Zaur Əhmədin yuxusu: “Atamı Şuşada gördüm…”

Zaur Əhməd

mia.az saytının baş redaktoru

 

Mia.az saytının baş redaktoru Zaur Əhməd maraqlı yuxu görüb və bu yuxusunu facebook statusunda yazıb. Xural.com Zaur Əhmədin bu anlamlı yuxusunu təqdim edir:

“Dünən gecə yuxuda müharibədəydim. Dəhşətli mənzərə idi. Düşmənlə demək olar ki, bir neçə metr məsafədən atışırdıq. Nə qədər igid oğullarımız şəhid oldu, bilmədim… Amma ha özümü önə atırdım, açıq yerdən düşmənə atəş açırdımsa, mənə tərəf atılan güllələrdən biri də mənə dəymirdi. Nəsə istəyirdim ki, mənə də dəysin, sonra deyərlər ki, qaçıb gizlənmisən…

Bir dəfə ayıldım. Sonra yenə gözlərimi yumdum. Qanlı döyüş davam edirdi. Sanki erməni tərəfdən kimsə qalmamışdı. Dayandığım yerdən aydın görünmürdü, amma elə bilirdim ki, Şuşanın ətəyindəydik (Mən heç vaxt Şuşada olmamışam).

Yuxudan bir də ayıldım. Tər-su məni basmışdı. Bir anlıq elə bildim ki, qan axır alnımdan. Yenidən gözlərim yumuldu. Erməni tərəfdən tək-tük atəş səsi gəlir. Sanki qırılıb qurtarmışdılar… Alaqaranlıq idi. Bir nəfər əlində Azərbaycan bayrağı hundür zirvəyə qalxırdı. Bilmirəm, yaralanmışam, ya əldən düşmüşəm, yerə çömüşəm avtomata söykənib güclə dayanmışam. Bayraqla zirvəyə qalxan əsgərə baxıram.
Atəş səsləri tamamilə kəsilir, elə bir sakitlik çökür ki, elə bir dünyada heç kim qalmayıb – bir mən, bir də bayraqla zirvəyə qalxan əsgər. Əsgər zirvənin ən ucqar yerinə çatdı. Bayrağı sancan kimi hər yer işıqlandı, əsgərin üzü göründü. ATAM idi, elə 35 yaşındakı kimi cavan… Günəş çıxdı və həqiqətən də Şuşadaymışıq…
Ayıldım və bitdi…”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button