Yeni kampaniya başladı: “Siyasi məhbusları müalicə et!”

Köşə kimi status
Əvəz Zeynallı yazır:
Siyasi məhbuslar haqqında yeni kampaniya başlayıb. Kampaniya “Siyasi məhbusları müalicə et!” adlanır. Kampaniya son günlər müxtəlif təcridxana və cəzaçəkmə müəssisələrində saxlanılan və xəstəliklərdən əziyyət çəkən, amma müalicə olunmayan siyasi məhbusların hüquqlarını müdafiə xarakteri daşıyır. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu iddialara cavab verməli və iddiaların ortadan qaldırılması üçün məhbusları müdafiə işini yenidən qurmalıdır. Kampaniya haqqında Əvəz Zeynallı özünün facebook səhifəsində status paylaşıb. Xural.com statusu olduğu kimi yayınlayır:
DİQQƏT KAMPANİYA – “SİYASİ MƏHBUSLARI MÜALİCƏ ET!”
Qiyasa prezident seçkilərindən sonra təzyiqlər güclənib. Qiyas seçkilərdə iştirak etməyib və ona verilən seçki kartını geri qaytarmayıb. Qiyasa anası Şura xalanın apardığı kitablar qəbul edilməyib və bürokratik əngəllərlə qarşılaşıb Ana. Səhhətində də problemlər var.
İlkin Rüstəmzadənin, Bayram Məmmədovun səhhətlərində çoxdan problem var – bu haqda zaman-zaman yazılıb. Atlas Huseynovanın həyəcanlı açıqlamaları gözlərimizin önündən getmir.
Efqan Sadıqovun vəziyyəti çox acınacaqlıdır. Yoldaşı Sevinc Sadıqova adəta, fəryad edir, haray çəkir, Penitensiar Xidmətdən çıt yox. Əfqana mənşəyi məlum olmayan iynələr vururlar. Ayaqları şişib. Nə “zon”da müalicə etmirlər, nə də xəstəxanaya gətirmirlər. Bir müddət əvvəl gətirdilər, amma dərhal da geri qaytardılar. Xəstəxanaya pullu dustaqları gətirirlər. Siyasi və pulsuzlar ölsə də olar. Ayrıca, Əfqan artıq evə gəlməlidir, amma ona yeni məhkəmə təyin ediblər. Yenidən cəzamı verəcəklər?!
Efqan Muxtarlinın işini apar-topar tezləşdirdilər və hökmü qüvvədə saxladılar. Əfqanın səhhətində ciddi problemlər var və bu haqda həyat yoldaşı Leyla Mustafayeva həyəcan təbili çalır, amma kiminsə umurunda deyil. Penitensiar Xidmətin qulaqları bağlı. Bir jurnalistə, Qarabağ qazisinə, vətənpərvərə bu qədər zülüm nədən?!
Gozel Bayramlinin səhhətində ciddi problemlər var. Daimi və ciddi müalicəyə ehtiyacı var. Müalicə nədir, onun da işini tez-tələsik qüvvəyə mindirdilər və hökmünü qüvvədə saxladılar. Bir qadına gücmü göstərir hakimiyyət?! Xəstəliyi iləmi oynayır?! Mərdlik anlayışına sığırmı bu?!
Nardaran məhbuslarından Əbülfəz Bünyatov adlı bir xəstə məhkuma tətbiq olunan repressiyanın dünya tarixində misli-bərabəri yoxdur. Adamın belini sındırıblar. Əbülfəz bəyin özünün dediyi kimi, 20 fazi bədəni işləyir, 80 faizi yoxdur. Bacılarını evinə buraxmırlar. Onun yataq yaralarını əmisi oğlanları sarıyırdı, indi əmisi oğlanlarını Əbülfəz bəyin evinə yaxın buraxmırlar. Heç kimi buraxmırlar. Adamı rəsmən ölümə tərk ediblər. “Dərdi olanların ən kiçiyiyəm mən. Mən ölməyə razıyam, təki Anam öz qızlarını görə bilsin” deyir Əbülfəz bəy. Eyyy əlində Tanrı səlahiyyətləri olan hakimiyyət mənsubları, Sizin hakim olduğunuz ölkədə bu işlərə nə ehtiyacınız var?! Bu boyda qüdrəti bir əlil – bədəninin 80 faizi işləməyən bir xəstənin üzərində sınaqdan çıxarmaq kişilikdirmi Sizin anlayışınızda?!
Ömürlük məhbuslardan Elçin Əmiraslanov bir müddətdir ölüm aclığı keçirir. Ruhulla Axundzadə müalicə ala bilmir. Şamil Əbdüləliyevin bədənində 2 güllə yarası – özü də xəstə.
Son zamanlar yeni nəsil jurnalistikasının öndə gedənlərindən Polad Aslanovu evindən rəsmən oğurlayaraq Naxçıvana əsgərliyə aparıblar. Polad hərbi xidmətə yararsızdır həm də. Vətənə xidməti cəzaya bərabər tutanlar, budurmu Sizin dövlətçilik fəlsəfəniz?!
Ölkəni idarə edənlər, həbs etdikləriniz adamların səhhətlərinə diqqət etmək sizin borcunuzdur. İnsanların ən dəyərli azadlıqlarını əllərindən alırsınız, onların sağ-salamat ailələrinə qovuşması, bunun üçün sağlam və ləyaqətli şəraitdə cəza çəkmələrini təmin etməlisiniz. Unutmayın, heç nə, amma heç nə unudulmur. Bu gün bu məhbusların başlarına gələnlər, bir zamanlar sizin özünüzün və yaxınlarınızın başına gələ bilər. Görmürsünüzmü: Hər şey gözlərinizin qarşısında deyilmi? İbrət dərsi götürmək üçün daha nələr baş verməlidir?!
Siyasi məhbusları azad edin, amma azad edənə qədər onları müalicə edin!
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button