Yerevanda etirazçılar parlamentin qarşısında çadırlar qurublar

İyunun 9-da Ermənistanda hökumət əleyhinə genişmiqyaslı mitinqin keçirildiyi paytaxt Yerevanda “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları parlament binası qarşısında çadırlar quraraq gecəni orada keçiriblər.

İyunun 10-na keçən gecə hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş iştirakçıları parlament binasını mühasirəyə alıblar. Etirazçılar və giriş-çıxışları bağlayan polislər arasında lokal toqquşmalar olub.

Daha sonra aksiya iştirakçılarının bir hissəsi hökumət daçaları kompleksinə gedib, burada onları da polislər qarşılayıb. Səhər saatlarında hər iki etirazçı qrup parlament binası qarşısında birləşib. Orada çadırlar qurulub.

Hərəkatın başçısı, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları hakimiyyətə “öz iradələrini qəbul etdirmək üçün” iyunun 10-da itaətsizlik aksiyasına başlamağa çağırıb: “Dörd gün, 96 saat fasiləsiz, istirahət etmədən, işə getmədən küçədə qalsaq və iradəmizi ortaya qoysaq, məsələni həll edə bilərik”.

Onun sözlərinə görə, müxalifətçi deputatlar hökumətin istefası və yeni kabinetin formalaşdırılması tələbi ilə bağlı iyunun 11-də parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edirlər.

Ermənistanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə nümayişlər bir neçə həftə əvvəl, Yerevan və Bakı bu ölkənin Tavuş bölgəsində sərhədin müəyyən edilməsi ilə bağlı razılığa gəldikdən sonra başlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button