Yuxarıdan inqilab: Milli Məclis buraxılsın!

Azər Həsrət
azer@azerhasret.com

Yeddi Dövlət – Bir Millət Konseyinin Başqanı, Türk Xalqları Mədəniyyət Vəqfinin Başqan Yardımçısı

Polşada Marek Novitski adlı çox tanınmış insan haqları müdafiəçisi vardı. Azərbaycanda da yaxşı tanınan birisi idi. Kommunist dönəminin ən tanınmış dissidentlərindən biri idi və Polşa azad edildikdən sonra artıq sərbəst şəkildə öz ölkəsində insan haqlarının qorunması ilə məşğul olurdu.

Polşada bir də azərbaycanlı fəalların da tez-tez qatıldığı insan haqları məktəbi var. Marek Novitski həmin məktəbin əsas fiqurlarından biri idi. Bir dəfə iki azərbaycanlı xanım da həmin məktəbdə iştirak edirmiş. Onlardan biri Bakıda insan hüquqları təşkilatlarından birinə başçılıq edir, digəri isə jurnalistdir. Azərbaycanda təqiblərə məruz qaldığından xarici ölkələrdən birində özünə sığınacaq tapıb. Əslində, Azərbaycana dönsə kimsənin bir şey edəcəyi olmasa da, jurnalist xanım iddia edir ki, onu həbsə atacaqlar. Sözümüz bunda deyil. Toxunmaq istədiyimiz məsələ başqadır.

Deməli, bu xanımlar Marek Novtiskinin məktəbində kursu bitirdikdən sonra həmin bu jurnalist ona yaxınlaşaraq Azərbaycanda təqiblərə məruz qaldığını, özünün Polşada və ya başqa bir Avropa ölkəsində qalması üçün polyak hüquq müdafiəçisinin yardımına ehtiyacı olduğunu deyir. Marek Novitski də eləmir tənbəllik, qayıdıb, “əgər ölkənin azadlığa qovuşmasını istəyirsənsə, get, onun həbsxanasında yat” deyir. Daha sonra qeyd edir ki, biz uzun illər həbsxanalarda yataraq Polşanın azadlığına nail olmuşuq. Siz isə ölkənizdən qaçıb qurtulmaq yolu tutursunuz. “Əgər ölkənizin və insanlarınızın azadlığını istəyirsinizsə, ölkənizdən qaçmaq yerinə onun həbsxanasında belə yatmaqla mücadilə aparın. Ölkədən qaçmaqla yalnız özünüzü xilas etmiş olarsınız. Xalqınız isə yenə də istibdaddan əziyyət çəkəcək”, – deyən Novitski əslində azərbaycanlı jurnalist xanıma bir dərs vermiş olur.

Bu olayı xatırlatmağım təsadüfi deyil. Bu gün Azərbaycanda inqilab yelləri əsir. Biriləri bunu ciddiyə almasa da, görünən odur ki, ölkə köklü dəyişikliklər ərəfəsindədir. Tez və ya gec bu ölkədə inqilabi deyə biləcəyimiz olaylar yer alacaq. Çünki bunun üçün gərəkli olan şərtlər artıq yetişib. İnsanlar rüşvətxorluqdan, qohumbazlıqdan, yerlibazlıqdan, seçki saxtakarlıqlarından, durmadan artan qiymətlərdən cana doyub artıq. Dünənə kimi bu hakimiyyətə kifayət qədər loyal yanaşanlar belə artıq bunların getməsini istədiklərini dilə gətirməyə başlayıblar. Hətta vəzifəli şəxslər arasında belə bu cür insanlar artmaqdadır. Bu da təbii haldır. Çünki hər hansı vəzifədə illərlə can qoyan birisi görəndə ki, kiminsə adamı olduğu üçün kütbeyinin birisini gətirib ona rəis, müdir təyin edirlər, təbii ki, buna görə özünü aşağılanmış sanacaq və belə ədalətsiz sistemin çökməsini arzu edəcək. Təbii haldır bu yəni. Sözümüz bunda deyil.

