Zahid Oruc “Günəşli” yanğınından yazdı…

zahid oruc.jpg

Zahid ORUC

Milli Məclisin deputatı

Xəzər 2-ci Qarabağ olmalıydı. Çünki hələ Sovetlərin zamanında onu İranla bölərkən cənub qonşumuz Stalinin gücü qarşısında müvəqqəti geri çəkilmişdi.

380 min kvadrat km-lik qapalı su hövzəsinin dərin qatları yalnız okeanların malik olduğu sərvətlərlə müqayisə oluna bilər. Ona görə də özü boyda neft dənizi olan Xəzər təkcə 5 ətraf dövlətin deyil, region uğrunda savaşan Britaniya, Amerika, Fransa və digər Qərb, o cümlədən Asiya qitəsi ölkələrinin də hədəfindəydi.

Ötən əsrin əvvələrində də belə olmuşdu. Morqanları, rotşildləri, nobelləri bolşeviklər qovub buradan çıxarandan sonra Lenin apardığı dünya inqilabının hərəkətverici qüvvəsini – kerosini qazanmış, çarizmin vaxtında geriqalmış periferiya şəhəri birdən-birə siyasi və iqtisadi mərkəzlərdən birinə çevrilmişdi. Lakin ingilislər buraya qayıtmaq üçün BP-nin keçmiş rəhbəri Con Braunun sözləri ilə desək, “70 il gözləməli olmuşdular”.

“Günəşli yatağı”nda dəniz fırtınasının qurbanına çevrilənlərin ağır üzüntüsünü yaşayarkən, nədənsə, hər dəfə bütün təbii fəlakətlərin siyasi formasiyaları dəyişən, xəritələri yenidən cızan insanların törətdikləri tufanlarla paralel getdiyinə şahid olursan. O vaxt “Əsrin neft müqaviləsi” dövlət çevrilişinə cəhd və bir neçə şəxsin terror edilməsi ilə sonuclanmışdı. Lakin 200 illik istilaya görə ödədiyimiz haqq müqabilində bu o qədər də çox deyildi. Axı 20 faiz ərazinin qəsb edilməsi də, Xəzərdən götürülmüş pay idi.

İndi baxın, dənizin və siyasətin fırtınası, görün, necə üst-üstə düşür: Rusiyanın Əsəd rejimini havadan və Xəzərdən müdafiəyə qalxması, Aralıq dənizinə gətirilən Amerika və Fransa gəmiləri, Türkiyənin 2000 əsgəri qüvvəsinin İraqa girməsi, İranın Suriyaya sayı 5 min nəfərə çatan hazırlıqlı təhlükəsilik qüvvələrini yeritməsi, Türkiyə-Rusiya siyasi savaşının boğazlara və neft-qaz davasına çevrilməsi, İncirlik, Kürəcik, Batman və Diyarbəkirin Qərbin anti-Bəşər koalisiyasına təhvil verilməsi ilə Türkiyənin müharibə zonasına çevrilməsi, Yaxın Şərqin bölüşdürülməsi uğrunda real quru əməliyyatların keçirilməsi üçün orduların tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi, Türkiyə-Ermənistan sərhəddinə 7 minlik qoşunun toplanması və sair… Bir sözlə, III Dünya Müharibəsi terrorun bayrağı altında və havadan qırıcı təyyarələrin vasitəsilə – Suriyanı bombardman edən dövlətlərin arasında çoxdan gedir. Azərbaycanın dənizdə verdiyi itkilər böyük müharibənin tərkib hissəsidir.

Prezident İlham Əliyevin nə qədər ağır zərbələri öz üzərinə götürdüyünü təsəvvürə belə gətirmək çox çətindir. O, dövləti xəyanətləri və dini silaha çevirənləri hələ sona qədər neytrallaşdırmamış, neftin fırtınasını qoparanaların da çağırışları ilə üz-üzə qaldı. Əgər itkin düşənlərin hamısı həyatını itiribsə, bir millət üçün bunlar böyük faciədir. İndi platformadakı şəraitin, xilasetmə tədbirlərinin, ictimai məlumatlandırma işinin səviyyəsindən asılı olmayaraq, bir fakt inkarolunmazdır – Xəzərdən Yaxın Şərqə atılan bombalar geri qayıdır.

Fransa son terroru milli birliklə və dövlət başçısı Ollandın qətiyyətli qərarları ilə adladı. Bizim faciəli tariximizin növbəti səhifəsində İlham Əliyevin bir milləti qorumaq üçün apardığı böyük savaşa görə onun yanında olmaq bir vətəndaş borcumuzdur və indi dənizdən gələn təhlükə siqnalını siyasi düşərgələrə görə qiymətləndirmək, Xəzəri bölmək qədər qanlı və təhlükəli bir iş olardı. Neft həmişə qanın simvolu olub.Müharibə, kütləvi qırğınlarla dünyanın baş xəbərinə çevirlən Yaxın Şərqin insan itkilərinə əlavə olunan Azərbaycan insanı vahid bir savaşın qurbanlarıdır. Ona görə də birjalarda “kotirovkalar”ı nə qədər düşsə də, “neftin qiyməti” həmişə bahadır.

Günəş Yer kürəsini qızdırır, neft də onun kainatdakı kölgəsidir. Lakin torpağın təkinə çökən və tərkibi heç zaman sona qədər kəşf olunmayan, süni vasitələrlə alınmayan – bəlkə də milyonlarla insan sümüklərinin və qanının sonradan “qara qızıl”a çevrildiyinə görə, – neft heç də həmişə xoşbəxtlik gətirmir.

İndi Xəzərdən gələn qara xəbərlərin cəmiyyətimzdəki üzüntüsünü və milli kədərini, doğmalarını itirənlərin dənizin özü kimi hayqırıb, sonra sönməsini, qanlı sulara qatışan göz yaşlarını görərkən, bir-birimizə sarılmaqdan başqa yolumuz qalmır. Çünki yanğın təkcə “Günəşli”də deyil, indi bütöv bir ölkəni əzəli mənşəyinətörədiyi “od”un içinə atmağa hazır olanlar var.

Azərbaycan yenidən “Röyter”in, BBC-nin, dünya lderlərinin matəm, neft, Sovet tankları və alman faşizmi, BP və digər nəhəng transmilli şirkətlərin dünya akvatoriyalarının sinəsinə sancdıqları buruq iynələri, Rusiyanı təbii ehtiyatlarının içində boğan Qərbin TAP və TANAP-a verdiyi önəm və başqa epitetlərlə dillərdə əzbərə çevriləcək. Lakin bir vaxtlar “Qara daşlar”dan hörülən dəniz şəhərlərimizi yenidən tikmək üçün bu millətin üstünə gələn tufanları birgə qarşılamaq, hamımızın vahid bir gəmidə və eyni platformada olduğumuzu anlamağımız gərəkdir. Hamımz neftin balalarıyıq. Sonda neftə çevrilirik – bir-birimizə yanmağımızla!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button