Yunis Səfərova yeni ittiham?

Onu yenidən DTX-ya köçürüblər...

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilmiş Yunis Səfərov təxminən 10 gün əvvəl DTX-da istintaq olunan başqa bir cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasından bu quruma köçürülüb. Onun hansı məsələ ilə bağlı istintaqa cəlb olunduğu məlum deyil.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev araşdırılan cinayət işi üzrə istintaqa buraxılmasını, müvəkkili ilə bağlı dindirmə, üzləşdirmə kimi istintaq hərəkətlərində prosesində iştirakına şərait yaradılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.

Məhbusun anası Leyla İsmayılova bildirib ki, oğlunun köçürülməsi və onunla bağlı baş verən başqa məsələlər haqda ailə üzvlərinə heç bir məlumat verilməyib. Ailə üzvləri bildirir ki, başqa kanallarda əvvəl Qobustan həbsxanasına aparıldığını eşidiblər. Daha sonra isə vəkil vasitəsilə DTX-ya aparıldığını öyrəniblər.

Vəkil Bəxtiyar Hacıyev mediaya bildirib ki, DTX-dakı istintaq prosesində də iştirak edə bilməsi üçün onun ailəsilə artıq yeni müqavilə bağlayıb.

2018-ciil iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıb.

Rəsmi məlumata görə, bundan sonra, həmin il iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Səfərov və onunla birlikdə mühakimə olunanlar Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button