Yoxlamaların dayandırılması barədə müəmmalı xəbər

Parlamentin noyabrda qəbul etdiyi qanunda məhdudlaşdırıcı müddəa yoxdur

Vergilər Nazirliyi tərəfindən biznes sektorunda yoxlamaları tamamilə dayandırılması barədə məlumat yayılıb. Trend-n hökumətdəki mənbəyə istinadən verdiyi məlumatda qeyd olunur ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. “Kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına kurasiya nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.

Xatırladaq ki, ötən ilin dekabrında Mikayıl Cabbarov vergilər naziri təyin edilib.
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur” – məlumatda qeyd edilir.

Bizimyol.info isə xatırladır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə aid edilməməsi ilə bağlı müddəa yoxdur.

Bu qanun 2015-ci ildə qəbul olunub. Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunurdu. 2017-ci ilin noyabr ayında isə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılması ilə bağlı müvafiq qanuna dəyişiklik edilib.

2017-ci ildə qanuna əlavə edilən yeni maddəyə qanunun tətbiq dairəsi isə belədir: “Nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır”.

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.
Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Qeyd edək ki, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılması qeyd edilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov da Bizimyol.info saytına deyib ki, bu istiqamətdə hər hansı dəyişikliyin edilməsi barədə rəsmi məlumat yoxdur. “Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edib. Bu dəyişikliyə görə, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb. Vergilər Nazirliyində yoxlamalarla bağlı hansısa dəyişiklik edilibsə, buna uyğunlaşdırma ola bilər” – deyə iqtisadçı deputat bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button