Zəlimxan Məmmədli: “Borçalı dastanı…”

Zəlimxan Məmmədli

“Borçalı” Cəmiyyətinin sədri

 

Dəyərli oxucu, Sizinlə bu formatda görüşə gəlməyin səbəbləri olmamış deyil. Bu kitab ötəri təbliğata və bəsit şöhrətə hesablanan nəşrlərdən deyildir. Etiraf olunmalıdır ki, son 100 illik tarixdə Borçalı türklərinin təşkilatlanması, təşkilatın hədəflənməsi, Gürcüstan daxilində bir tam olaraq milli azlıq statusunda boy verməsi, söz sahibi olması ənənəsi yox dərəcəsində olmuşdur. Ayrı-ayrı zamanlarda edilən təşəbbüslər də effektiv olmamış, süquta uğramışdır. Çünki bu təşəbbüslərə dəstək verənlərlə onu əngəlləmək istəyən qüvvələrin nisbəti birincilərin ziyanına qat-qat çox olmuş, eyni zamanda təşəbbüskarlar aydın ideoloji, strateji hədəfləri bu və ya digər səbəbdən müəyyənləşdirə bilməmişlər.

2009-cu ildən Borçalı tarixində yeni dönəm başlandı. Qüvvələr nisbəti dəyişməmişdi, bəlkə də antiborçalı mərkəzlər əvvəlkilərdən daha aqressiv və hiyləgər olmuşdular. Bu reallığı gözardı edərək həyat və aydınlıq sınağından çıxmış dəyərli şəxsiyyətlərimizlə yola çıxası olduq. Cəmiyyətin yeni dönəm üçün İdarə Heyətində yer almış folklorşünas alim Elxan Məmmədli, əməkdar memar Ömər Qoçulu, akademik Ramiz Məmmədov, şair Mədət Coşqun, Ramiz Həsənov, polkovnik Sabir Aşurov, şair Osman Əhmədoğlu, veteran tikinti mütəxəsisi Həsən Qurbanov, tikinti mütəxəssisi Hüseyn Yadigarov, əməkdar rəssam Zahid Hüseynov, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamıoğlu, araşdırmaçı yazar Elbəyi Cəlaloğlu, Kəpənəkçi xeyriyyə fondunun sədri Rəşid Bədəlov, şərqşünas alim Mədət Quluyev, professor Vəli Osmanlı, professor Akif Bayramov, tikinti mütəxəssisi, dosent Hüseyn Artıkoğlu, pedaqoq Dilan Məmmədov, iş adamı Salman Murğuzlu, polkovnik Əlləz Ovçiyev, iqtisadçı Eldar Məmmədov, iş adamı Aydın Yaqubov, Nurafiz Hüseynov, həkim Mahmud Hümbətov, dosent Əhməd Məmmədov kimi şəxsiyyətlərin və Alı Adıgözəl, Nadir Məmmədli kimi gənclərin fikir və iş birliyi uğurların qazanılmasında mühüm rol oynadı. Sonrakı dönəmlərdə bu cərgəyə professor Telman Əliyevin, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin, ictimai-siyasi fəal Rüfət Muradlının, hüquqşünas Nazim Musayevin daxil olması uğurların qazanmasında mühüm rol oynamışdır.
Hər zaman ideyasız insan və ya ideologiyasız cəmiyyət tənəzzüldən qaça bilməyib. İdeologiya strateji hədəflənmə, fəaliyyətin əsas sərhədlərini müəyyən edən sistem kimi qavranılmalıdır. Bir qeyri-hökumət təşkilatı olaraq təbliğatda, təşviqatda, ictimai rəyin hazırlanması və yönləndirilməsində ideoloji sistemin (hədəflənmənin) yoxluğu 2009-cu ilə qədər “Borçalı” Cəmiyyətini kabus olaraq təqib etmişdir. İlk addımı, məhz strateji hədəflənməyə aparan yolun konturlarının müəyyənləşdirilməsindən başladıq. Əsas prinsip soydaşlarımızı birləşdirəcək məkanı düz tapmaq, o istəyi bu coğrafiya və bəşəri dəyərlərlə uzlaşdırmaqdan ibarət idi.

