Zakir Qaralov antikorrupsiyaya il mərasimi keçirdi

Anar Mahmudoğlu

Hakimiyyətin antikorrupsiya teatrında öz rolunu almağa tələsən Zakir Qaralov hələ ötən il fevralın 4-də “Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, başqalarının korrupsioner fəaliyyətini araşdırmağa mənəvi haqqımız olsun” monoloqu ilə diqqət mərkəzinə gəlmişdi. Bununla da kifayətlənməyən cənab Qaralov peşəkar əməliyyatçı olaraq “əlamətlər” də saymışdı. Ki, “Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı tədbirlər görülməlidir”.
Zakir Qaralovun yeri yerindən oynadan bu həbs anonsuna cəmiyyət şok içində reaksiya verdi. Baş prokuror da il boyu 3-4 sıravi vergi müfəttişini və 5-6 Sosial Müdafiə Fondu əməkdaşını həbs etməklə doğrudan da cəmiyyəti şoka saldı. Yazıq xalq hardan bilsin ki, Dubayda yanaşı villalar alanlar, körpünü, avropa standartlarına uyğun yolu, daşı, çınqılı, betonu ayı kababı formasında həzm-rabedən keçirənlər yox, 500 manat rüşvət alan sıravi vergi müfəttişləri “dəbdəbəli həyat” keçirirlər; xalq hardan bilsin ki, vergi müfəttişi, Sosial Müdafiə Fondunun işçisi prokurorluq əməkdaşı sayılır.
Amma Zakir Qaralov “mənəvi haqq qazandığını” düşündüyü bu həbslərdən razı qalmamışdı. Ötən il oktyabrın 1-də baş prokuror korrupsiyaya qarşı mübarizənin “lazımi səviyyədə həyata keçməməsindən” şikayətlənmişdi.
Budur, cəmi 3 aydan sonra, 2011-ci ilin yekunlarına həsr olunan müşavirədə Zakir Qaralov “korrupsiyaya qarşı mübarizənin səmərəliliyi” barədə cəmiyyətə açıqlama verdi. Nə oldu, nə dəyişdi, hansı dəbdəbəli villa sahibi olan korrupsioner tutuldu, nə vaxt ictimaiyyətə təqdim edildi ki, Zakir Qaralov 2011-ci ilin nəticələrindən razı qaldı? Hansı fövqəladə hadisə Zakir Qaralovu 2011-ci il boyu dediklərini təkzibləməyə vadar etdi?
Fakt olaraq, əlbəttə, heç nə! Amma görünür, siyasi rəhbərlik artıq bir ildi Azərbaycan səhnəsində oynanılan “Antikorrupsiya” tamaşasının fatihəsini verməyi tapşırıb və Qaralov da prokurorlarını yığıb “mübarizənin” ruhuna salavat çevirdi. Əslində isə baş prokuror bu şounun ildönümünü keçirdi. Zatən, ötən ilin yanvarında Ramiz Mehdiyevin çıxışında səslənən antikorrusiya mübarizəsi elan olunduğu anda da qətlə yetirilmişdi, Zakir Qaralova isə onun il mərasimini keçirmək qismət oldu.
Var olsun baş prokuroru, peşə etikasına və zabit şərəfinə uyğun səviyyədə il keçirdi. O “il mərasimində” Allahşükür Paşazadənin yeri elə görünürdü ki!
Işığı oğurlayan yarasalar
Elektrik enerjisinin maya dəyərinin qiymətlərinin şişirdilməsi və ciddi maxinasiyalarla bağlı həmkarlar maraqlı araşdırmalarını davam etdirirlər. Bu araşdırmaya bir əlavə edək:
2006-cı ilə qədər “Barmek-Azərbaycan” şirkəti dövlətdən elektrik enerjisinin bir kilovatını 1,41 qəpiyə alır, 1,92 qəpiyə əhaliyə satırdı.
Hüseyn Arabulun “Barmek-Azərbaycan” şirkəti hər kilovatdan cəmi 0,51 qəpik qazanırdı. Bu qazancla həm “Barmek” rəhbərliyi fantastik görünəcək səviyyədə – 20-25 min manat – aylıq əməkhaqqı alır, həm də öhdəlik götürdüyü milyonlarla investisiya yatırımlarını yerinə yetirirdi.
2006-cı ildə “Barmek” Azərbaycandan qovuldu, enerji satışı dövlətin nəzarətinə qaytarıldı və 2007-ci ilin yanvarında elektrik enerjisinin maya dəyəri əsas gətirilərək satış 1,92 qəpikdən 6 qəpiyə qaldırıldı.
Hazırda elektrik enerjisinin topdansatış qiyməti rəsmən açıqlanmır, amma mütəxəssislər “Bakelektrikşəbəkə”nin elektrik enerjisini 3,5 qəpiyə aldığını bildirirlər. Deməli, bu idarə bir kilovatda “Barmek-Azərbaycan”dan 5 dəfə çox qazanır. Əvəzində, “Bakelektrikşəbəkə” rəhbərliyinin və işçilərinin əməkhaqqı o dövrkü reallıqla müqayisədə qat-qat aşağıdır, üstəlik, 2006-2010-cu illər ərzində bu sahəyə büdcədən 1 milyard 100 milyonluq investisiya yardımı alınıb.
“Işıq korrupsiyası”ndakı dəhşətli mənzərəni görürsünüzmü?
“Mafioz, julik, ədəbsiz”in ardı
Ötən yazımızda bildirmişdik ki, tənqidi qəbul etməyən Azərbaycan hakimiyyətinin ünvanına ritorika artıq təhqir səviyyəsinə keçib. Aradan bir neçə gün ötməmiş “Sərhədsiz Reportyorlar” illik hesabatını açıqladı. Və qurum Azərbaycan hakimiyyətini “mətbuat yırtıcısı”, Naxçıvanı isə “azad insanlara qarşı təzyiqlərin paranoik səviyyədə olduğu yer” kimi xarakterizə etdi. Yəni “mafioz, julik, ədəbsiz”ə “yırtıcı” və “paranoik” də əlavə olundu.
Deyəsən, 2012-ci ilin sonuna bu ifadələrdən ibarət lüğət buraxmaq lazım gələcək…

13.01.2012

“Azadlıq”qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button