Bu gün görünən odur ki, öncəki illərdən fərqli olaraq artıq gənclər həbsə düşməkdən çəkinmirlər. Heç döyülmək də onları qorxutmur. Üstəlik, çağdaş texnologiyalar da onlar üçün göydəndüşmə olub. Xüsusən də narazı kəsimdəki gənclərin bu texnologiyalardan daha yaxşı baş çıxarması hakimiyyətin əleyhinə işləməkdədir. Məmur-oliqarx balaları günlərini barlarda, restoranlarda keçirməkdəykən kasıb uşaqları bilgisayar arxasında oturub bu ölkəyə sahib çıxmaqdadır. Elə ona görədir ki, hakim partiyanın gəncləri sosial şəbəkələrdə müxalif və narazı kəsimdən olan gənclərə uduzmaqdadır. Bu isə mübarizənin bir mərhələsinin artıq öz bəhrəsini verdiyi anlamına gəlir.

Yeri gəlmişkən, 1999-cu ildə yer alan bir olayı xatırlatmaqda yarar var. Həmin il mən Kanada İnsan Haqları Fondunun Monrealdakı İnsan Haqları Məktəbində oxuyurdum. Həmin müddətdə bizə təklif edildi ki, İnternet saytlarının qurulması üzrə Ottavada bir həftəlik kursa qatılaq. Təbii ki, mən bu fürsəti əldən vermədim və həmin kursu uğurla bitirərək Azərbaycana şəxsi İnternet saytımla qayıtdım. Düzdür, indiki şərtlərlə yanaşılsa həmin sayt elə də yüksək səviyyəli deyildi. Ancaq Azərbaycanda ilk şəxsi saytlardan biri olması baxımından önəmli idi. Geri dönüncə buradakı müxalif dostlarıma bunun sabahın texnologiyası olduğunu izah etməyə çalışdım və onlara dedim ki, ən qısa zamanda İnternetin imkanlarından istifadə etsələr, qarşıdakı siyasi mübarizələri uğurla başa vura bilərlər. Ancaq görünür, yetərincə anlada bilmədiyimdən onlar bunu tətbiq edə bilmədilər. Halbuki o dönəmdə hakimiyyət cəbhəsində İnternetin gücünü hələ anlamırdılar.

Demək istədiyim odur ki, əgər 1999-cu ildə etdiyim təklifə ciddi yanaşılsaydı, bəlkə də sonrakı seçkilərdə rahat bir şəkildə üstünlük əldə etmək mümkün idi. Ən azından, bu gün ərəb ölkələrində baş verən olaylarda İnternetdən necə istifadəni nəzərə alsaq, nə demək istədiyim anlaşılar.

Bu arada martın 11-də və 12-də Bakıda keçirilən etiraz tədbirlərinə də toxunmaqda yarar var. Maraqlı olan odur ki, hər iki halda gənclər və ümumilikdə etirazçılar tarana gedərcəsinə küçələrə çıxdılar. Anlaşılan o idi ki, hakimiyyət bir balaca yanlışa yol versəydi, küçə döyüşləri başlayacaqdı. Çünki etiraz edənlər həqiqətən də cana doymuş, boğaza yığılmış və itirməyə artıq heç nəyi qalmayanlar idi. Hakimiyyətin bu aksiyalar zamanı sərgilədiyi davranış təəccüblü dərəcədə təmkinli idi. Bu nədir, bir zamanlar bizi ölümünə çırpanlar indi ağıllandılarmı? Axı ən adi etiraz aksiyasında belə qol-qabırğamız əzilmədən geri dönməzdik bir zamanlar? İndi nə oldu görəsən? Deməli, hakimiyyətdəkilər də nə baş verdiyinin fərqindədir. Deməli, hakimiyyət ideoloqları da anlamaqdadır ki, şiddətin doğuracağı şey şiddət olacaq. Zor tətbiq ediləcəksə, buna qarşı duranlar özünü müdafiə etmək zorunda qalacaqlar. Hakimiyyətdə bunu anlamağa başlayıblarsa, demək ki, onlar nələrin baş verə biləcəyini fərq etməkdədirlər…

Daha bir diqqətçəkən məqam ölkə prezidentinin korrupsiya ilə mübarizə elan etməsidir. Yaxşı təşəbbüsdür. Təşəbbüs müxtəlif kəsimlər tərəfindən müzakirə edilir, qərarlar verilir, kimlərsə cəzalandırılır. Düzdür, hamının tanıdığı rüşvətxorların hər hansı formada cəzalandırıldığı hələ ki, görülməyib, ancaq yenə də bir başlanğıc olaraq bu kampaniyanı dəstəkləmək lazımdır.

