Yollara tökülən milyardlarla bağlı şok faktlar

Yollara tökülən milyardlar29.04.2015
Nəqliyyat Nazirliyinin sərəncamına verilmiş neft pullarının taleyi necə olub?
Azərbaycanda 10 ildir pul xərclənən yol layihələri var…

Neftin qiymətinin ucuzlaşması bu il hökuməti büdcəyə daha ehtiyyatlı yanaşmağa sövq edib. Məlumdur ki, bu il ehtiyat tədbiri kimi dövlətin 6,9 milyard manatlıq əsaslı vəsait qoyuluşundan 1,8 milyard manatının xərclənməsi ertələnib. Hətta bəzi layihələr üzrə xərclər ixtisara düşüb. Dövlət qurumlarından əldə etdiyimiz məlumata görə, ən böyük azalma nəqliyyat sektorundadır. Nəqliyyat Nazirliyinə ayrılan xərclər iki dəfə azaldılıb. Mənbə bildirir ki, 2015-ci ilin dövlətin investisiya xərclərindən Nəqliyyat Nazirliyinə 662,9 milyon manat vəsait ayrılmas pronozlaşdırılıb. Halbuki, ötən il bu istiqamətdə Nazirliyə düşən pay 1,2 milyard manat təşkil edirdi. Bu il də nəqliyyat sektoruna 1,3 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulsa da, sonradan onun böyük hissəsini ehtiyatda saxlamaq qərarı verilib.

