Zərərçəkən 90 min manatın əvəzində 2 milyon manat tələb edir

abdulla 109.04.2015
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi keçirilib.
Prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış bir neçə nəfər dindirilib. 
İlk ifadə verən Hilal Həmidov bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayevi tanıyır. Belə ki, 2004-cü ilin dekabr ayında “Xudəfərin” MMC-dən mənşzil alan zaman Abdulla Abdullayevlə görüşüb. “Sonradan binanın tikintisi dayandı, təxminən 10 nəfər getdik şirkətə, dedilər ki, müəyyən maliyyə problemləri yaranıb və binanın tikintisi davam edəcək” – deyən zərərçəkən qeyd etdi ki, sonradan mənzili alsa da, bina tam təhvil verilmədiyi üçün yaşaya bilmir. Suallara cavab olarq H.Həmidov bildirid ki, şikayətçi deyil, tələbi isə yalnız binanın təhvil verilməsi ilə bağlıdır. “Abdulla müəllimin həbsi əksinə bizim ziyanımızadır. Çıxsın gəlsin binanı təhvil verisin”.
Abdulla Abdullayev replika ilə cavab verdi: “Mənim içəridə olmağımdan narahat olma, evinizi isə gedin prokurorluqdan tələb edin, işi saxlayıb təhvil verməyə qoymayan onlardır”.
Həmidov daha sonra qeyd etdi ki, binanın təhvil verilməməsi ilə bağlı Binəqədi və Nərimanov rayon məhkəmələrində “Xudafərin”  MMC-yə qarşı mülki iddia qaldırıb və hər ikisi təmin edilib. Hakim həmin məhkəmə qərarlarını növbəti iclasda məhkəməyə təqdim etməsini istədi. Zərəçəkən həmçinin vurğuladı ki, bina vaxtında hazır olmadığı üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də ərizə verib. Lakin şikayəti A.Abdullayevdən deyil, “Xudafərin” MMC-dən olub.
Digər zərərçəkmiş X.Qədirova da binadan 3 otaq mənzil aldığını və müqavilədə nəzərdə tutulmuş məbləği ödədiyini bildirdi. Vəkillərin suallarına cavab olaraq, o, sonradan əlavə pul ödədiyini də söylədi və əlavə etdi ki, Korupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılan zaman şikayət ərizəsi yazmayıb və hazırda da təqsirləndirilənlərə qarşı tələbi yoxdur.
Zərərçəkmiş kimi ifadə verən Xaliq Bahadır da mənzili aldığı üçün şikayət və tələbinin olmadığını, özünü zərərçəkən hesab etmədiyini bildirdi.
Daha sonra zərərçəkən Cəfərov Orxan məhkəmədə ifadə verib. Qeyd edək ki, O.Cəfərov mülki iddia ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, iddinaın cinayət işinə əlavə edilməsini tələb edib. İddiada bildirilir ki, “Xudafərin” MMC-dən alınmış obyektlərlə bağlı ona 2 milyon 120 min manat ziyan dəyib.
O.Cəfərov ifadəsində bildirdi ki, Nənəsi və dayısı 2003-ci ildə obyekt alınması ilə bağlı müqavilə bağlayıblar. 2006-cı ildə şirkətdən bildiriblər ki, maliyyə çatışmazlığı yarandığı üçün tikinti davam etmir və buna görə, əlavə məbləğlər də ödəyiblər. Müqavilə nənəsinin adına bağlanıb və hazırda o, dünyasını dəyişib.
“2 ay əvvəl adam apararaq, həmin obyektləri təmir etdirmək istəyən zaman bir nəfər ortaya çıxaraq dedi ki, həmin obyhektlər ona məxsusdur. Hətta bununla bağlı məhkəmə sənədləri də təqdim etdi. Birinci instansiyadan Ali Məhkəməyədək qərarlar vardı və Ali Məhkəmə obyektin Toma adlı xanıma məxsus olduğunu təsdiqləyib. Ona görə də mənə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edirəm” – O.Cəfərov bildirdi.
Abdulla Abdullayev isə bildirdi ki, Məsələ başqa cür olub. Belə ki, Toma adlı şəxsdən vaxtilə 600 min manat pul götürüb, əvəzində əsas məbləğlə yanaşı 210 min manat da əlavə faiz ödəyib. “Həmin pulu Tomaya göndərəndə aparan adam pulun üzrəindən 25 min manat götürüb. Buna görə də, o, mən tutulan zaman vəziyyətdən sui-istifadə edərək, məhkəmə yolu ilə həmin obyektlərlə bağlı qərara sahib olub”.
Dövlər ittihamçısı O.Cəfərova bildrdi ki, istintaq onun “Xudafərin”ə 90 min 570 manat ödədiyini müəyyən edib. Prokurorun  “Bu məbləğin əvəzində 2 milyondan artıq məbləğ tələb etməniz nə ilə bağlıdır?” sualına Cəfərov belə cavab verdi:
– Hesab edirəm ki, həmin məbləğin dəyəri hazırda 2 milyondan artıqdır. 
Vəkil Əkbər Bağırov isə ondan müıki qaydada məhkəməyə müraciət edib-etmədiyini soruşdu. O, bildirdi ki, mülki qaydada rayon məhkəmələrinə müraciət etməyib, yalnız cinayət işinə əlavə edilməsi ilə əlaqədar bu iş üzrə mülki iddia verib.
Əkbər Bağırovla zərərçəkmiş arasında belə bir dialoq oldu:
Vəkil: – Müqaviləni siz tərəfdən kim bağlayıb?
O.Cəvərov: – Nənəm Minayə xanım.
– Kiminlə bağlayıb?
– “Xudafərin” MMC ilə.
– Bəs o zaman bu iş üzrə necə mülki iddia verirsiniz? Axı bu cinayət işində “Xudafərin” MMC nə cavabdeh, nə də təqsirləndirilən deyil. Sizin Abdulla Abdullayevə və ya digər təqsirləndirilənlərə qarşı bir tələbiniz var?
– Xeyr, tələbim yalnız “Xudafərin” MMC-yədir.
– O zaman  gedin “Xudafərin” MMC-yə qarşı iddia qaldırın. Bu işdə “Xudafərin” MMC tərəf deyil.
Dövlət ittihamçısı və hakimlər zərərçəkmişə bildirdilər ki, həmin obyektlərin əvəzində başqa yerin verilməsi ilə bağlı məsələni “Xudafərin” MMC-nin səlahiyyətlisi olan Anarla həll etsin. Anarın dindirilməsi təklif olunsa da, hakim bildirdi ki, onun adı şahidlər siyahısında olduğu üçün hazırkı mərhələdə dindirilə bilməz. Bu səbəbdən də O.Cəfərov, Anar və Toma adlı şəxsin məhkəmədən kənar danışaraq, nəticə barədə məhkəməyə məlumat verilməsi istənildi.
Növbəti məhkəmə prosesi 13 aprel saat 10.00-a təyin edilib. 
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button