Yens Stoltenberq: “Putinin Ukraynada öz məqsədlərinə çatmaması bizim marağımıza uyğundur”

Yayımlandı: 4 Avqust 2022 18:05

“NATO ölkələri daha vahid hərəkət edərək, İsveç və Finlandiya kimi yeni üzvləri qəbul etməyə hazırlaşır”

Rusiya Ukrayna üzərində qələbə qazanacağı təqdirdə, digər qonşu ölkələrə də hücum edə bilər.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Norveç Fəhlə Partiyasının Utoya adasında təşkil etdiyi yay düşərgəsinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, Kiyevin dəstəyi Alyansın mənəvi məsuliyyətinin bir hissəsidir.

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynada öz məqsədlərinə çatmaması bizim maraqlarımıza uyğundur. Rusiya liderinin hərbi gücün köməyi ilə istədiyinə nail ola biləcəyinə inandığı dünya bizim üçün daha təhlükəlidir”, – deyə hərbi-siyasi blokun baş katibi bildirib.

Ukraynadakı vəziyyətə gəlincə, Y.Stoltenberq Rusiya ordusunun irəliləyişini dayandırdığını, Ukraynanın bir sıra əraziləri geri aldığını qeyd edib:
“Bütün bunlar NATO-nun şərq cinahında artan varlığı fonunda baş verir”.

Baş katib daha sonra bildirib ki, alyansın əsas vəzifələrindən biri Ukraynadakı münaqişənin NATO və Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı ambisiyalarında uğur qazanmaması alyansın maraqlarına uyğundur.

Stoltenberq bildirib ki, Rusiyanın Ukraynaya hücumundan sonra NATO ölkələri daha vahid hərəkət edərək, İsveç və Finlandiya kimi yeni üzvləri qəbul etməyə hazırlaşır.

“ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolların ratifikasiyasına dair qətnaməni sonunculardan biri kimi qəbul etdi. Beləliklə, iki Skandinaviya ölkəsinin Alyansda iştirakını təsdiqləyən NATO-ya üzv ölkələrin sayı 23-ə çatıb. Bir çox başqa ölkələr də buna yaxındır. Bu, NATO-nun müasir tarixində ən sürətli üzvlük prosesidir”, – deyə blokun rəhbəri əlavə edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button