“Yumurta məsələsində” Çovdarov izi

Vəkil Aslan İsmayılov “Emre Piliç” şirkəti ilə bağlı qalmaqala aydınlıq gətirdi

Tanınmış hüquqşünas Aslan İsmayılov bu gün mətbuat üçün brifinq keçirib. O, son günlər sosial şəbəkələrdə və mediada səs-küyə səbəb olan “Siyəzən broyler” ASC-yə 3 milyon 800 min ABŞ dolları civarında borc məsələsi ilə bağlı məsələlərə aydınlıq gətirib. Tükiyəli iş adamı Ömür Orala yaxın biri kimi tanıtdıran Mürvət Həsənovun əməlləri barədə ətraflı məlumat verən vəkil, Mürvət Həsənov tərəfindən şantaj olunduğunu da bildirib.
“Biz “Siyəzən Broyler” ASC-nin türk şirkətinə ödənilməyən borcu barədə iddia ərizəsi tərtib edib, Sumqayıt İnzibati-İqtisad məhkəməsinə müraciət etdikdən sonra, “Siyəzən Broyler”-in nümayəndələri bizə onların borcu olmadığı barədə sənədlər təqdim etdilər. Məlum oldu ki, şirkətin Azərbaycandakı nümayəndəsi Mürvət Həsənov həmin pulları mənimsəyib. Bundan sonra biz prokrorluğa müraciət etdik. Mürvət Həsənovla Ömür Oralın üzləşməsi zamanı Mürvət Həsənov şirkətə 1 milyon 427 min ABŞ dolları məbləğində borcu olduğunu etiraf etdi. Ömür Oral da öz növbəsində müəyyən güzəştlərə gedərək yekun məbləğin 1 milyon 300 min məbləğində qərarlaşması barədə razılığa gəlindi. Mürvət Həsənov həmin məbləği 15 dekabr 2016-cı ilə qədər tam ödəyəcəyini söz verdi. Bu barədə son olaraq mənim ofisimdə videoçəkiliş aparılmaqla borc müqaviləsini imzaladı”,- deyə Aslan İsmayılov bildirib.
Söz verdiyi məbləği ödəyə bilməyən Mürvət Həsənov Türkiyəyə gedərək şirkət nümayəndələrini vergidən yayınmaqda şantaj edib. Bu məsələyə aydınliq gətirən Aslan İsmayılov deyib: “Mürvət Həsənova hər bir yumurtaya görə çatacaq 1 sentin vergi hesabatlarında az göstərilməsini etiraf edən şirkətin sahibi Ömür Oral bütün bu məbləği Türkiyə vergi orqanlarına ödəyərək onun bu bəhanəsini də kəsib. Bundan sonra isə guya mənim Ömür Oraldan 200 min dollar almağım barədə mətbuata yalan məlumatlar yaymaqla məni şantaj etməyi düşünur. Mən yenə deyirəm, belə üsullar məni yolumdan çəkindirə bilməz”.

“Xəmsə”də nələr baş verib?

Daha sonra Aslan İsmayılov Mürvət Həsənovun keçmiş MTN rəhbərliyi ilə əlaqələrindən danışıb. MTN-in idarə rəisi Akif Çovdarovla onun yaxın olmasını sübut edən məlumatlara malik olduğunu bildirib. “Akif Çovdarov Ruslan adlı oğlunun toy məclisini, eləcə də iki nəvəsinin ad günlərini Mürvət Həsənova məxsus “Xəmsə” şadlıq sarayında keçirib. Toyda iştirak edən Eldar Mahmudov “bu, bizim adamdır” deyə toydakılara Mürvət Həsənovu təqdim edib. Həmin toyda 500-dən artıq adam iştirak edib. Bunu əks etdirən video kaset də var. Akif Çovdarovun bağ evində olan qonaqlıqların əksəriyyətinin yeməkləri “Xəmsə”də hazırlanıb və oranın ofisiantlarından xidmətçi kimi istifadə olunub. Bəzi yüksək vəzifəli məmurların toy məclisləri də “Xəmsə”də keçirilib. Bu zaman bəzən MTN əməkdaşlarının toyda ofisiant kimi iştirak edərək məlumatlar toplaması barədə də bizdə xəbərlər var”,- deyə tanınmış vəkil media mənsublarına bildirib.
“Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” erməniyə məxsus olmasına toxunan vəkil bildirib ki, məhz Mürvət Həsənov Ömür Oralla kirvə olduqlarına görə Ömür özü Mürvətə demişdi ki, şirkətin 5%-lik pay sahibi Raffi Bozaçiyandan onun payı alınıb. Amma bunu sənədləşdirən ərəfədə o, insult keçirərək koma vəziyyətinə düşüb. M.Həsənov hamıdan yaxşı bilir ki, 3 ilə yaxındır ki, İstanbulun Amerikan xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan, nə də vərəsələri bunu rəsmiləşdirə bilmir. Hətta erməni əsilli şəxsin şirkətin müəyyən hissəsində pay sahibi olmasında bir qəbahət yoxdur. Həmin şəxs Türkiyə vətəndaşıdır.
Brifinqin sonunda Aslan İsmayılov “Siyəzən broyler” ASC-nin rəhbərliyinə də mətbuat vasitəsi ilə sözünü çatdırıb. Vəkil bildirib ki, əslində bu məsələ onların işgüzar nüfuzuna xələl gətirir. Onlar özü Mürvət Həsənovun adlarını belə qalmaqallarda hallandırmasına qarşı çıxmalı və hüquq mühafizə orqanlarından bu məsələyə hüquqi qiymət verilməsini tələb etməlidirlər.

Təzəxan

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button