Yeni Suraxanının bələdiyyə sədri həbs olundu

Yayımlandı: 21 Fevral 2024 16:35

O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb

Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyev həbs edilib. O, külli miqdarda rüşvət almaqda ittiham olunur.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bələdiyyə sədri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. İddia olunur ki, Fikrət Quliyev Yeni Suraxanıda torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və başqa işlər üçün müxtəlif adamlardan rüşvət alıb.
Bələdiyyə sədrinə qarşı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Binəqədi Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Fikrət Quliyevin ittihama münasibəti məlum deyil.

Fikrət Quliyev 2019-cu ilin dekabrında bələdiyyə üzvlüyünə namizədliyini verib. O,  əvvəlcə bələdiyyə üzvü, 2020-ci ilin yanvarından isə sədr olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button