Yuliya Navalnaya Putinin Allaha inamını “saxta” adlandırıb

Yayımlandı: 24 Fevral 2024 14:41

O, 9 gündür ki, vəfat edən ərinin nəşini tələb edir

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya yenidən videomüraciət edib.

O, artıq doqquz gündür ki, ölən Navalnının cəsədinin anasına verməkdən imtina edildiyini deyib.

Yuliya Navalnaya bildirib ki, bu hərəkətlərin arxasında Prezident Vladimir Putin dayanır.

Navalnaya Putinin Allaha inamını “saxta” adlandırıb və onu demonizmdə ittiham edib:

“Putin Milad bayramında kilsədə şamlarla şəkil çəkdirir. Məbəddə tək dayanır, dərin, nüfuzedici baxışlarla boşluğa baxır, jurnalistlər də onu çəkirlər. Yaxud da vəftizdə o, dəbdəbəli bej qoyun dərisi və keçə çəkmələrində xaç şəklində olan buz dəliyinə yaxınlaşır, sonra buz kimi suya qərq olur. Yenə də kameralar onun Allahı necə hərarətlə izzətləndirdiyini lentə alırlar. Əgər siz özünüzü inanclı hesab edirsinizsə, bilin ki, əməllərinizə görə cavab verəcəksiniz. Təkcə insanların qarşısında deyil”.

Rusiyanın Ukraynada başlatdığı müharibədən danışan Yuliya Navalnaya Putini etdiklərinə görə ilahi qüvvələr qarşısında mütləq cavab verəcəyini deyib:

Yuliya Navalnaya. Foto: Reuters

“Siz, sadəcə, öldürürsünüz, gecələr yatmış dinc insanları kilsədə “təqdis olunan” raketlərlə bombalayırsınız”.

Yuliya Navalnaya 9 gündür ki, vəfat edən ərinin nəşini onlara verilməsini tələb edib.

 O, Aleksey Navalnının nəşinin bu qədər müddətə ailəsinə qaytarılmamasını nəinki xristianlığa, bütün insani, əxlaqi kodekslərə zidd olduğunu deyib:

“Ərimin cəsədini verin. Biz istəyirik ki, pravoslavlıqda adət olduğu kimi, onun dəfn mərasimi olsun və sonra insancasına torpağa basdırılsın. Heç bir şərt qoymadan Alekseyi bizə qaytarın. Ona sağlığında işgəncə verdiniz, indi də ölü olaraq işgəncə verməkdə davam edirsiniz. Siz mərhumun qalıqlarını ələ salırsınız. Daha böyük şeytanlığı təsəvvür etmək mümkün deyil. Siz hər qanunu pozursunuz: həm insani, həm də ilahi”.

2024-cü il fevralın 14-də Aleksey Navalnı Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyanın cəza kamerasına salınıb.

İki gün sonra fevralın 16-da isə Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həmin koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Fevralın 16-da həyatını itirən Aleksey Navalnının nəşi hələ də yaxınlarına verilmir.

Lyudmila Navalnaya həmçinin Putinə oğlunun nəşinin verilməsi tələbi ilə yazılı müraciət də edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button