Nəqliyyat Nazirliyi üçün ayılan investisiya layihələrinin strukturuna gəlincə, bir sıra iri xərclər aşağıdakı kimidir: 
– Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinə bu il 100 milyon manat ayrılması nəzərdə tutulub. Ötən il sözügedən layihənin xərcləri 270 milyon manat təşkil edib. Artıq iki ildə dəniz limanı dövlət büdcəsinə 370 milyon manata başa gələcək. Çox güman ki, bu istiqamətdə növbəti ildə də vəsait ayrılması baş verəcək.
– «Magistral Yol-II» layihəsində Azərbaycan tərəfinin payı cari ildə 3 milyon manat təşkil edəcək. Qeyd edək ki, bu layihə Dünya Bankı ilə birgə artıq 2007-ci ildən həyata keçirilir. 2007-2014-cü illərdə Azərbaycan tərəfi 424 milyon manat xərcləyib.
– «Ələt-Astara» İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda Azərbaycan tərəfinin payı 13 milyon manat olacaq. Ötən il isə bu xərc maddəsinə Azərbaycan tərəfi 20 milyon manat ayırmışdı.
– «Magisral Yol-III» layihəsində bu il Azərbaycan tərəfinin payının maliyyələşdirilməsinə  20 milyon manat nəzərdə tutulur.
– Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsində Azərbaycan tərəfinin payı 7 milyon manat,
– Hacıqabul-Kürdəmir iki zolaqlı yolun əlavə iki zolağın tikintisinə 7 milyon manat,
– Kürdəmir-Ucar-Yevlax yolunun yenidənqurulmasında isə bu il Azərbaycan tərəfinin payı 8 milyon manat olması nəzərdə tutulur. Ötən il həmin xərc maddəsinə dövlət büdcəsindən 40 milyon ayrıldığını nəzərə alsaq, son iki ildə layihənin dəyərinin büdcə üçün 48 milyon manata yüksələcəyini deyə bilərik.
– Artıq bir neçə ildir ki, büdcədən böyük pullar «udan» Qələbə meydanından («Gənclik» metrostansiyası) müxtəlif səviyyəli yolqovşağı layihəsidir. Həmin layihənin dəyəri artıq 438,8 milyon manata yüksəlib. Qeyd edək ki, bu il daha 26,8 milyon manat ayrılması proqnozlaşdırılır. (2010-2014-cü illərdə 412 milyon manat sərf edilib)
– Heydər Əliyev adına Beynəlxalq Aeroportu-Mərdəkan-Qala-Bilgəh-Pirallahı» avtomobil yolunun tikintisinə daha 8 milyon manat ayrıması nəzərdə tutulub.
– Heydər Əliyev prospektində «Şəfa» stadionun qarşısında yeraltı keçid qovşağının tikintisinə bu il 4,3 milyon manat ayrılması proqnozlaşdırılır. Ötən il isə sözügedən layihəyənin icrasına 40,8 milyon manat sərf edilib.
– «Ağ şəhər»ə gedən yolun yenidən qurulmasına 12 milyon manat ayrılacaq. 2013-2014-cü illərdə həmin yola 6 milyon manat xərclənmişdi.
– Qusar- Əmin- Ləzə avtomobil yolunun tikintisinə bu il 3 milyon manat ayrılması gözlənilir. Ötən il adıçəkilən şimal avtomobil yolunun tikintisinə 20 milyon manat xərclənib.
– Ən maraqlı layihələrdən biri Bakı-Sumqayıt avtomobil yolunun yenidən təmirə dayandırılmasıdır. 5-6 il əvvəl istismara verilən yolun bu il 6-11 km-nin hissəsində yenidən qurulmasına  (kommunikasiya xətlərinin və əhalinin köçürülməsi ilə birgə) yenidən 13 milyon manat vəsait ayrılması planlaşdırılır.
– Həsən Əliyev-Ziya Bünyadov küsəsinə paralel olaraq «Koroğlu» metrostansiyasına qədər yeni yolun layihələndiriməsi də diqqət çəkən investisiyalardan biridir. Ötən il 215 milyon manat xərclənən layihəyə bu il də əlavə olaraq 115,9 milyon manat ayrılacaq.
– 5 ildir ki, tikintisi bitməyən «Bilgəh-Novxanı-Sumqayıt avtomobil» yolunun tikintisinə bu il daha 62 milyon manat ayrılacaq. İndiyədək isə sözügedən yolun salınmasına 322 milyon manat xərcənib. Əlbəttə, həmin xərclərə əhalinin köçürülməsi də daxildir.
– Bakı şəhəri Ziya Bünyadov prospektinində yol infrastrukturunun  qurulmasına 51,1 milyon manat xərclənəcək. Ötən il isə bu layihə üçün 145,5 milyon manat istifadə edilib.
– Tikilib yenidən sökülən avtomobil yollarından biri olan Xocahəsən-Lökbatan avtomobil yolunun salınmasına ötən il 10 milyon, bu il 6,5 milyon manat ayrılması planlaşdırılır.
– Yeni dənizkənarı bülvar yolunun salınmasına isə 2015-ci  8,9 milyon manat xərclənəcək. Ötən il isə bu layihə büdcənin 25,4 milyon manatını «udub».
-Bakı-Ələt avtomlobil yolunun 4-6 km tikintisi, kommunikasiya xətlərinin  və digər manelərin köçürülməsinə 2015-ci ildə 14 milyon manat, 2014-cü ildə isə 35,4 milyon manat ayrılıb.
-«Ağsu-Kürdəmir-İmişli» avtomobil yolunun yenidən qurulmasına bu il 59,5 milyon manat yönəldilməsi gözlənilir.
– Dünya Bankı ilə birgə həyata keçirilən «Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi» layihəsi də sonu görünməyən investisiya xərclərindəndir. Artıq layihənin icrasının 8 ilinə keçir. Bu il büdcədən əlavə 13 milyon manat ayırımaqla, layihədə Azərbaycan tərəfinin payı 124 milyon manata yüksəlib.
-«Stend atıcılığı» idman kompleksi mərkəzinə gedən yolun tikintisi və Bakı Dairəvi Avtomobil Yoluna birləşdirilməsinə 9,5 milyon manat ayrılması nəzərdə tutulub.
– Mingəçevir şəhərinə giriş və bəzi avtomobil yollarının  yenidən qurulması isə cari ilin büdcəsinə 30 milyon manata başa gələcək.
– Bakı Dairəvi Avtomobil Yolunun təmirinə isə 10 milyon manat sərf edilməsi gözlənilir.
– Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115 km-də tikintisinə 30 milyon manat ayrılması planlaşdırılır. Bu yolun özü bütövlükdə dövlət büdcəsindən yüz milyonlarla manat vəsait «udub» və tikintisi 2005-ci ildən indiyədək davam edir.
– Qəbələ rayonunda idman komplekləri üçün tikiləcək avtomobil yolların 3 ədəd körpünün salınmasına ötən ilə 5 milyon manat, bu isə daha 3 milyon manat istifadə edilməsi hökumətin planları sırasındadır.
Ümumiyyətlə, layihələrin sırasını daha da uzatmaq olar. Biz sadəcə olaraq, ən böyük həcmli və illərdi ki, davam edən yol infrastrukturlarının xərclərini oxucularımıza təqdim etdik.
V.Rüstəmova

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button