“YouTube” İran XİN-in hesabını silib

Yayımlandı: 30 May 2024 12:41

“Hesabın şərtlərimizi pozduğunu aşkarlayanda, tədbir görürük”

“YouTube” internet video platforması İranın Xarici İşlər Nazirliyi tərəfindən idarə olunan hesabı silib.

Bunu etdiyini təsdiqləyən platforma səbəb kimi ABŞ-nin İrana qarşı sanksiyalarını əsas gətirib.

“YouTube”-un sözçüsü Alzbeta Houzarova verdiyi açıqlamada bildirib ki, “Google” tətbiq olunan sanksiyalara və ticarət uyğunluğu qanunlarına əməl etməyə sadiqdir:

Xidmət şərtlərimizə uyğun olaraq müvafiq siyasət tətbiq edilib. Hər hansı hesabın şərtlərimizi pozduğunu aşkarlayanda, tədbir görürük”, – o deyib.

İranın rəsmi İRNA xəbər agentliyi bildirib ki, XİN İsrailin Qəzza zolağında ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı elan edilmiş HƏMAS-a qarşı müharibə fonunda fələstinlilərə dəstək üçün ingilis dilində video yayımlayıb. Hesab həmin videonun yayımlanmasından sonra silinib.

Dövlətin nəzarətində olan IRNA 2009-cu ildən İranda qadağan edilmiş “YouTube”-u “söz azadlığını pozmaqda” ittiham edib.

İRNA-nın Fələstin tərəfdarı videonun hesabın silinməsi ilə nəticələndiyinə dair iddiası ilə bağlı suala Houzarova bir daha ABŞ sanksiyalarının kanalın fəaliyyətini dayandırmasına səbəb olduğunu bildirib.

“Google”-un ana şirkəti “Alphabet”-ə məxsus olan “YouTube”-a görə, hesaba “xitam veriləcək”.

ABŞ-ın müəyyən edilmiş sanksiyalarına görə, İranın dövlət kanallarının “YouTube”-da yayımına icazə verilmir”, – platformada deyilir.

İran bütün əsas sosial media platformalarını bloklayıb və qadağadan yan keçmək üçün virtual özəl şəbəkələrdən (VPN) istifadəni qadağan edib. Bununla belə, hakimiyyətin özləri bloklanmış platformalardan istifadə etməkdə davam edir.

İran illərdir ictimaiyyəti populyar sosial media platformalarına yerli istehsal alternativlərindən istifadə etməyə təşviq etməyə çalışır, lakin bu işdə çox az uğur qazanıb. Yanvarda dövlətə bağlı ISPA sorğu agentliyinin keçirdiyi sorğunun nəticələri göstərib ki, “Instagram”, “WhatsApp” və “Telegram” iranlılar arasında ən populyar platformalardır.

“YouTube” daha əvvəl İranın digər dövlət hesablarını, o cümlədən ingilisdilli xəbər xidməti “Press TV” və ispandilli “Hispan TV”-nin hesabını dayandırmışdı.

Fevralda isə “Instagram” İranın ali dini lideri Ayətullah Əli Xameneinin ofisinin “Instagram” və “Facebook”-da hesablarını silib. Səbəb HƏMAS-a dəstək yazılarının dərc edilməsi olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button