Zəlimxan Məmmədli İsgəndər Həmidovun tədbirindən yazdı

Zəlimxan Məmmədli

“Borçalı” Cəmiyyətinin sədri

 

Artıq geniş ictimaiyyətə məlum olduğu kimi, sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun təşkilatçılğı ilə keçiriləcək “müxalifətin dəyirmi masası”na, ya da sosial şəbəkələrdə deyildiyi kimi, “müxalifət zirvəsi”nə 2 gün qalır. Dəvətlər göndərilib və hər kəs tədbirə hazırlaşır. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli özünün facebook statusunda bu tədbirlə bağlı yazıb. Xural.com Zəlimxan Məmmədlinin statusunu təqdim edir:

 

“Bu gün adı daha çox hallanan dəyirmi masaya dəvət aldım. Bu dəvətə görə də təşəbbüskarlara və şəxsən İsgəndər bəy Həmidova təşəkkür edirəm. Amma çox təəssüf edirəm ki, günün birinci yarısı işdə oluram və bu səbəbdən bu vaxta təyin olunan tədbirlərə qatıla bilmirəm. Odur ki, bəzi fikirlərimi mümkün bildiyim bu vasitədən istifadə edərək tezislər formasında ictimaiyyətə təqdim edirəm.

Əksəriyyət bilməmiş deyil. Hər zaman milli maraqlar naminə birliyin, vəhdətin, uzlaşmanın, anlaşmanın, dialoqun tərəfdarı olmuşam. Hətta unudulmayıbsa 2003-cü ildə dostlarımla hazırladığım “Qatı qütbləşmədən qarşılıqlı etimada doğru” layihəni həm təmsil olunduğum partiyanın rəhbərliyinə, həm də cəmiyyətə təqdim etmişəm. Təəssüf ki, o zaman sırf subyektiv mülahizələrlə və strateji analitik təhlil aparmadan həmin layihə siyasi gündəmə daxil ola bilmədi. (Təkrar həmin layihəni müzakirəyə təqdim edə bilərəm). Yenə o fikirdə qalıram ki, o layihə müxalifətin əsas fəaliyyət sahələrindən birinə çevrilsəydi, ölkəmizdə indikindən fərqli olaraq daha aydın mənzərə meydanda olardı. Təəssüf ki, o şans buraxıldı.

Bu gün artıq əksəriyyət dərk etməkdədir ki, müstəqil Azərbaycan dövlətçiliyi ətrafında təhdidedici proseslər getməkdədir. Hətta müstəqilliyimizin birbaşa hədəf alınması bir zamanlar daha “praqmatik” olanlar tərəfindən də etiraf olunmaqdadır. Milli müqavimətin təşkili, yeni xalq hərəkatı, vahid milli cəbhə və s. adlar altında birlik şüarları aktualdır. Ayrı-ayrı qrupların axtarışları davam etməkdədir. Bunların içərisində daha radikaldan tutmuş müxtəlif yeniləşmə variantları müzakirə olunmaqdadır. Təbii ki, ömür həsr etdiyim Azərbaycan davasından vaz keçməmişəm və bundan sonrakı ömrümüz də müqəddəs Vətənimizin çiçəklənməsinə, qüdrətlənməsinə, bütövlüyünə həsr olunacaqdır.

Hesab edirəm ki, bu müzakirələr bütün hallarda (bəzi qəbul etmədiyim yanaşmalar olmasına baxmayaraq) faydalıdır.
Belə ki, iqtidarın məqsədyönlü şəkildə yaratdığı siyasi və ictimai apatik vəziyyət, avtoritarlaşmaya meyl qonşu Gürcüstan və Ermənistanda demokratikləşmənin dinamikası ilə müqayisədə dövlətçiliyimizi daha çıxılmaz vəziyyətə salır. Bu baxımdan, ictimai fəallıq tempinin artması həyati əhəmiyyətlidir.

Bu dəyirmi masanı bu vəziyyətin dəyişməsi istiqamətində əhəmiyyətli hesab etməklə ilk növbədə hədəfin aparıcı və əksər siyasi müxalif qüvvələr arasında mövcud vəziyyəti düzgün dəyərləndirərək ortaq taktiki və strateji əməkdaşlıq haqqında anlaşmaya nail olmaq və bunun rəsmi sənədlərlə Azərbaycan xalqına və dünya ictimaiyyətinə elan olunması olmalıdır. Növbəti hədəf birinci mərhələdə ölkəiçi siyasi qütblər arasında ən üst qatda yaranmış vəziyyətin müzakirəsi və konkret təkliflər paketinin hazırlanması olmalıdır. Bu hədəfin reallaşması vəziyyətindən asılı olaraq növbəti daha qəti addımlar haqqında müzakirələr başlanmalıdır.

Hələlik bu qədər. Uğur arzulayıram.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button