Zəlzələdən sonrakı Şamaxı: Açıq hava altında yatanlar var
Vətəndaşlar şikayətlərinin rayon rəhbərliyinə göndərildiyini, tədbir görülmədiyini deyir
Ağamusa Mustafayev Şamaxının Birinci Çaylı kənd sakinidir. Meydan TV-yə danışır ki, yaşadığı kəndin bir hissəsi sürüşmə zonasına düşür. 2012-ci ildən torpaq sürüşməsi aktivləşib. Bir neçə il əvvəl yaşadığı evdən bir az aralıdakı bir neçə ev sürüşməyə məruz qalıb. Həmin evlərin sahiblərinin bəzisi müxtəlif yerlərə köçürülüb, bəzilərinə başqa yerdə ev tikmələri üçün torpaq sahəsi ayrılıb, pul ödənilib. 2019-cu ildə baş vermiş zəlzələ torpaq sürüşməsini yenə aktivləşdirib. Bu dəfə Ağamusa Mustafayevin evi sürüşməyə məruz qalıb.
“Dördotaqlı yazıb, ikiotaqlı verdilər”
Şikayətçinnin sözlərinə görə, ailəyə dördotaqlı mənzil söz verilsə də, bir müddət sonra ikiotaqlı mənzil verilib:
“2019-cu ildə zəlzələ oldu, sürüşmə daha da aktivləşdi, yeni təmir etdiyimiz evin özülü sürüşdü, divarları aralandı. Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlib baxış keçirdi. Dedilər ki, burada yaşamaq çox təhlükəlidir, qəzalı ev kimi qeydə aldılar. Ailəmizə dördotaqlı ev yazdılar, ancaq bir müddət sonra ikiotaqlı ev verdilər. Orada hazırda oğlum altı nəfərlik ailə üzvü ilə yaşayır. Biz isə hələ də qəzalı evdə qorxa-qorxa yaşamağa davam edirik”.
Ağamusa Mustafayev qəzalı evdə həyat yoldaşı, qızı və onun ailəsi ilə yaşayır:
“Çox pis durumdayıq. Hara müraciət ediriksə, baxan yoxdur. Ərizələr göndərdiyimiz qurumlar oxumadan yollayır Şamaxı Rayon İcra Hakimiyyətinə. İcra hakimiyyətindən də həmin qurumlara cavab yazıb göndərirlər ki, guya gəlib evə baxış keçiriblər, ev yaşamaq üçün əlverişlidir. Halbuki, həmin qurumdan bircə dəfə də gəlib evə baxış keçirməyiblər. Dediyim kimi, zəlzələdən sonra bir dəfə Fövqəladə Hallar Nazirliyi baxış keçirib və evi qəzalı tikililər siyahısına salıb. Belə bir qəribə işin içərisində qalmışıq. Həyatımızla oynayırlar”.
“Yarıq yerləri suvaqla doldururuq ki…”
Ev sahibi deyir, evin özülü sürüşüb, divarlar yarıq-yarıqdır, otaqların qapısı bağlanmır, “plintus”lar döşəmədən aralanıb, araları suvaqla doldururlar ki, qurd-quş çıxmasın, ancaq bu da faydasızdır. Beləcə, qəzalı evdə ikisi azyaşlı, ikisi yaşlı olmaqla altı nəfər əziyyət çəkir. Onlar evin bir otağına sığınıblar. Həmin otaq da tədricən dağılmaq üzrədir.
“Şamaxı yağışlı, qarlı keçir. İçimdə bir hiss var ki, bu qış bu ev başımıza uçacaq. Köçürmürlər, heç olmasa polis göndərsinlər, gəlsin dayansın qapıda, dağıntılar altında qalanda xəbər eləsin, gəlib ölümüzü çıxarsınlar”, – ev sahibi gileylənir.
Bir neçə il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının aidiyyəti qurumlara göndərdiyi arayışlarda qeyd olunur ki, Şamaxının Birinci Çaylı kəndi rayon mərkəzindən 17 kilometr cənubda, dağətəyi yamacda yerləşir. Ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Yağış sürüşməni fəallaşdırıb və sürüşmə kütləsi yaşayış evlərinə çatıb, həmin evlər də qəzalı vəziyyətə düşüb. Bu evlərin siyahısında Ağamusa Mustafayevin də evi var.
“Ötən yayı çöldə yatmışıq”
Həqiqət Bədəlova isə Şamaxı şəhərindəki Niyazi Nəcəfov 15 ünvanında yaşayır. İddia edir ki, onun yaşadığı mənzil də qəzalı vəziyyətdədir. Hətta bütün yayı ailəvi olaraq çöldə gecələyiblər:
“Bu evdə həyat yoldaşım və qardaşım qızıyla birlikdə yaşayıram. Evimiz onsuz da qəzalı idi, zəlzələdən sonra lap pis günə qaldı. Bu ilin mayında həyətdə iş görürdüm. Evin içərisindən qulaqbatırıcı səs gəldi, sonra da pəncərələrdən, qapıdan çölə toz qalxdı. İçəri otaqlardan birinin tavanı tamamilə çökmüşdü. Bir anlıq yerimdə donub qaldım. Həmin an otaqda olsaydıq, dağıntının altından ölümüzü çıxaracaqdılar. O gündən yeməyi çöldə bişirirəm, yatağımızı çöldə düzəltmişik. İndi havalar soyuyub, məcburuq ki, çarpayıları evə keçirək. Ancaq vahimə içindəyik. Birdən bu biri otaqların da tavanı başımıza çöksə, necə olacaq?”
“Dedilər, səbr edin, bina tikiləcək, amma…”
Ev sahibəsi deyir ki, hələ Şamaxıdakı zəlzələdən əvvəl rayonun icra hakimiyyətinin nümayəndələri onun yaşadığı məhəlləyə gəlibmiş:
“Zəlzələdən əvvəl məhəlləyə Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlmişdi. Evə dəvət etdim, dedim, problemlərimizlə maraqlanırsızsa, buyurun, gəlin, vəziyyətimizi özünüz görün. Həyətdə oturdular, dedilər, çox acınacaqlı şəraitiniz var. Bir az da səbr edin, bu yaxınlarda bina inşa ediləcək, sizi də həmin binaya köçürəcəklər. Dedikləri yerdə bina da tikildi, ancaq eşitdik ki, mənzillər evi-eşiyi və pulu olanlara satılıb. Sonra da zəlzələ oldu, evin özülü tərpəndi, divarlarda çatlar əmələ gəldi”.
Həqiqət Bədəlova deyir ki, bu köhnə evlər keçmiş Yol İdarəsinin balansında olub, işçilərə verilib, sonra da özəlləşdirilib. Evin qəzalı olmasıyla bağlı rəsmi qurumlara göndərdiyi məktublar yerli icra hakimiyyətinə qayıdır. Oradansa ailəyə bildirilir ki, kömək etmək üçün əllərindən heç nə gəlmir.
Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 2019-cu ilin fevrlında baş vermiş zəlzələ ilə əlaqədar fevralın 5-dən iyunun 1-dək rayona ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə dəymiş zərər müəyyən edilib, müvafiq tədbirlər görülüb. Ağamusa Mustafayevə, Həqiqət Bədəlovaya məxsus yaşayış evləri də qəzalı evlərin siyahısına daxil edilib. Artıq bu işlər yekunlaşıb. İlkin və təkrar baxış keçirilməsi üçün vətəndaşlar həmin quruma müraciət etməlidir.