Zərərçəkmişin ifadəsi cinayət işi materiallarında yoxa çıxıb

abdulla 130.04.2015

“AMAY Abdulla”nın məhkəməsində zərərçəkən ifadə verdi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış Xudu Xudiyev dindirilib. O, ifadəsində zərərçəkmişləri tanımadığını, 2003-cü ildə “Xudafərin” MMC-də işləyən Anar adlı şəxslə müqavilə bağlayaraq, iki otaqlı mənzil adığını və pulunu tam ödədiyini bildirdi. “Müqavilədə nəzərdə tutulmuş mənzil mənə təhvil verilib. Bu barədə heç bir problem yoxdur. Başqa şirkətlər tətəfindən tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılması halları da olur. Şükür ki, “Xudafərin” MMC-də elə hal olmayıb. Hazırda mənzil özümdədir. Sadəcə, binanın tikintisində gecikmə olub. Vaxtında təhvil verilsəydi, daha yaxşı olardı”, deyən X.Xuduyev bildirdi ki, 2014-cü ildə Korrupsiyaya qarşı Mübarizə İdarəsində bu məzmunda ifadə verib və imzalayıb. Ancaq hakim bildirdi ki, istintaq iş üzrə onu zərərçəkmiş qismində tanısa da, cinayət işinin materiallarında onun ifadəsi yoxdur. Vəkillərin suallarına cavab olaraq Xudiyev bildirdi ki, təqsirləndirilənlərə qarşı maddi tələbi yoxdur. İstəyi ancaq mənzilin vaxtında hazır olması ilə bağlı olub və mənzil də artıq ona təhvil verilib. O qeyd etdi ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsində cəmi bir dəfə olub: “15 gün əvvəl də çağırmışdılar, getmədim. Dünən telefonuma zəng gəldi, dedilər, məhkəmədə ifadə verməlisən”.

Vəkillər zəngin kim tərəfindən, hansı qurumdan edildiyini soruşsalar, da, X.Xudiyev bilmədiyini deyərək, yalnız zəng edən nömrəni səsləndirdi. Məhkəmədə dindirmək üçün başqa zərərçəkənlər gəlmədiyinə görə, proses 4 may tarixinədək təxirə salınıb. Hakim bildirdi ki, növbəti prosesdə zərərçəkmişlərin məcburi qaydada məhkəməyə gətirilməsi müzakirə olunacaq. Hakimlər zaldan çıxdıqdan sonra Abdulla Abdullayev məhkəmə prosesinin uzanması ilə bağlı vəkillərə narazılığını bildirib. “Bir zərərçəkmişin ifadəsindən ötrü mən hər gün bura gəlib qayıdıram. Bu prosesi sürətləndirmək lazımdır. Deyirlər ki, zərərçəkmişləri tapa bilmirik. Bs istintaqda necə tapıb çağırırdılar. Gəlsinlər ifadələrini versinlər, qurtarsın bu məsələ, 10 il, 15 il, nə qədər oxuyacaqlarsa oxusunlar çıxaq gedək” – deyə A.Abdullayev bildirdi.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktına əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

“Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40.150.000( qırx milyon yüz əlli min) manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib” – ittiham aktında qeyd edilir. Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev həbsini əsassız sayır və hesab edir ki, həbsində əsas məqsəd Azərbaycanda iri sahibkarlığa məhvedici zərbə vurmaqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button