Zəlimxan Məmmədli-Dərviş Osman deyişməsi

Dərviş Osmandan Zəlimxan Məmmədliyə ismarıc:

Bu nə məqam, bu nə səfər, əfəndim,
Bu nə qismət, bu nə qədər, əfəndim.
Bu nə uğur, bu nə zəfər, əfəndim!
Bircə anda qanad açdın-qol açdın.

Qədəm basdın ulu ozan səmtinə,
Qədərini Haqqın yazan səmtinə.
Yol vermədin yoldan azan səmtinə,
Nadanlara yaman quli-qal açdın.

Bir diləyə, bir istəyə çağrıldın,
Bir diləyə, bir istəyə doğruldun.
Bir amala yoğrulduqca-yoğruldun,
Puçur tökdün, çiçək açdın-gül açdın.

Coşa-coşa dərələrdə sel oldun,
Aşa-aşa təpələrdə yel oldun,
Diləyinlə mahal oldun-el oldun,
Sancağına ay-ulduzla al açdın.

Bac vermədin, yağılardan bac aldın,
Öz yurdundan-Vətənindən güc aldın,
Qılınc vurdun, güşdü tutdun, saz çaldın,
“Misri”lərlə, “zəngi”lərlə dil açdın.

“Boy boyladın” qopuz kimi dinənə,
“Soy soyladın” kəhərlərə minənə,
Öz soyuna-öz kökünə dönənə,
Xeyir-dua süfrəsini bol açdın.

Umudundan bəhrə gördün, bar gördün,
Dönməzliyi namus, qeyrət, ar gördün.
Mərd olanı-mərd olana yar gördün,
Sən hər zaman bir Allaha əl açdın,
Borçalının uğuruna yol açdın.

15 oktyabr 2018

 

Zəlimxan Məmmədlidən Dərviş Osmanın ismarıcına cavab:

 

ELOĞLU

Sevgi dolu kəlamınla min yaşa,
Gah Dürata, gah Qırata min, yaşa,
Qılınc beldə, ruh göylərdə, keç başa,
Səfər bizim, zəfər haqqın, Eloğlu!

İçimizdə bircə damla kir olmaz,
Niyyət safdır, yol azanda sirr olmaz,
Yolumuzda şeytan dönüb pir olmaz,
Qədər elin, güc xaliqin, Eloğlu!

Türksoy bizə qucaq açdı, mərhaba!
Sorağımız ellər aşdı, mərhaba!
Ocağımız nurlar saçdı, mərhaba!
Yanan ocaq elin, xalqın, Eloğlu!

Nə nökərə, nə xaqana uymadıq,
Haqdan uzaq heç fərmana uymadıq,
Şirin vədə, hər yalana uymadıq,
Uğur ruhun, saf amalın Eloğlu!

Bu yol ki var, dürüstsənsə, tozlanmaz,
Dostun mərdsə, hər deyilən söz olmaz,
Ozan bilər, hər dillənən saz olmaz,
Ustad coşub, çalır sazın, Eloğlu!

Türk elləri Borçalıya boylanır,
İgidlərim bir səfərə haylanır,
Türkün ruhu günü-gündən soylanır,
Təpər varsa, an xalidin, eloğlu!
Üzü gülsün Borçalının Eloğlu!

Zəlimxan Məmmədli(Elcanlı)

21 oktyabr 2018

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button