Zəngilan və Qubadlıdan olan xanımlar Mehriban Əliyevaya müraciət etdilər-Seçkilərin nəticəsi ilə bağlı

Bir neçə gündür müxtəlif dairələr üzrə 9 fevral Milli Məclisə seçkilərin nəticəsindən etirazlar davam etməkdədir. Çoxsaylı saxtakarlığın və qanun pozuntusunun baş verdiyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi də bu sıradadır.

Seçki dairəsinin nəticəsindən narazı qalan Zəngilan və Qubadlıdan olan məcburi köçkün xanımlar bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti, Biirnci xanım Mehriban Əliyevaya müraciət ediblər. Müraciəti olduğu kimi təqdim edirik:

                                        “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  
                                        Heydər Əliyev Fondunun Prezidenti  Mehriban                  
                                        xanım Əliyevaya
                                        Zəngilan və  Qubadlı rayonlarından məcburi köçkün  
                                        xanımlar tərəfindən

                                         MÜRACİƏT:

Hörmətli Mehriban xanım Əliyeva!

Biz – Zəngilanlı və Qubadlı rayonundan olan xanımlar Sizin ədalət, humanizm, dürüstlük hissinizə inanaraq, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd (hazırki deputat) İsmayılov İmamverdi İbiş oğlunun dairə və komissiya üzvlərinin müxtəlif yollarla köməkliyi, saxtakarlıqla, ədalətsiz bir şəkildə qalib elan olunmasına etirazımızı bildirir və nəticənin ləğvini istəyirik. Bunun üçün sizdən kömək istəyirik.

Hörmətli Mehriban xanım Əliyeva! Siz hər zaman anaların, qadınların, uşaqların, bir sözlə hər bir Azərbaycan vətəndaşının, məcburi köçkünlərin ümid yerinə çevrilmisiniz, hər zaman ədalətin və haqqın carçısı olmusunuz. Biz də bir ana, Azərbaycan qadını kimi bu qədər saxtakarlıqla barışa, haqqımızın tapdanmasına susa bilmərik. Biz evimizdə övlad böyüdürük, şəxsiyyət yetişdiririk, onlara tərbiyə veririk, hüquqlarını qorumağı öyrədirik. Ancaq 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi ətrafında yaşanan problemlərlə əlaqədar biz öz səsimizi qoruya bilmirik, haqsızlıqla barışır və qanun pozuntuları ilə millət vəkili seçilməsini izləyiriksə, onlara necə nümunə ola bilərik?

Hörmətli Mehriban xanım Əliyeva! Biz cənab Prezident İlham Əliyevin və Sizin Azərbaycan, dövlətçilik naminə apardığınız işləri dəstəkləyirik.

Neçə vaxtdır seçkilərlə bağlı verilən açıqlamalara, ölkədəki müsbət dəyişikliyə inanıb ümidləndik, gedib səs verdik. İnandıq ki, nəhayət 25 ildir bizi bir vətəndaş, seçicisi kimi bizi saya almayan bu deputatdan (İmamverdi İsmayılov) xilas olacağıq, səsimizi eşitdirə biləcəyimiz bir millət vəkilimiz olacaq. Amma bütün ümidimiz suya düşdü.

Seçki günü baş verən nə qədər saxtakarlıqdan, hətta əvvəlki deputatın yenidən seçilməsindən sonra son ümid olaraq toplaşıb bu müraciəti edirik. Bir ana, vətəndaş , məcburi köçkün həyatı yaşayan qadınlar kimi bunu özümüzə borc bilirik. Övladlarımızın gələcəyi naminə bu qanunsuzluğa yol verə bilmərik. Ümidimiz Sizə və cənab Prezident İlham Heydər oğlu Əliyevədir. İnanırıq ki, bizim Sizə olan müraciətimizə həssasiyyət göstərəcək və səsimizə səs verəcəksiniz. “Siz səs versəniz də, verməsəniz də seçiləcəyəm” deyən bir şəxsin bizim deputatımız olmasına imkan verməyəcəksiniz. Öncədən təşəkkürlər!”

Həmçinin, xanımlar bir araya gələrək Birinci xanıma fikirlərini videomüraciət vasitəsilə də çatdırıb və ədalətin bərpa olunacağına inandıqlarını bildiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button