Azərbaycanda mövcud “azərbaycançılıq” haqda çox danışılıb. “Gürcüstan azərbaycanlıları” kimi zərərli ifadə soydaşlarımızın gürcü cəmiyyətində aparıcı mövqelər qazanmasını əngəlləyən ən mühüm maneələrdən biri olub. “Azərbaycan” ifadəsi tarixi, mənəvi, psixoloji, leksik quruluşuna görə etnik mənsubiyyət deyil, dövlətçiliklə, coğrafiya ilə bağlı ifadədir. Azərbaycançılıq – ölkə içi və dünyaya səpələnmiş etnik Azərbaycan türkü olan soydaşlarımızı və ya ürəyi Azərbaycan dövləti ilə döyünən istənilən kəs üçün çox məqbul ideoloji təlimdir. Azərbaycan onu sevən hər kəsin vətənidir. Borçalı türklərinin həmin coğrafiyada aborigenliyi onların Gürcüstan dövlətinə daha sıx bağlanmalarını, onlara yanaşmanın düzgün qurulmasını diqtə edir. Bu baxımdan, azərbaycançılıq əvəzinə, ideoloji xətt olaraq türklüyü götürməyimiz başa düşülən olacaqdır. Bu, insanlarımızı təmərküzləşdirici faktor olmaqla, onların tarixi milli kimlik şüuruna aydınlıq gətirəcək, Türk dünyasının diqqətini cəzb edərək, daha optimal mənəvi-psixoloji mühit yaradacaqdır. O da vurğulanmalıdır ki, Borçalı türk dialekti, əski türk sözləri ilə daha zəngin olmaqla, Azərbaycan ədəbi dilinin türk ruhu ilə qidalandıran mənbələrdən biridir. Odur ki, bu prinsipin müəyyən olunmasından sonra topluma “Borçalı türkləri” deyərək müraciət edilməsi tarixi və mənəvi baxımdan daha düzgün hesab edildi və gənc nəsil tərəfindən bu müraciət daha həvəslə qarşılanmağa və işlədilməyə başladı. Unudulmamalıdır ki, Borçalı insanlarının düşüncəsində türklük tarixən məzhəbüstü mövqeyini qoruyub saxlamışdır. Bu gün də soydaşlarımız məzhəb ayrımçılığı kimi zərərli ideoloji cərəyanlardan özünü qorumalıdır.

İkinci vacib ideoloji məqam DÖVLƏTÇİLİK prinsipləri üzərində ictimai şüurun hazırlanmasıdır. Soydaşlarımızın Azərbaycanın, Türkiyənin istiqlal marşlarını bilmələri onların milli və mənəvi vəzifələridirsə, Gürcüstanın istiqlal marşı və dəyərlərinə sahiblənmələri vətəndaşlıq borclarıdır. Burada əsas dayaq nöqtəsi, dövlətçilik və demokratiyanın vəhdətidir. Soydaşlarımız daha gözəl, güclü, demokratik Gürcüstan uğrunda fədakarlığa hazır olmalıdırlar. Bu, Azərbaycan və Gürcüstanın milli maraqlarına tam cavab verən yanaşmadır.

Üçüncü mühüm ideoloji tərkib isə inancdır – İSLAMDIR. Borçalı türkləri ruhani dünyası zəngin toplum olmaqla, bu sahədə mütəxəssislərin diqqətini cəlb etməkdədirlər.
Düşüncəmizə görə ideoloji sərhədlərimiz türkçülük, dövlətçilik, demokratiya və islamdır.

Türkçülüyü azərbaycançılığa qarşı qoyanların isə, yanlış olduğunu zaman ortaya qoyacaq. Bu ideoloji prinsiplər əsasında fəaliyyət proqramımız hazırlandı. Daha sonrakı hədəf hakim olan mövcud fikri, ideyanı praktik olaraq həyata keçirməkdən, cəmiyyətin çeşidli təbəqələri ilə ünsiyyət yaradaraq tutduğumuz yolu daha da zənginləşdirməkdən ibarət idi.

