Yerli yumurta niyə satışa buraxılmır?!

Prezident İlham Əliyevin məşhur «yumurtalı çıxış»ından sonra 23, bəzi yerlərdə 30 qəpiyə satılan yumurtanın qiyməti kəskin şəkildə düşərək 13 qəpiyə endi. Bəzi yerlərdə 11, bəzi yerlərdə 12 qəpiyə satılsa da, orta qiymət 13 qəpik olaraq müəyyənləşib və bu qiymət bəzi işbazların 15 qəpiyə satmaları xaric, demək olar ki, stabil şəkildə qorunub saxlanılır.
Amma problem elə düşünüldüyü qədər də sadə deyil və hələ də öz həllini tapmayıb. Belə ki, XuralTAC-ın bəzi iş adamlarından aldığı məlumatlara görə, yumurtanın qiymətində kəskin düşmə olsa da, bazarlara nədənsə yerli yumurtalar yox, əsasən, Türkiyədəm gətirilən yumurtalar çıxarılır. Adının çəkilməsini istəməyən iş adamı deyir: «Prezident çıxışında nə dedi? Demədimi, biz daxili bazarda yumurtanı öz gücümüzə həll edirik. Yəni kənardan ölkəyə yumurta gətirilmir. Dedi. O zaman nədən yerli yumurtalar ölkənin daxili bazarlarına buraxılmır, xaricdən gələn yumutlalar satışa çıxarılır?! Bu, onu göstərir ki, inhisarçılar prezidenti yenə aldadır və ona yalan söyləyirlər». İş adamı «yəqin ki, xaricdən gələn yumurtalar ucuz başa gəldiyi üçün hələlək belə yola verməyi qərara alıblar» dedi.

Vergjilər Nazirliyinin «yumurta» reydləri…

Maraqlıdır ki, Vergilər Nazirliyinin əməkdaşlarının son günlər keçirdikləri reydlər haqqında da XuralTAC-a məlumatlar daxil olub. Məlumatda deyilir ki, nazirliyin əməkdaşları xüsusilə yumurtanın qiymətinə nəzarət etmək üçün əməlli-başlı tər tökməli olurlar. Onlar haradasa sahibkarlara yumurtanın qiymətini qaldırmamağı xahiş edir, bir növ yalvarırlar. Vergilər Nazirliyinin əməkdaşları yumurtanın qiymətinin 11 qəpikdən yuxarı qalxmamasına çalışırlar. Ancaq sahibkarların dediklərindən belə çıxır ki, yumurtanı 11 qəpiyə satmaq heç cür mümkün deyil və bu cür satış onları çökdürə bilər. «11 qəpik yumurtanın topdansatış qiymətidir. 4 faiz də yumurtanın rəsmi dövlət vergisidir. Minimum gəlirlə yumurtanı 15 qəpikdən aşağı satmaq heç cür xeyir vermir» – bunu da iş adamı deyir və əlavə edir ki, prezidentin şifahi şəkildə verdiyi sərəncamı iqtisadiyyatın təbii qanunlarına ziddir.

Yumurtaya rüşvət yox!

Aldığımız başqa bir məlumatda isə deyilir ki, yumurtanın ölkəyə gətirilməsi üçün gömrükdə tələb olunan rüşvət ortadan qaldırılıb. Digər sahələrdə də rüşvətin ortadan qaldırıldığı söylənilsə də, bunun yalan olduğu gələn məlumatlardan aydın olurdu. Amma prezidentin üzərində xüsusi dayanmasından və bu qida predmetinə diqqət etməsindən sonra gömrük xidmətinin öz xoşuna yox, qorxusundan rüşvətdən müvəqqəti imtina etməsi xəbərləri var. Amma ilgincdir ki, hətta bu da yumurtanın qiymətinin kəskin aşağı düşməsini çətinləşdirir. Ölkə bütün gücünü yumurtanın qiymətini sabit saxlamağa yönəltsə də, alınmır ki, alınmır…
İndi baxaq görək, başda prezident, ayaqda vergilər nazirliyinin sahibkarlara yalvaran əməkdaşları olmaqla düşən yumurtanın qiymətini sabit saxlamaq mümkün olacaqmı? Olacaqsa, nə qədər mümkün olacaq?..

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button