərbaycan variantında onun ifaçıları bu sənətin sırf mexanistik təkrarçılarına çevrilir. Öz təsir qüvvəsinin yalnız dekorativ tərəfini saxlayan muğam, tədricən saraylarda mədhiyyə sənəti mahiyyətini alır. Qısaca olaraq muğamın dünyəvi janra çevrilişi tarixçəsi bununla bitir.

Azərbaycana gəldikdə isə bu janrın hansı degenerativ formada saray musiqisi olduğu heç kimdə şübhə doğurmur. Bu janrın ifaçıları da (zatən bütün cəmiyyətimiz kimi) müvafiq mutasiyaya uğramışlar. Hazırda muğam yalnız suvenir xarakterli incəsənətdir – onun müasir həyatla heç bir əlaqəsi, refleksiyası yoxdur və ola bilməz. Müvafiq olaraq muğamın yeri muzeydədir – əlbəttə sözün hərfi yox, funksional mənasında.

Birdəfəlik anlamaq və qəbul etmək gərəkdir ki, muğam orta əsrlərin feodal mahiyyətli kifayət qədər primitiv saray musiqisidir. Yaltaqlıq isə onun üzvi halıdır. Azərbaycan muğamı isə ümumiyyətlə primitiv şəkildə ifa olunan, Şərq musiqisi ənənəsindən tamamilə uzaqlaşaraq deqradasiya etmiş əyalətçilərin musiqisidir. Və hazırda bu musiqi artıq heç də incəsənət növü deyil, hakimiyyətin təbliğat instrumentariyasının bir, lakin əhəmiyyətli detalıdır. Rejimin xalqçılığa, xalqa, ibtidailiyə, feodal dəyərlərinə, hakimiyyətin sakrallığına apellyasıyası üçün çox dəyərli və hədsiz ucuz bir vasitədir. Lütfən anlayın, ola bilməz ki, əxlaqı yaltaqlıq, intellekti boiloji varlıq səviyyəsində olan bir insan ağzını açıb və ya tarı əlinə alıb da “Apollon” olsun, müstəsna ruhi dərinliyi və intellektual mükəmməlliyi ilə fərqlənən bir sənət yaratsın, mümkün deyil bu. Əslində cəmiyyətdəki mövcud şərtlərdə həqiqətən intellektual və əxlaqlı insanın muğamçı olması əsla mümkün deyil.

Ümumiyyətlə, ölkəmizin demək olar ki, bütün sahələrindəki “sənətkarlarının” onilliklərdir açıq-aşkar ikrahdoğurucu yaltaqlığa qurşanması cəmiyyətdə dərin mədəni krizis yaratmış və düşünən insanların, xüsusən gənclərin “milli incəsənətdən”, “millilikdən” üz döndərməsinə gətirib çıxarmışdır. Burada heç kimin inciməsinə səbəb görmürəm, gənclər cəmiyyətin refleksiyasıdır və onlar, muğam başda olmaqla, “rəsmi” AzTV incəsənətimizdə gedən proseslərə reflektor olaraq adekvat cavab verirlər. Bunlar istənilən formanı ala bilər – etiraz əlaməti olaraq rədd etməkdən nümayişkaranə ikrahadək.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button