Zakir Qaralov antirüşvətlə zarafat edir

Ölkənin baş prokuroru sayılan Zakir Qaralovun dünənki açıqlaması qədər yumoristik, lağlağı, komediya bəyanat təsəvvür etmək çox çətindir.

Baş prokuror deyir ki, korrupsiyaya qarşı «mübarizə hələ lazımi səviyyədə həyata keçirilmir».

Sanki antikorrupsiya mübarizəsinin lazımı səviyyədə həyata keçirilməsinin məsuliyyətini mən daşıyıram və hörmətli Zakir Qaralov da işimin öhdəsindən gələ bilmədiyim üçün məni tənqid atəşinə tutur. Bildiyim qədərincə, bu xarabanın baş prokuroru Zakir Qaralov olmalıdır, axı! Onda bu açıqlamanın mahiyyətində nə dayanır? Yəni prokurorbaşı işinin öhdəsindən gələ bilmədiyini etiraf edir?

Bacarmırsa, istefa ərizəsini yaza bilər. Bəs, kimdir onu divara dirəyən? Öhdəsindən gəlmədiyi bir işi Zakir müəllimin çiyinlərinə yükləyib, adamı girinc-giriftar və laleyi-zar qoyan hansı insafsızdır?

Qaralovu dinləyək: «Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nəzdində mütəxəssislər qrupu yaradılıb, həmçinin əməliyyat-axtarış fəaliyyəti bu idarəyə verilib, ştat tərkibi və əməkdaşların əməkhaqqı artırılıb. Qısa müddətdə ciddi tədbirlər həyata keçiriləndən sonra korrupsiyaya qarşı mübarizə tədbirləri daha ciddi şəkil alacaq».

Sakit! Bir dəqiqə! Bu nə cümlədir, cənab baş prokuror? «Ciddi tədbirlər həyata keçiriləndən sonra… tədbirlər daha ciddi şəkil alacaq» nə deməkdir? Yəni prokurorlar üçün daha geniş imkanlar yaradılandan sonra? Bəs, elə bu cümlədən əvvəl demirsiniz ki, qrup yaradılıb, mütəxəssislər cəlb olunub, maaş artırılıb? Daha hansı «ciddi tədbir» lazımdır ki, antikorrupsiya lazımı səviyyəyə qalxsın?

Digər tərəfdən, ciddi tədbirlərdən sonra antikorrupsiya ciddi şəkil alacaqsa, bəs, indiyə qədər nə iş görürdünüz? Bunu necə anlayaq?

Aha! Deməli, indiyə qədər korrupsiyaya qarşı mübarizə ilə zarafat edirlərmiş, mırt tuturlarmış. Çünki tədbirlər həyata keçirilməyib. Ancaq tədbirlər həyata keçiriləndən sonra tədbirlər həyata keçirəcəklər, tədbirlər həyata keçirilmədiyi üçün bunlar da tədbirləri ciddi şəkildə həyata keçirə bilmirlər! Ciddi şəkildə həyata keçirilməyəndə isə rüşvətə qarşı mübarizə dönüb olur zarafat, lağlağı, komediya!

Neçə vaxtdır mən də qalmışam məəttəl ki, Zakir müəllim niyə lazımi səviyyədə tədbirlər həyata keçirə bilmir? Xatırlayırsızsa, cənab baş prokuror bu il fevralın əvvəlində demişdi ki, «korrupsiyaya qarşı mübarizəyə özümüzdən başlamalıyıq».

Demə, tədbirlər həyata keçirilmədiyi üçün korrupsiyaya qarşı mübarizəyə Zakir müəllim özündən başlaya bilmir! Məsələn, demişdi ki, ötən müddətdə yol verdiyi nöqsanlara görə 50 prokuror şiddətli töhmət alıb, «prokurorluq adına yaraşmayan hərəkətlərə» görə isə 5 nəfərin paqonları sökülüb.

Sosial Müdafiə Fondunda yanlışlıq yapılanda Zakir müəllim onları həbs edə bilir, ancaq prokurorlar bir qələt qarışdıranda, onları işdən çıxarmaqla kifayətlənir. Çünki tədbirlər həyata keçirilməyib. Tədbirlər həyata keçirilsəydi, Zakir müəllim bilərdi ki, «prokuror adına yaraşmayan hərəkətlərin» qarşılığında hansı addımı atmalıdır!

Aydınlaşmalıdır məsələ: rüşvət almaq cinayət sayılır, yoxsa «prokurorluq adına yaraşmayan hərəkət»? Əgər prokuror adına yaraşmayan hərəkətdirsə, onda prokurorun adına yaraşan hərəkət nədir? Axı, illərlə xalqımız arasında formalaşan ənənə var, prokurorların imici var! Onların bundan sonra rüşvət almaması xalqımız arasındakı nüfuzuna ciddi təsir etməzmi? Onları yerdən-yerə vurmazmı?

Bax, görürsünüzmü ki, tədbirlər həyata keçirilməyib. İndi hörmətli baş prokuror nə etsin? Özündən necə başlasın? Heç hansısa rayondakı prokurorunu həbs edə bilmir, onda qalmışdı özü ola? Özündən başlamaq onunmu səlahiyyətindədir?

Bu qədər qarmaqarışıq sualların içində baş prokuror əlbəttə ki, məni suçlayacaq. Ki, niyə rüşvətxorluğa qarşı mübarizəni lazımi səviyyədə aparmıram?

Baş qalıb ki!..

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button