Korrupsiya əleyhində yürüdülən kampaniyada diqqətimizi iki mühüm məqam da çəkir. Birincisi odur ki, hakim Yeni Azərbaycan Partiyası prezidentin bu təşəbbüsü ilə bağlı hər hansı toplantı düzənləmədi və düzənləmək fikrinin olduğunu da bəyan etmədi. İkincisi isə ondan ibarətdir ki, korrupsiya yoluyla deputat mandatı “qazanıb” Milli Məclisin kürsülərini zəbt edənlər də bu “mübarizədə” yer aldıqlarını ən uca səslə elan edirlər. Ölkəmiz nahaqdan ziddiyyətlər ölkəsi hesab edilmir ki…

Ox yaydan çıxıb artıq. İrəlidə daha geniş miqyaslı etiraz aksiyaları gözlənilir. Əlbəttə ki, bu olayların ölkəmiz və millətimiz üçün zərərsiz ötüşməsini istərdik. Bunun belə olması üçün imkanlar isə bu gün yalnız bir nəfərin – prezident İlham Əliyevin əlindədir. İlk addım kimi Milli Məclisin buraxılmasını təklif edə bilərik. Milli Məclisə saxta yolla təyinat alanlar gec-tez cavab verməli olacaqlar və yaxşı olar ki, onları ziyanın yarısından qaytaralar. Hətta deyərdim ki, cürətləri çatırsa (hərçənd onlarda belə cürət olmaz ki…) saxta deputatlar özləri istefa verməklə, millətə xidmət üçün son şanslarından yararlanmaqla dövlətimizə az da olsa sədaqət nümayiş etdirmiş olarlar.

Başqa bir addım isə narazı kəsimdən olan, özünün intellektual imkanları ilə filankəslərin qohum-qardaşlarından daha yüksəkdə durmaları baxımından müxtəlif vəzifələri tutmağa haqqı olanların irəli çəkilməsidir. Narazılar sadəcə qarın davası etmir ki. Bunların arasında yüksək təhsil alıb çağdaş tələblərə uyğun şəkildə özünü hazırlamasına rəğmən, heç bir vəzifəyə yaxın buraxılmayanlar çoxluq təşkil edir. Bunların vəzifəyə yaxın buraxılmaması isə sadəcə qohumbaz, yerlibaz, rüşvətxor olmamalarından irəli gəlir.

Və son olaraq…
Anladığımız odur ki, artıq Azərbaycan gəncləri həbsdən, döyülməkdən, öldürülməkdən belə qorxmadan mübarizəni davam etdirəcək. Hakimiyyət zorakı dirəniş göstərərsə bu, ərəb ölkələrində baş verənlərin bizdə də təkrarlanmasına səbəb olacaq. Belə olan halda isə dünya jandarmı hərəkətə keçmək üçün “hüquq” əldə edəcək və Tanrı qorusun, Liviya olayları Azərbaycanda da baş verəcək. Ona görə də hakimiyyət ideoloqları durumun ciddiyyətini diqqətə alaraq aşağıdan gələn tələbləri doğru dəyərləndirməlidirlər. Yəni aşağıdan qaynaqlanacaq inqilabın doğuracağı ağır sonucları önləmək üçün yuxarıdan inqilab etməkdən başqa yol qalmayıb…

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Rasional fikirlərdir. Yalnız iki məqamla razı deyiləm:1)Liviyada baş verənlər nəinki Azərbaycanda, hətta ərəb ölkələrində müşahidə edilməyəcək, çünki Kəddafi kimi psixi xəstə hər yerdə yoxdur; 2)islahatlar bir nəfərdən- İlham Əliyevdən asılıdır fikrini də qəbil etmək çətindir, o mənada ki, ölkə bir əldən idarə olunmur, lakin dövlət başçısı cəsarət nümayiş etdirsə, həmin gözlənti gerçəkləşə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button