Yeni türkmən prezidenti öz “Ruhnamə”sini yazıb

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun tezliklə “türkmənlərə yol göstərən” kitabı çap olunacaq.
Yeni kitabın Berdıməhəmmədovdan əvvəlki prezident Saparmurad Niyazovun eyni məramlı “Ruhnamə” kitabını əvəzləyəcəyi bildirilir.
”Azadlıq” Radiosunun türkmən xidməti adının çəkilməsini istəməyən yerli ziyalılara istinadla xəbər verir ki, yeni kitab ya “Türkmənnamə”, ya da “Adamnamə” adlanacaq.
Bu adlardan birinin seçilməsini türkmən yazıçısı Tacgeldi Qutliyev də bu ilin mayında – dövlətin nəzarətində olan “Türkmən dili” qəzetində çap etdiyi məqaləsində təklif etmişdi.
Türkmən ruhu haqda yeni kitabın yazılması təklifi də elə Qutliyevdən gəlmişdi.
O, bunu yeni prezidentin hakimiyyət dövrünün “Türkmənistan tarixində yeni era” olması ilə əsaslandırmışdı.
Rəsmi ideologiya Berdıməhəmmədovun prezidentlik dövrünü “Böyük İntibah erası” kimi təqdim edir. Bundan əvvəlki prezident Niyazovun hakimiyyət dövrü isə “Qızıl era” adlandırılır.

Bu arada Berdıməhəmmədov hökumətə tapşırıb ki, ölkədə “Ruhnamə”nin 10 illiyi qeyd edilsin.
“Ruhnamə” 2001-ci il sentyabrın 12-də çap edilmişdi.
Berdıməhəmmədov hakimiyyətə gələndən sonra türkmənbaşı Niyazovun şəxsiyyətinə pərəstişlə bağlı təbliğat zəifləyib.
Niyazovun Aşqabadın mərkəzindəki heykəli götürülüb.
“Ruhnamə”nin dövlət televiziyasındakı təbliği azalıb.
Doğrudur, “Ruhnamə” hələ də orta məktəblərdə məcburi fənn kimi tədris edilir, amma əvvəlkindən fərqli olaraq universitetlərə icazə verilib ki, kitabın tədrisini məcburi fənlər siyahısından çıxarsınlar.
İxtisasca diş həkimi olan Berdıməhəmmədov 2006-cı ildə hakimiyyətə gələnəcən heç bir kitab yazmayıb.
2008-ci ildə onun türkmən atları haqda kitabı çap edilib.
Dövlət mediası bu yaxınlarda xəbər yayıb ki, prezident “Axaltəkə atları – bizim qürur və şöhrətimiz” adlı həmin kitabın davamını yazmağa başlayıb.

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button