Yolumuzdan dönməyək!

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 “Yeddi başlı əjdaha”, “doqquz canlı div”. Nağıllarımızın belə sujet xətti xof, qorxu üzərində qurulub. Sanki müəllif hansısa inzibati binanın önündən, lap elə şahın sarayının qarşısndan keçib evinə gələndən sonra yazıb bu nağılları. O qədər xof, qorxu içərisində olub ki, nağılına imza da qoymayıb. Xalqın malı edib. İş bərkə düşəndə xalqındır deyə bilsin. Ehtimal olunacaq sorulardan can qurtarmaq üçün anonim yazıb. Hətta nağılın alleqorik janrı belə adamın içindəki xofunu çıxarmayıb. Əjdaha deyəndə kimi nəzərdə tutmusan? Niyə bülbül yox, məhz əjdaha? Əjdahaya 7 baş qoyub xarici dizaynını pozmaqda məqsədin nədir? Nə üçün divin 9 canının olduğunu yazmısan? Terrormu hazırlayırsan? Hesab edirsən ki, divə qarşı 9 dəfə terror etmək olar? Allah, Allah. Ehtimal etdiyim hadisə zamanı verilə biləcək suallardan hətta özüm də həyəcanlandım. Yazıq nağılçı nə etsin? Üstəlik, adam bu nağılları yazanda yəqin ki, nə ABŞ olub, nə Avropa Şurası, nə ATƏT olub, nə də NATO. Elə isə nə etməli idi? Hətta o vaxt Heydər Əliyev də olmayıb ki, ölüm hökmünü götürəydi. Yox, yox, NATO, AŞ, ATƏT, lap elə ABŞ olmaya bilərdi, amma Heydər Əliyev tarixin hər zamanında olub. Mən belə ehtimal edirəm. Düzdür, bu məmləkətdə ehtimala görə də adamı cəzalandırırlar. Ancaq mənim ehtimalım hesab edirəm ki, xoşməramlıdır. Lap səfirlik postu kimi.

Məmləkət adamının Somali insanından yalnız bir fərqi var. Tanrı əlhəmdülillah, bu məmləkəti quraqlıq kimi əzablarla imtahana çəkməyib. Hələ ki, bir imtahanımız var – BU İQTİDAR. Məmurun vətəndaşa patoloji nifrəti, hakimin ədalətsizliyi, polisin xalqa zülmü, varlının kasıbdan iyrənməsi, körpəmizdən də, ölümüzdən də rüşvətin alınması, dərəbəylik, İlham Əliyev, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Əli Həsənov… saymaqla qurtarmayan kimlər və nələr. Hamısını Tanrının imtahanı kimi qəbul edirəm. Amma səbr etmirəm. Səbri Allahın adlarından biri hesab edirəm. Amma bu sitəmə səbr etmirəm. Çünki bunların uzaqdan-yaxından zatən Allahla heç bir əlaqələri yoxdur. Allahını sevən bəndəsinə bu qədər sitəm etməz. Mən aşiqəm, Hüseyn(ə) aşiqi. “And olsun Allaha yer üzündə mənə sığınacaq tapılmasa belə Yezidə beyət etməyəcəm”- deyən Hüseyn(ə) aşiqi.

Hər şeyə sahibləniblər. Dünya malından qədərsiz qədər varlarıdır. Olsun. Dövlət görəvi nəticəsində əldə etdikləri səlahiyyət hüdudsuzdur. Olsun. Ailələri, övladları qayğısızdır. Olsun. Yaşadıqları evlər cənnət bağları kimi insan ağlının təsəvvüründən də yüksəkdir. Olsun. Mindikləri maşınların dəyəri o qədər çox, komfortu o qədər yüksəkdir ki… Olsun. Nəinki özləri, hətta övladları haqda rəvayətlər, əfsanələr danışılır. Olsun. Kabinetləri, istirahət otaqları şahların sarayına bənzəyir. Olsun. Mənim azadlıqlarımı alıblar. Olmasın. Mütləq əksəriyyəti bir tikə çörəyə möhtac ediblər. Olmasın. Əbədi hakimiyyət sevdasındadırlar. Olmasın.

“Sağıma Günəşi, soluma Ayı qoysalar belə yolumdan dönməyəcəm” – söylədi Allahın Pəsulu(s.ə.s). Biz niyə dönməliyik? Bunlar lap 7 başlı əjdaha, 9 canlı div olsalar belə, xalqla hesablaşmaq zorunda qalacaqlar. Təki biz yolumuzdan dönməyək və nağıllarına inanmayaq.

Ya Allah!

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button