“Yüksək rütbəli məmur təcridxanaya gələrək Akif Qurbanovu hədələyib”

Yayımlandı: 4 İyun 2024 12:13

Akif Qurbanova ölkə başçısının adını çəkməməsi ilə bağlı xəbərdarlıq edildiyi bildirilir

İyunun 4-də III Respublika Platforması təşkilatın həbsdə olan spikeri Akif Qurbanova təzyiqlərlə bağlı bəyanat yayıb.

Bəyanatda Akif Qurbanovun ciddi təhdidlərə məruz qaldığı qeyd olunur:

Yüksək rütbəli dövlət məmuru Bakı İstintaq Təcridxanasına gələrək Akif Qurbanovu sərt dillə hədələyib. Ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etmək, o cümlədən çıxışlarında dövlət başçısının adını çəkməmək tələb olunub. Əks təqdirdə ona qarşı pis rəftarın tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacağı ilə təhdid edilib. Eyni zamanda, “Toplum TV” və Demokratik Təşəbbüslər İnstitutu işi bağlı qanunsuz həbs edilmiş digər şəxsləri Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov şəxsən təhdid edərək bildirib ki, əgər Akif Qurbanov məhkəmə çıxışlarına davam edərsə, sizin vəziyyətiniz daha da ağırlaşacaq. Onlara qarşı da rəftarın pisləşəcəyi ilə bağlı sərt hədələr səsləndirib”.

İyunun 2-də III Respublika Platforması Akif Qurbanovun ailəsinin onunla görüşə bilməməsi barədə açıqlama yaymışdı.

Bildirilirdi ki, ona apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib:

Həmçinin aparılan kitablar da geri qaytarılıb. Akif Qurbanov iyunun 1-də həmçinin telefonla evlə danışmalı idi. Ona bu hüququndan da istifadə etməyə icazə verilməyib”.

III Respublika Platforması bu münasibətin Akif Qurbanovun son məhkəmə çıxışı ilə bağlı olduğunu ehtimal etmişdi.

“Onun üzləşə biləcəyi problemlərdən ciddi narahatıq. Ona görə də Akif Qurbanovun ailə üzvləri ilə görüşməsi, telefonla əlaqə saxlamaq hüququnun təmin olunmasını tələb edir, ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırırıq”, – deyə təşkilat çağırış etmişdi.

Bugünkü bəyanatda III Respublika Platforması bildirib ki, hazırda tənqidi mövqedə olan şəxslərə qarşı təhlükə, sadəcə, onlara qarşı siyasi motivli cinayət işlərinin açılması və bu çərçivədə onların  həbsə atılmalarından ibarət deyil:

Hətta istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində də siyasi məhbuslar pis rəftar və işgəncəyə məruz qalma təhlükəsi ilə üz-üzədirlər. Qeyd edirik ki, işgəncəyə məruz qoymaqla hədələmə özü ləyaqəti alçaldan rəftardır və Azərbaycanın qoşulduğu və beynəlxalq hüquqi öhdəlik götürdüyü BMT-nin Sivil və Siyasi Hüquqlara dair Beynəlxalq Paktının 7-ci maddəsi, İşgəncəyə, Digər Qəddar, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftara və Cəzaya qarşı Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə qorunan hüquqlarının pozuntusudur”.

III Respublika Platforması. Foto: Meydan TV

“Vəziyyətin bu həddə çatması ilə bağlı həyəcan təbili çalırıq və siyasi məhbusların sağlamlığı, ləyaqəti, hətta həyatı ilə bağlı ciddi təhlükələrin yarandığı indiki şəraitdə Azərbaycan hökumətindən bu qeyri-insani davranışlara son qoymağı, bütün siyasi məhbusları dərhal azad etməyi tələb edirik. Eyni zamanda, Azərbaycanda yerləşən beynəlxalq təşkilatların heyətlərini və səfirliklərin diplomatik korpusunu Akif Qurbanova və eyni ittihamla həbs edilmiş digər şəxslərə qarşı hökumətin amansız davranışlarının dayandırılması üçün öz mandatları çərçivəsində fəaliyyətə çağırırıq”, – deyə bəyanatda vurğulanır.

Mayın 28-də Bakı İstintaq Təcridxanasında saxlanılan Akif Qurbanov onunla bağlı mediada yayılan iddialara Apelyasiya Məhkəməsində cavab vermişdi.

Akif Qurbanov indiki idarəetməni sovet NKVD-dən fərqlənmədiyinə diqqət yönəltmişdi:

İndi Azərbaycan da Stalin və onun NKVD üsulu ilə idarə olunur. Necə ki Stalin direktiv göndərərək “minin belinə, etiraf etməyincə düşməyin” üslubunu tələb edir, NKVD də icra edirdi. Stalin “ziyankarların” – müxaliflər və “daxili düşmənlər”in günahını “sübut” edən materialların mətbuatda – “Pravda”, “İzvestiya” qəzetlərində dərc edilməsini tapşırırdı. Sonra da elan verdirirdi ki, bu yaramazların hamısı güllələnəcək. İndi eyni yanaşma bizdə – müstəqil Azərbaycanda tətbiq olunur. Hüquq-mühafizə sistemi İlham Əliyevin istəklərini Sovet NKVD-si üsulu ilə icra edir. Yəni “APA”, “Report”, “Musavat.com”, “Qafqazinfo” və digər korrupsiyadan qidalanan medialar “Pravda”nı əvəz edir. Onlar sifarişi dərc edir, sonra da cəza icra edilir. Yəni faktiki Azərbaycanda stalinizm davam edir…”.

Penitensiar Xidmət (PX). Foto: PX

Penitensiar Xidmətin mətbuat xidməti bəyanatda deyilənləri təkzib edib.

Qurumdan Meydan TV-yə bildirilib ki, Akif Qurbanova hər hansı bir təzyiq yoxdur, səsləndirilən iddialar həqiqəti əks etdirmir:

Həbs edilmiş şəxs Akif Qurbanovun telefon danışıqlarına və görüşlərinə məhdudiyyət qoyulmayıb,  qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda ona ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır”.

Akif Qurbanov nə vaxt həbs olunub?

Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb.

Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum Tv” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button