Zakir Qaralovdan şok etiraf!

«Korrupsiyaya qarşı mübarizə lazımi səviyyədə aparılmır»

 «Korrupsiyaya qarşı mübarizə Baş Prokurorluğun əsas vəzifələrindən biridir. Hesab edirik ki, bu mübarizə hələ lazımi səviyyədə həyata keçirilmir». Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib. O deyib ki, prezident İlham Əliyevin göstərişi ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli işlər görülür: «Bu idarənin nəzdində mütəxəssislər qrupu yaradılıb, həmçinin əməliyyat axtarış fəaliyyəti bu idarəyə verilib, ştat tərkibi və əməkdaşlarının əməkhaqqı artırılıb. Qısa müddət ərzində ciddi tədbirlər həyata keçiriləndən sonra korrupsiyaya qarşı mübarizə tədbirləri daha ciddi şəkil alacaq».

Baş prokuror qeyd edib ki, bu ilin 9 ayı ərzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya halları ilə bağlı 101 cinayət işi məhkəmələrə göndərilib, 166 müxtəlif vəzifə tutan şəxslər cinayət məsuliyyətinə cəlb olunub:

«Hal-hazırda idarədə 88 cinayət işinin istintaqı davam etdirilir».

Z.Qaralov bank işçiləri barəsində açılan cinayət işlərinin sayının artmasına da münasibət bildirib:

«Hazırda bəzi bank işçilərinin qanun pozuntuları ilə bağlı istintaq tədbirləri həyata keçirilir».

Bundan başqa, baş prokuror Təhsil Nazirliyinin yüksək vəzifəli şəxslərinin ciddi qanun pozuntularına yol verdiyindən danışıb: «Məktəb tikintisi və təmir işləri zamanı ciddi yeyinti hallarına yol verilib». O bildirib ki, həm bu işləri həyata keçirən kommersiya təşkilatları, həm də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər: «Bununla bağlı başlanmış üç cinayət işinin istintaqı davam etdirilir. Eyni zamanda tikinti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün Təhsil Nazirliyinə mənim tərəfimdən müvafiq təqdimat göndərilib».

Redaksiyadan:

Hörmətli baş prokurorun bu münasibətinə qəzetimizin redaktoru Anar Mahmudoğlunun şərhi ilə 9-cu səhifədəki köşə yazısında tanış ola bilərsiniz.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button