Yeni soyuq müharibə gözləntisi və Azərbaycan

Şahvələd Çobanoğlu

 “Ərəb baharı” dünyanı necə silkələdisə, indi tarixin gedişinə bu olayların gözündən baxmaq qaydası yaranıb. Heç yanlış da deyil. Dünya doğrudan da yeni mərhələyə qədəm qoyub. Hətta məsələ o qədər ciddidir ki, adətən axına qarşı gedənlər – bəzi sol rejimlər, İran, Koreya, Çin kimi tərslər də dünyada əsən yeni azadlıq küləklərinə köklü etiraz sərgiləyə bilmirlər. Hamı susub, hamı bu küləyin qarşısında təntimiş kimi görünür. Dünənəcən xalqları qarışqa kimi əzən nəhəng diktatorların milyonların qarşısında dovşan kimi qaçdığını gördükdən sonra hamı bir az aciz kimi görünür. Üstəlik, yeni dalğanın Azadlıq kimi güclü dəyəri var, odur ki, heç kim onun qarşısına asanlıqla çıxa bilmir. Söz də tapmaq çətindir…

Amma deyəsən, Rusiya – Putin rejimi tarixə kələk gəlməyə qalxıb. Çünki Putin prezidentlik  kürsüsünə yeni dünya layihəsi ilə qayıtmağa qərar verib. Bu layihənin adı Avrasiya Birliyidir. İlk baxışdan bu, cənab Putinin öz xalqına yeni seçkiqabağı hiyləsi kimi görünürdü. Çünki xalq son vaxtlar onun  Ümumi Daxili Məhsulun artımı, milli inkişaf kimi vədlərindən yorulmuşdu. Amma bu dəfə verilən vəd başqadır: o, Rusiyaya yeni xoşbəxtlik ünvanı göstərib – nüvəsi Rusiya-Belarus-Qazaxıstan Vahid İqtisadi Məkanı olan, indiki MDB üzərində qurulacaq Avrasiya Birliyi. Putin bu barədə özünün məqaləsində yazır ki, yeni birlik postsovet məkanının bütün dövlətləri üçün tarixi hadisəyə çevriləcək. O, yeni birliyi Avropa Birliyi ilə müqayisə edir. Açıq görünür ki, onu Avropa Birliyinə alternativ kimi düşünür.

Getdikcə bəlli olur ki, bu layihə təkcə daxili hədəflərə yönəlməyib, Putin doğrudan da yeni imperiya iştahasına düşüb. Rusiya mətbuatını və dünya mediasını izlədikdə, onun yeni layihəyə ciddi girişdiyi bəlli olur. Onun tərəfdarlarının ağzından artıq SSRİ-ni əvəz edən qurumun, yeni soyuq müharibənin havası gəlir. Ruslar “Ərəb baharı”nın gətirdiyi tarixə yeni hava qatmaq istəyirlər. Belə çıxır ki, yeni tarix onlara çox təhlükəli görünür və onu dəyişmək istəyirlər. Hər halda, niyyətlərin ciddiliyi və gerçəkliyi Rusiyadakı seçkilərdən sonra daha yaxşı aydınlaşacaq…

Bəs bu, mümkündürmü? Rusiya yeni dünya cızmağa çalışmaqla tarixin gedişinə əngəllər törədə bilərmi? Yeni soyuq müharibə yaranarmı və bu “Ərəb baharı”nı qışa qərq edə bilərmi?

Cəhd ola bilər. Amma Rusiyanın və onun təsiri altına alacaq dövlətlərin bu gücü yoxdur. Onların iqtisadiyyatı, texnoloji potensialı ilə bağlı zəiflikləri bir yana qalsın, bu ölkələrin yeni çağa uyğun idarəçiliyi, demokratiyaları, mütərəqqi dəyərləri yoxdur. İndi despotizm yalnız daxili qüvvələrə nisbətdə güc sayıla bilər. Onun bu dünyada güc olması dövrü arxada qalır. Despotizm yalnız öz xalqlarını əzə bilir, çöldə isə o acizdir. Məhz bu amil Avrasiya Birliyini ölü doğulmağa məhkum edir. Bu birlik ora daxil olacaq ölkələrin xalqlarının da istəmədiyi və sevmədiyi bir şey olacaq. Xüsusən də, internet dövründə bu cəhdlərin uğuru heç görünmür…

Amma bu cəhdlər müəyyən mərhələdə yaxın ölkələr üçün ciddi qərarlar vermək, seçimlər etmək deməkdir. Yeni situasiya yaranarsa, Azərbaycan necə seçim edəcək? Bu zaman doğru qərarlar verə biləcəkmi? Ölkəmiz Putinin əlində oyuncağa çevrilib, yeni oyunların topuna çevrilməyəcək ki?

Dünya mediasında Putinin gəlişi İlham Əliyevə sevinc gətirməyən bir hal kimi şərh edilir və tam əsaslıdır. Onun yeni birliyi isə bütünlüklə Azərbaycana yeni baş ağrıları gətirən bir layihədir. Rusiya Azərbaycanı bu işdən kənarda görmək istəməz. Odur ki, Azərbaycan ciddi mövqe sərgiləməli olacaq. Amma ölkəmizin əsl problemi odur ki, onun xalqdan dayağı olan hakimiyyəti yoxdur. Belə hakimiyyəti olduqda ölkə özünə sərf edən qərarlar qəbul edə bilir, seçimlərində kifayət qədər sərbəst olur, geopolitik güclərin qarşısında öz maraqlarını qoruya bilir. Bizim isə öz xalqımızı əzən, çöldə isə aciz olan bir hakimiyyətimiz var. Putin öz niyyətlərində ciddiləşərsə, Azərbaycan daha narahat bir dövrə qədəm qoyacaq. Həmin mərhələdə Azərbaycan cəmiyyəti ayıq olmalı, hakimiyyətin səhv addımlarını görməlidir. İradəsi tapdanan xalqların işi hər məsələdə çətinliyə dirənir…

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button