Zərərçəkən Ata Abdullayevdən dəymiş ziyanı tələb edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə haqqında məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunan Ziya Məmmədov bu dəfə də məhkəməyə gəlməyib. A.Abdullayev və vəkili Telman Talıbov buna etiraz edib.

Vəkil bildirib ki, Z.Məmmədov faktiki olaraq məhkəmədə ifadə verməkdən yayınır: “Əgər həqiqət ittihamda göstərildiyi kimi olsaydı, niyə yayınırdı, gəlib təsdiq edərdi”.

Təqsirləndirilən şəxs bildirib ki, Ziya Məmmədov İticket.az saytının rəhbəridir. Ofisi də Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşir, məhkəməyə gəlsəydi, sualları cavablandıra bilərdi.

Prokurorun suallarını cavablandıran Ata Abdullayev bildirib ki, zərərçəkmiş qismində tanınmış şəxslərdən nə pul istəyib nə də hədə-qorxu gəlib: “Mən bir daha bildirirəm, bu adamlardan heçnə almamışam. Ziya Məmmədov da mənə o telefonu Elmar Əliyevdən tələb etdiyim üçün verməyib. Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan “Samsung” telefonu var, alıb baxdım, qəşəng telefon olduğunu dedim. Əlindəki telefonu mənə vermək istəsə də qəbul etmədim. Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi”.

Məhkəmədə zərərçəkmiş qismində tanınan Elmar Əliyev mülki iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsi tələb edib.

Növbəti proses dekabrın 21-nə təyin olunub.

Xatırladaq ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button