Yol-patrul xidmətinə nəqliyyat vasitələrinin səbəbsiz saxlanılması qadağandır

05.02.2012

Dövlət Yol Polisinin fəaliyyəti daxili işlər nazirinin imzaladığı “Yol-Patrul Xidməti haqqında təlimat”a əsasən nizamlanır. Sənədə görə, Yol Patrul Xidməti (YPX) Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisinin (DYP) tərkib hissəsi olaraq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. Təlimata əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Patrul piyada xidməti 1500 metrdə, nəqliyyatı vasitələri ilə şəhər daxilində 2-8 km., respublika əhəmiyyətli avtomobil yollarında 30-35 km. məsafədə aparılır. Radarlar hərəkət sürəti yüksək, həmçinin az hərəkət intensivliyi olan avtomobil yollarında tətbiq olunur. Nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət surətinin həddini saatda 10 kilometrdən çox aşdıqda sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə müvafiq qeyd aparılır. İnspektorlar nəqliyyat vasitələrinin dayandırılmasını minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir. Vətəndaşların həyat və sağlamlığı üçün real təhlükə yaradan hallar istisna olmaqla, şəhər ictimai nəqliyyatını hərəkət marşrutunda saxlamaq qadağandır, şəhərkənarı yollarda onları 5-10 dəqiqədən artıq olmayan müddətə inzibati xəta haqqında protokol tərtib etmək üçün saxlamağa icazə verilir. Nəqliyyat vasitələrinin səbəbsiz saxlanılması qadağandır. Arzuolunmaz nəticələrin baş verməsinin qarşısının alınması üçün təxirəsalınmaz dayandırma zərurətinin olduğu hallar istisna olmaqla, nəqliyyat vasitəsinin yolun məhdud görüntülü hissələrində, döngədən əvvəl və ya sonra, bilavasitə yoxuşun sonundan əvvəl və ya sonra, yolayrıcının, piyada keçidlərinin qarşısında, dəmiryol keçidləri zonasında, tunellərdə, hərəkət istiqamətində 3-dən az hərəkət zolağı olan körpülərdə (yol ötürücülərində) və digər təhlükəli yerlərdə dayandırılması qadağandır. Ümumilikdə isə nəqliyyat vasitələrinin dayandırılması minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button