Yurdum, sənin sağlığına!

Xəlil Rza Ulutürk

 

Bir məclisdə unuduldum,

Mey içdilər hər gələnin sağlığına,

Hər gedənin sağlığına.

Yaxasına qonduğumuz mavi gölün sağlığına,

Mey gətirən şux gözəlin sağlığına.

Güldandakı qızılgülün sağlığına,

Xoş qədəmli ayın, ilin sağlığına!

 

Unuduldum…

Nə tutuldum, nə pərt oldum.

Pıçıldadım öz-özümə:

– Xəlil, sənin sağlığına!

Dörd ümmanı qucaqlayan

Ürəyinin sağlığına!

Qoşqar, Savalan dayağı

Kürəyinin sağlığına!

Qibtə etsin qoy dan yeri

Saçlarının təkəmseyrək ağlığına,

Ey dost, sənin sağlığına!

 

Otuz illik döyüşündə

Bir əsrlik yol keçdin sən,

Basılmadın!

Sarsılmadın!

Heç bir zaman qoltuqlara qısılmadın.

Şax yeridin öz yolunda, düz yolunda!

Mən heyranam sənin

Qaya dözümünə, dağlığına.

Dodağıma sıxa-sıxa piyaləni,

İçərəm bu şəlaləni

Könlüm, sənin sağlığına!

 

Dost, ya düşmən görüşünə

Bircə an da gecikməyən,

Heç bir zaman xəstələnməz,

Ruhu enməz, əhdə sadiq,

Beyni yanar, qəlbi qaynar

Bir oğlun var –

Xəlil, sənin sağlığına!

 

Sən elə bir qartalsan ki,

Qalxmağın var, enməyin yox,

Sən elə bir ocaqsan ki,

Yanmağın var, sönməyin yox,

Sən elə bir yolçusan ki,

Məsləkindən dönməyin yox

Tərif, çələng paylananda

Susmağın var, dinməyin yox.

əlin çatır Aya, Marsa,

Cahanda beş oğul varsa,

Sənsən biri, Xəlil Rza!

 

Şeirimizin xoş taleyi, ağ baxtısan,

Döyüşkənmi deyim sənə,

Sən döyüşlər paytaxtısan!

Heç bilmirəm, əfv edərmi dostlar məni?

Mən ötdüm bu təranəni,

Bürüyərkən vüqar məni.

Elim-günüm, səsim–ünüm,

Bu qənd-şəkər piyaləni

Vurdum sənin sağlığına,

Öz sağlığım bəhanədir,

 

YURDUM, SƏNİN SAĞLIĞINA!

YURDUM, SƏNİN SAĞLIĞINA!

 

Türkan, 27 nisan (aprel) 1979-cu il

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button