Zərurət, yoxsa “təsadüf”?

Bu sətirləri yazanda artıq Əvəz Zeynallının apelyasiya şikayətlərinin təmin olunmaması ilə bağlı xəbər yayılmışdı. Sosial şəbəkədəki bəzi dostlar, «bəs nə gözləyirdiniz? İndiki hakimiyyətdən bundan artıq nə gözləmək olardı ki» yazırlar. Bir hayqırtı, bir etiraz var insanlar arasında. Çünki digərlərindən fərqli olaraq Əvəz Zeynallı hər zaman yazıları ilə, ürəyilə, qəlbilə insanların, oxucuların yanında olub. Ona, sevimli «Xural»ına edilən hər bir təklif, təzyiq qəzet səhifələrində özünə zamanında yer tapıb. Etibarlı oxucularından heç nəyi gizlətməyib. İki ilə yaxındır ki, «Xural»a qarşı yönələn təqib və təzyiqlərə, ən çox nifrət etdiyi, ancaq hər an hakimiyyətdən gözlədiyi şər və böhtan xarakterli təxribatlara hazırlıqlı olub, onlara lazımi reaksiyanı göstərib və qəzet səhifələrindən oxucularına – cəmiyyətə məlumat verib. Oxucularımızın yaxşı yadındadır ki, necə Əvəz Zeynallını Hitlerin «Mənim savaşım» kitabını tərcümə etdiyi üçün Azərbaycanı özlərinə vətən seçmiş yəhudi lobbisinin sifarişilə haqqında cinayət işi qaldırmışdılar. Oxucular onu da xatırlayırlar ki, «modelyer» adı ilə Əvəz Zeynallının yanına göndərilən küçə qadınına onun reaksiyası necə olub. Redaksiyaya hədiyyə edilən stolüstü dəstə əlavə edilmiş saatın içindən tapılan səsdinləmə qurğusu və sairə də Əvəz Zeynallını həbsə atdırmaq planı deyildimi? İndiki hakimiyyət kimə bu qədər «diqqət» göstərib ki? Mətbuatı bərbad hala salan PA-nın Əli Həsənovu (Qaragilə – tapıntı Ə.Zeynallıya məxsusdur), onun başında dayanan Prezident Aparatını, həm də Azərbaycanı öz ağlı ilə idarə edən Ramiz Mehdiyev azad, müstəqil və düşüncəli insanların cəmiyyətdə yer tutmaması üçün hansı əməllərə əl atmadılar ki? Pul istəyənə pul, vəzifə istəyənə vəzifə, mükafat istəyən mükafat verə-verə bütün məmləkətin düşünən beyinlərini satın aldılar. Xislətləri bəllidir. Manqurt bir dövlət yaratmaq və onu istədikləri kimi idarə etmək. Əvəz Zeynallı satılmamışdı. Nə bunların milyonlarla insanlar tərəfindən lənətlənmiş puluna, nə bunların kəsif qoxan vəzifələrinə, nə də «işverənlər» siyahısı ilə veriləcək mükafatlarına… Hər yazısı ilə məmləkəti yerindən oynadırdı Əvəz Zeynallı, hakimiyyəti dəli edirdi. Onu susdurmaq üçün daha hansı yollar aranmadı ki? Bütün qəzetin kollektivi, dəyərli oxucularımız, Əvəz bəyi tanıyan dostlar, tanışlar onun mübarizə əzminə yaxşı bələddirlər. Belə insanlar bu hakimiyyətin Ədliyyə Nazirliyinin iddia etdiyi kimi «cılız» hisslərlə yaşamırlar. Onların beyinləri, düşüncələri, qəlbləri Möhtəşəm Azərbaycan idealları ilə döyünür. Əvəz Zeynallı o adamdır ki, bu millətə “30 İyun – Sevgililər Günü”nü bəxş etdi. Bəs,  “cənab” nazirlər hansı xidməti göstərdilər bu millət üçün?

Kimlər gəlirdi Əvəz Zeynallının üzərinə? Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev – hakim YAP-ın Siyasi Şurasının üzvü, – 10 min manat cərimə ilə KİVDF-nin sədri Vüqar Səfərli – hakim YAP-ın fəxri səlahiyyətlisi,- 5 min manatlıq cərimə ilə, «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərov – yenə də hakim YAP-ın Siyasi Şurasının üzvü,- 1000 manatlıq cərimə ilə  Nüşabə Ələsgərli – YAP-çı.- 500 manatlıq cərimə ilə. Sonuncu, Gülər Əhmədova – YAP-ın Qadınlar Şurasının üzvü və Ramiz Mehdiyevin komandasından  təyin olunan deputat.  

