Yerli internet jurnalistikası – yaranış və problemlər!

Toğrul Qara

Bu il Azərbaycan mətbuatının 136-cı illiyini qeyd edirik. Mətbuatın problemlərindən hamı danışsa da, mətbuatın özünün daxili gücü hesabına inkişafına təkan verəcək amillərə hansımız dəstək oluruq? Hansımız sözü Oxuculara yox, birbaşa mətbuatla bu və ya dolayı yolla əlaqəsi olan şəxslərə veririk? Bir neçə ildir ki, ölkədə çap mətbuatı ilə elektron mətbuat arasında mübarizə getdiyi müzakirə olunur. Bu yerdə iki sual yaranır:

1) Çap mətbuatı mübarizə aparılacaq səviyyədə inkişaf edibmi?

2) Elektron mətbuat mübarizə aparacaq gücə malikdirmi?

İnternet jurnalistikası haqqında beynəlxalq və yerli praktikaya nəzəri yanaşmaları diqqətinizə çatdırmağa çalışacağam.

Azərbaycanda internet mediası haqqında söz düşərkən, ilk növbədə mərhum Anar Məmmədxanovun yaratdığı “day.az” xəbər saytının adı çəkilməlidir (Hazırda rəhbərlik dəyişib). Özünə qədər olan azsaylı internet saytlarının bir neçə ilə əldə edə bilmədiyi uğuru qısa bir müddətdə “day.az” saytı qazana bildi. “Day.az”-ın uğur qazanmasında onun sürətli xəbər yaymaq amili də dayanmırdı. 2000-ci illərdə internetdən informasiya alan (almaq imkanı olan) təbəqə rusdilli Oxucular olduğundan, rusdilli “day.az” populyar elektron informasiya yayıcısı statusunu əldə etdi.

Sonrakı mərhələdə (2005-ci ildən günümüzədək olan dövr) ölkədə informasiya yaymaq məqsədilə yeni saytlar yaradıldı və bu gün kifayət etməsə də, yerli tələbat qismən ödənilir.

Hazırda Azərbaycanda işi konkret olaraq xəbər yaymaq olan internet saytları var və maraqlıdır ki, dünya praktikası yerli anadilli saytlarda düzgün formada tətbiq olunmur. Oxucu auditoriyasını nəzərə alan saytlar xəbəri Oxucuya hesablayıb yaymağa üstünlük verirlər. Halbuki internet jurnalistikası özü arzuladığı Oxucunu formalaşdırmalıdır. Oxucu formalaşdırmaq qabiliyyəti olan internet saytı dünyanın digər ölkələrində olduğu kimi müstəqil xəbər istehsal etmək gücünə malik olmalıdır.

Yerli xəbər saytlarında informasiyanın necə verilməsindən çox, nə vaxt verilməsi davası açıq-aydın hiss olunmaqdadır. Guya Daxili İşlər Nazirliyinin rəsmi saytında yayılan hansısa kriminal xəbərləri (“Bakıda ev yandı”, “Qardaş bacısını doğradı”, “Ata qızını zorladı” və s.) kim birinci versə, onun operativliyi hiss olunacaq. Bu siyahıya digər dövlət qurumlarının yaydığı press-relizlər də daxildir.

İnformasiya yayımında gündəlik xəbər saytları olduqca yolverilməz səhvlərə yol verirlər. Tutaq ki, Bakı vaxtı ilə saat 12.15-i göstərir və ixtiyari Oxucu sayta daxil olanda həmin dəqiqələrdə saytda yeni informasiya görmür. Növbəti 15-20 dəqiqə ərzində Oxucu saytı yeniləyir (refresh) və sayta yeni informasiyanın daxil edilmədiyini görür. Azərbaycansayağı işləyən saytlarımızda fokus baş verir və yarım saatdan sonra xəbər saytındakı xəbərlərin düzülüş vaxtları belə görünür: 12.20, 12.24, 12.30 və s.

Sıravi Oxucu az qala internet problemi olduğunu düşünür. Lakin yuxarıda qeyd olunan bu hal gün ərzində xəbər saytlarında təkrar olunanda, Oxucu aldadıldığını başa düşür. Dünyanın inkişaf etmiş ölkələrinin xəbər saytlarını yox, Allahın Ermənistan və Gürcüstan saytlarında bu qeyri-ciddi yanaşmanı heç bir Oxucu görə bilməz. Xəbərin necə yox, nə vaxt verilməsi problemi bu yerdə özünü qabarıq göstərir. Bu cür – “bizim sayt filan xəbəri daha tez yaydı” yanaşması saytların Oxucuya informasiyanı hamıdan tez verməyə çalışmasından çox, bir-biri arasında qeyri-sağlam münasibətlər formalaşdırır. Digər tərəfdən, Oxucu dəfələrlə analoji halın şahidi olduqda gündəlik informasiya aldığı xəbər saytının ona yanaşmasının qeyri-səmimi olduğunun şahidi olur. Bu da Oxucuda həmin sayta olan etibarın və inamın itirilməsinə yol açır.

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button