Zəngəzur dəhlizi açılıbmı? Əlbəttə ki, yox!

Zəngəzur da, Ağdam-Şuşa dəhlizi də, Bakının tıxacı, təmirə bağlanmış yolları deyil, tam fərqli məsələdir...

Sərhəddəki qanlı döyüşlərdən dərhal sonra Paşinyanın guya Zəngəzur dəhlizi ilə bağlı sənəd imzaladığı haqda erməni mediasının yaydığı iddiaların içi boşdur. Zəngəzur dəhlizi Ermənistanın siyasi gündəminə elə oturub ki, bu mövzuda nə yazsalar dərhal tiraja işləyir, reaksiya doğurur, üstəlik media da hədsiz siyasiləşib, düşərgələrə bölünüb. 

Təəssüf ki, düşmən mediasının Azərbaycanın internet seqmentinə və sosial şəbəkələrinə də kifayət qədər təsiri var. Bu səbəbdən çoxları dəhlizin açılması qərarına “sevincdən ağladığı” haqda da yazır.

Deyim ki, düşmən ölkənin mediasının təsiri altına düşmək istənilən halda, təhlükəlidir və bu məsələdə məsuliyyət Azərbaycan rəsmilərinin, xüsusilə Xarici İşlər Nazirliyinin üzərinə düşür. Sanki bizi erməni mediasının xəbərləri üzərində gündəm qurmağa, necə deyərlər, “sevinməyə və kədərlənməyə” məcbur qoyurlar. Məgər bu cür iddialara təkzib və ya aydılıq gətirmək bu qədərmi çətindir? XIN-in Ermənistandan verilən sərsəm bəyanatlara çevik reaksiyalarını görürük, təqdir edirik, amma yalnız bununla kifayətlənmək  ictimaiyyət üçün yetərli deyil. O zaman isə iş qalır yerli politoloqlara və siyasi təhlilçilərin ümidinə ki, bu da rəsmi xəbər və ya mövqe sayıla bilməz.

Zəngəzur dəhlizi açılıbmı? Əlbəttə ki, yox! Zəngəzurda Azərbaycan zatən öz sərhədlərini bərpa edib, hətta gömrük postu da qurub. Amma Zəngəzur dəhlizinin bir ucu gedib Naxçıvana çıxır. Bizim Ermənistan ərazisindən, ermənilərin isə bizim ərazidən keçib-getməsi üçün Paşinyanın dılğır imzası nəyi dəyişə bilər ki? Heç nəyi!

Bu dəhlizin açılması üçün mütləq üç ölkənin rəhbərliyinin imzası gərəkir. Avropa Birliyi və ya ATƏT-də bu işə qol(imza) qoymaq üçün neçə vaxtdır çalışır, Moskvanın razılığı olarsa, onlar da yekun sənədə qoşulmaq niyyətindədirlər.

Rusiya Zəngəzur və digər nəqliyyat kommunikasiyaların açılması  məsələsində təkcə qarant ölkə deyil. 10 noyabr üçtərəfli razılaşmasının 10-cu bəndində bu barədə açıq yazılır:  “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Aydındırmı? Yəni belə bir qərar Rusiyanın iştirakı olmadan imzalana və qüvvəyə minə bilməz. Üstəlik, 10 noyabr razılaşmasında konkret göstərilməsə də, Zəngəzur dəhlizi sərhədlərin müəyyənləşməsinin tərkib hissəsidir, ayrıca götürülmüş anklav və ya müzakirə mövzusu deyil.

“İnterfax”ın bu barədə yaydığı son xəbərə diqqət edək. “Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq prosesinə sıfır nöqtəsindən başlanılacaq, Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib”. Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryan deyib. “Demarkasiya və delimitasiyaya hazırlıq prosesi sıfır nöqtəsindən başlayacaq. Ermənistan bu işin başlamasında iştirak etməyə razılıq verib. Danışıqlar məxfilik rejimində aparılır” deyə, Köçəryan brifinqdə bildirib. Parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan da deyib ki, Ermənistan Rusiyaya sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamağa razılıq verməsi barədə yazılı bildiriş göndərib. “Texniki məsələlərlə bağlı razılıq əldə edildikdən sonra Ermənistan komissiya formalaşdırmağa və konkret işlərə başlamağa hazır olacaq. Məzmun barədə danışmaq hələ tezdir, biz hazırlıq işlərinin başlamasından danışırıq”deyə, o qeyd edib. Göründüyü kimi, heç bir razılaşma ortada yoxdur, Paşinyanın isə təkbaşına belə bir qərar verməsi sadəcə, mümkün deyil.

Dəhliz məsələsi bəzilərinə sadə gələ bilər, hətta “burda nə problem var ki, yol açılacaq, maşınlar(qatarlar) gedib-gələcək” kimi sədəlövh düşənənlər də var. Elə deyil, əziz xalq. Bu, Bakının tıxacı, təmirə bağlanmış yolları deyil, tam fərqli məsələdir…

Zəngəzur dəhlizindən heç vaxt istifadə etməmişəm, amma uşaqlığım da, yeniyetməliyim də Ağdam-Şuşa yolunda keçib. O yolla dinc dövrdə də, müharibədə də gedib-gəlmişəm. İndi  37 kolometrlik o yol da bizim üçün bağlanmış dəhlizdir. Zəngəzur dəhlizini də, Ağdam-Şuşa yolnu da bağlayan səbəb erməni düşmənçiliyi olub. Əvvəl bizə o yolda daş atıblar, girov götürülənlər olub, sonra gülləyə tuş gələnlər də…Müəyyən müddət hətta rus(SSRİ)əsgərinin müşahidəsi ilə gedib-gəlmişik, amma düşmənçilik öz işini görüb, son nəticə dəyişməyib. Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat(həm də dəmiryolu) dəhlizi də eyni səbəblərdən bağlanıb.

O səbəbdən düşmənçilik aradan qalxmayanadək dəhliz müzakirələrinin reallığa çevriləcəyinə şəxsən mən inanmıram. Zəfər yolu çəkilməzdən əvvəl Şuşaya “Qırmızı bazar” qəsəbəsi yolu ilə- gedib-gələnlər danışırdı ki, ermənilər yoldan keçən azərbaycanlılara həmin illərdəki kimi baxırdılar- qəzəb və nifrətlə. Hətta bir dəfə maşınlara daş da atmışdılar. Rus əsgəri olmasaydı, kolluqda pusqu qurub güllə də atardılar…

Əgər Zəngəzur dəhlizi açılarsa, Ağdam-Şuşa yolunun bağlı qalmasının heç bir məntiqi izahı ola bilməz. O halda məhz Ağdam-Şuşa yolu da açılmalıdır. Amma bu çox uzaq perspektivdir, çox uzaq…

Nazim SABİROĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button