Bu məmləkətdə yaxşı yaşamaq hər kəsin haqqıdır. Hər kəsin bu torpağın yeraltı, yerüstü sərvətlərinə haqqı çatır. Tək hakimiyyətin oliqarxları, ailə klanları üçün deyil bu ölkə. Azərbaycanın düşünən insanlarını susdurub, sərvətlərini dağıtmaq haqqını onlara heç kim verməyib. Bu haqqı onlar necə mənimsəyiblərsə, o cür də geri qaytaracaqlar. Çünki hər Əvəz Zeynallı kimi insanın susdurulmasına cəhd etdikcə bu hakimiyyət özünə qarşı yüz minlərlə insanın narazılığını qazandırır. Əvəz Zeynallı ruhən azad insandır. O həbsxana divarlarına sığmaz, onu tanıyanlar bunu yaxşı bilirlər. Bəs, onda Əvəz Zeynallını həbsə atdırmaqla hakimiyyət nə qazandı? Ramiz Mehdiyevin könlü rahat oldu? Əli Həsənov artıq ona kimsənin “Qaragilə” (artıq bu mahnı dillər əzbərinə çevrilib) yazmayacağı rahatlığını qazandı? Yoxsa, Əvəz Zeynallının ünvanına « gedib yatsın, ağlı başına gəlsin» deyən Gülər Əhmədovanın «vəzifəsini» yaxşı icra etdiyi üçün daha «uca» pilləyə çatma şansı artdı? Nə yazıq ona. Bu adam illərdir deputatdır, hələ də ağlı başına gəlməyib ki, hakimiyyətdəkilər onu bu oyuna salmaqla, həm də onun qələmini sındırdılar. Bu ağılla hələ də sevinir. Vallah bu proseslərin içində hakimiyyətə yazığım da gəldi. Bunlar hansı ağılla nə yaradıblarsa, heç biri işləmir. Nə Mətbuat Şurası işləmir, nə hüquq mühafizə orqanları, nə deputatları. Bütün bu proseslərdə rastlaşdığımız o oldu ki, bir nəfər də olsun iqtidar məsulu ağılla iş aparmadı. Oktyabrın 19-da Ramiz Mehdiyevin ədliyyə icraçıları «Xural»ın redaksiyasındakı bütün texniki avadanlıqları müsadirə edəndə əllərindəki qərar cəmi 20 dəqiqə əvvəl tələm-tələsik hazırlanmışdı. Düzdür, sonradan həm Ədliyyə nazirliyinin verdiyi bəyanatlardan adının çıxarılması, həm də şəxsi kanallarla ötürdüyü xəbərlərdə Ramiz Mehdiyevin bu məsələdən xəbərsiz olması məsələsi də təsdiqlənmədi. Ramiz Mehdiyevin 6 ay əvvəl «Xural»la bağlı iddiasını geri götürməsi haqda söylədiyi nağıllar da cəmiyyət tərəfindən «yeyilmədi». Məqsəd aydın idi. «Xural» çıxmamalıdır. Diqqət edin, oktyabrın 19-da, yəni elə həmin günün axşamı Əvəz Zeynallının neçə illərdir ki, DİN orqanlarında xidmət edən iki yaxını eyni tarixli qərarla işdən uzaqlaşdırılır. Onlara Gəncə şəhər Polis İdarəsinin rəisi, bir vaxtlar Əvəz Zeynallını özünə yaxın dost (?!)  kimi göstərən Rasim Musayev açıq şəkildə deyir ki, “Əvəz Zeynallı hfkimiyyət əleyhinə yazdığı üçün onun qardaşına bizim (?!) aramızda yer yoxdur.” Cəmi 15 dəqiqəyə “şahidlər” tapılır və Rauf Zeynalovun üzünə durdurulur. Bakıda isə həmin gün icraçıların bütün cəhdlərinə baxmayaraq, «Xural» işıq üzü görür və bundan hiddətlənən R.Mehdiyev bütün icraçıları qəzetin 10 illik müqaviləsi olan «Ekspress» nəşriyyatına tökür. Tapşırıq bəllidir, «Xural» artıq nəşr olunmamalıdır. Belə bir tapşırıq Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatlara verilir. Bir neçə gərgin keçən gündən sonra oktyabrın 28-də Əvəz Zeynallı oğurlanaraq Korrupsiyaya qarşı Mübarizə İdarəsinə aparılır. Məlum olur ki, məhz oktyabrın 19-da Ramiiz Mehdiyevin deputatı Gülər Əhmədova Əvəz Zeynallıya böhtan atıb. Əlində heç bir fakt və sübutu olmadan (işə tikilən SD diski hələ də cəmiyyətə açıqlanmayıb. Vəkil hesab edir ki, yüksək texnologiya hesabına səslərin montaj edilməsilə onlar istədikləri cümləni qura bilərlər. Lakin bu yol da mümkün deyil. Çünki beynəlxalq təşkilatların ekspertlərinin köməyilə bunların cəmiyyətə