Yeniyetmənin ölümündə ekspertiza rəyi: Yad cisim tənəffüs yoluna sillə nəticəsində düşməyib

Yayımlandı: 21 Fevral 2024 13:32

Prokurorluq araşdırma apardığını deyir

Sosial şəbəkələrdə Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında müalicə alan yeniyetməyə qarşı zorakılıq barədə məlumatlar yayılıb. İddia olunur ki, xəstəxanada 17 yaşlı yeniyetmə yemək yeyərkən nəzarətçi arxadan başına yumruq vurub. Nəticədə ət parçası yeniyetmənin nəfəs borusuna düşüb və boğularaq ölüb.

Ötən il dekabrın 27-də baş vermiş bu hadisə ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırma gedir.

Baş Prokurorluq. Foto: Meydan TV

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, yeniyetmənin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.

“Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur”, – Baş Prokurorluğun məlumatında belə deyilir.

Hazırda prokurorluqda araşdırmalar davam edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button