29 may 2009-cu il tarixindən əsasən hər ayın sonuncu bazar günü müxtəlif mövzularda “Dədə Camal Məclisi” keçirilməkdədir. Mövzuların seçilməsi “Borçalı” Cəmiyyətinin İdarə Heyəti və “Dədə Camal Məclisi”nin Rəyasət Heyətinin ortaq rəyi ilə müəyyənləşmişdir. Mövzular ilk növbədə Borçalının tarixinin, coğrafiyasının, iqtisadiyyatının, mədəniyyətinin, folklorunun, əhalinin məşğulluq vəziyyətinin, mədəniyyət və yaşam tərzi özəlliklərinin və problemlərinin öyrənilməsinə, onun geniş auditoriyaya, konkret halda Türk dünyasına təqdimatına hesablanmışdır. Eyni zamanda, hədəflərdən biri də maarifləndirmə işi, Borçalı türklərinin Türk dünyasına inteqrasiyası, Borçalı türkləri ilə gürcü cəmiyyəti arasında mövcud etimadsızlıq mühitinin aradan qaldırılmasına, qarşılıqlı inteqrasiya prosesinə yardım məqsədi daşımışdır. Seçilmiş mövzular Borçalı türklərinin təşkilatlanması, Gürcüstanın ayrılmaz tərkib hissəsi olaraq icmalaşması, təşkilat quruluşunun ideoloji əsaslarının müəyyənləşməsi baxımından da əhəmiyyətilidir. Gürcüstandan kənarda təşkilatlanma ilə yanaşı, ilk növbədə soydaşlarımızın Gürcüsütan daxilində təşkilatlanmasını əhəmiyyətli hesab edirik. Gürcüstandan kənarda təşkilat formalarının sağlam əsaslarla qurulması və inkişafı da ümumi işin yalnız xeyrinədir. Odur ki, “Borçalı” İctimai Cəmiyyətinin 2009-cu ildən bu vaxta qədər təşkil etdiyi, artıq geniş auditoriya tərəfindən rəğbət qazanmış Məclisin işinin bir hissəsini təqdim etməyi faydalı hesab etdik. Kitabda “Dədə Camal” Məclisləri keçirilmə ardıcıllığı ilə sıralanmışdır. Ola bilər ki, bu nəşrdə müəyyən xətalar olsun. Dəyərli oxucuların bunu nəzərə almalarını, təklif və iradlarını bildirmələrini xahiş edirik. Ümid edirik ki, bu nəşr üslübuna görə yeni olsa da, oxucunun rəğbətini qazanacaq və bizi daha əzmlə mübarizə meydanında fədakarlığa səfərbər edəcəkdir.

Kitabda ikinci bölüm gerçəkdən Türk dünyasına nüfuz etmiş, Gürcüstanın bəzi şovinist dairələrinin hədəfinə tuş gələn “Borçalı Türklərinin Elat Mədəniyyəti günü” – Elat bayramına həsr olunmuşdur. Elat bayramının əsası 2009-cu il iyul ayının 26-da qoyulmuş və hər il həmin tarixdə, eyni məkanda – Gürcüstanın, Dmanisi rayonunun Armudlu yaylağında keçirilməkdədir. Elat bayramının əsas hədəfi soydaşlarımızın mədəniyyətinin, yaşam tərzinin ayrılmaz hissəsinə çevrilmiş elat ənənələrinin təbliği, soydaşlarımızın gürcü cəmiyyəti ilə qarşılıqlı inteqrasiya prosesinə dəstək, dünyaya səpələnmiş Borçalı türklərinin imkanlarını soydaşlarımızın problemlərinin həllinə yönəltmək, eyni zamanda Gürcüstanın vahidliyi prinsipi ilə mədəniyyət müxtəlifliklərinin birliyinə nail olmaq, regional təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyan Azərbaycan, Gürcüstan, Türkiyə strateji tərəfdaşlığına ictimai dəstək verməkdən ibarətdir. Bu kitabda bu vaxta qədər baş tutan Elat bayramları haqqında geniş məlumatlar yer almışdır.

Kitabda növbəti bölmə 25 dekabr “Gürcüstan türklərinin həmrəylik gecəsi” tədbirlərinin stenoqrafik təqdimatı əsasında tərtib edilmişdir. Bu tədbirin əsas məqsədi Gürcüstan türklərinin birlik və bərabərliyi, Gürcüstanın vahidliyi, Gürcüstan-Azərbaycan dostluğu ideyalarına dəstək verməkdən, eyni zamanda Azərbaycanın intellektual və iqtisadi imkanlarını Borçalı da daxil, xaricdə kompakt yaşayan soydaşlarımızın problemlərinə səfərbər etməkdən ibarətdir.

Kitabda eyni zamanda “Borçalı” Cəmiyyətinin quruculuğunda və ümumiyyətlə, Borçalı tarixində mühüm rol oynamış şəxsiyyətlərin anım və yubiley tədbirlərinin təqdimatı yer almışdır.

Kitabın “Şəkillərdə qalan tarix” bölümündə ayrı-ayrı tədbirlərdən çəkilmiş şəkillər əks olunmuşdur. İnanırıq ki, bu kitab gənc nəslin yurda, milli dəyərlərə bağlanmalarında, ictimai və siyasi təşkilatlanmada, eyni zamanda Borçalı mövzusunu tədqiq edən araşdırmaçılar və KİV nümayəndələri üçün istinad mənbəyi olacaqdır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button