açıqladıqları səs yazısını təkrar ekspertizadan asanlıqla keçirmək mümkündür. Səs tonlarının uyğunsuzluğu ilə səslərin eyni anda yazılıb-yazılmadığını dərhal anlamaq olar) Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, hansı ki, sədri Ramiz Mehdiyev şəxsən özüdür – dərhal Ramiz Mehdiyevin deputatının ərizəsini qəbul edir və bir ölkənin müstəqil qəzetinin baş redaktorunu oğurlayaraq, həbs etdirir. Əvəz Zeynallı həbs olunan gün eyni vaxtda redaksiyada və evdə axtarış aparılır. Təqdim olunan məhkəmə qərarına əsasən, axtarış icraçılarına külli miqdarda pul, külçə qızıl, brilyant və üzərində «Gülər Əhmədova» yazısı, telefon nömrəsi olan qeydləri əldə etmək tapşırığı verilir. Redaksiyanın bütün sənədləri – işə aidiyyatı olan və olmayan bütün məhkəmə sənədləri də icraçılar tərəfindən qutulara yığılaraq daşınır. Əvəz Zeynallının yaşadığı ünvanda da axtarış keçirilir. Bu zaman bir neçə gün əvvəl insult keçirən və yataq xəstəsi olan qayınatasının «iştirakı» ilə evdə axtarışa başlayırlar. Artıq bu vaxt nə axtardıqlarını dillərilə soruşurlar, «külçə qızıl, brilyant, avtomat silah varsa verin, bizi əziyyətə salmayın». Bu axtarışlar heç bir nəticə vermir. Səhəri gün Əvəz Zeynallının adına olmayan maşında aparılan axtarış da nəticə vermir. Yaradıcılıq işlərilə bağlı olan kağız və mahnı disklərindən başqa heç nə tapılmır. “Xural”ın vəfalı oxucuları, “bunlar adamın əlində pul tutanda AzTV, ANS vasıtəsilə bütün məmləkətə car çəkirlər. Əgər Gülərin əlində belə bir fakt var idisə onu niyə açıqlamırdılar? Bu ki, onların xeyrinə olardı. Deməli ortada heç bir fakt-filan da yoxdur. Bu 3 ay da onlara Gülərə aidiyyatı olmayan, lakin Əvəz Zeynallın şərləyə biləcək digər subyektlərin axtarışı üçün lazımdır” deyirlər. Bu arada cəmi bir gün sonra redaksiyanın əməkdaşı Nürəddin Xocanın təmayülü əlillər üçün olan maşını sürücü oturan tərəfdən KAMazla «təsadüfən» vurulur. Üç gün sonra digər əməkdaş Kamran Zamanlının maşını H.Əliyev prospektində «təsadüfən» sıxışdırılır və «nə istəyirsiniz, mən sizi tanımıram» sualına cavab olaraq «saxla indi tanıyacaqsan» təhdidləri söylənilir. Bunun təsadüf olmadığını dərk edən K.Zamanlı maşını Polis İdarəsinin yanına çatdıra bilir.
Başqa bir məsələ. Bir aydan çoxdur ki, həm Əvəz Zeynallı və həm də redaksiyanın digər əməkdaşları mobil telefonlarının, redaksiya, hətta ev telefonlarının dinlənildiyinin şahidi olurlar. Tez-tez səs qapanması, diktafon yazısına bənzər siqnallar və sairə əməkdaşları sayıqlığa çağırır. Ən icadolunan variant isə Ə.Zeynallının ev telefonunun nömrəsinin gecə saatlarında dəyişdirilərək, başqa nömrəyə keçirilməsidir. ATS əməkdaşları bunu «təsadüfə» bağlayıb, texniki təmirlə əlaqələndirməyə çalışsalar da artıq «Xural»çılar bu «təsadüf»lərin nədən qaynaqlandığını yaxşı bilirlər. Görünür, zaman gələcək, hakimiyyət Əvəz Zeynallının da təsadüfən həbs olunduğunu dilə gətirməyə məcbur olacaq. Baxmayaraq ki, onun həbsi bu gün üçün hakimiyyətə “zəruri” idi. Qazanmaq üçün istifadə olunan zərurət, itirmək üçün təsadüfə çevrıləcək.

İ.S. Bu arada dost və qardaşımız Elnur Astanbəyli Gülərə xalq yaradıcılığından nümunə həsr edib:

Gülər girdi dənizə,

Çıxmaq üçün təmizə.

Gülərə söz deməyin,

Gedib deyər Ramizə.

Bu, Əvəz Zeynallını susdurmağa çalışanlara bir mesajdır. Di, alın bu xalq yaradıcılığının qarşısını, görək necə alırsınız.

El Sevər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button