Siyasi məhbusa yaxşı xasiyyətnamə verən məmur işdən çıxarılıb

Keçmiş siyasi məhbus Zaur Qurbanlını müsbət xarakterizəe dən məmurun işdən azad edildiyi bildirilir.

Bu haqda Turan-a Z.Qurbanlının özü məlumat verib.

Həbsdən azad edilməsindən 3 il 9 ay ötən Z.Qurbanlı ölkə sərhədlərindən kənara çıxa bilməz. Çünki hələ üzərində məhkumluğu qalır. Qanunvericiliyə görə, məhkumluq həbsdən azad edildikdən 6 il sonra ödənilmiş hesab ediləcək.

Z.Qurbanlı deyir ki, məhkumluğunun vaxtından əvvəl götürülməsi üçün məhkəməyə müraciət edib. Müraciətə gərəkli olan sənədləri, o cümlədən xasiyyətnaməni də əlavə edib. Həmin xasiyyətnaməni keçmiş siyasi məhbusun yaşayış yeri üzrə Şəki rayonunun Qayabaşı kəndinin icra nümayəndəsinin müavini imzalayıb.

Bir həftə əvvəl onun müraciətinə Şəki rayon Məhkəməsində baxılıb. Müraciət təmin edilməyib.

“Ya hakim, ya da prokuror mənim barəmdə verilmiş xasiyyətnaməni Şəki rayon İcra Hakimiyyətinə göndərib. Nəticədə barəmdə xasiyyətnamə vermiş Şəki rayon Qayabaşı kənd icra nümayəndəsinin müavini işindən azad olunub”, Z.Qurbanlı deyib.

O, hesab edir ki, 4 il əvvəl siyasi məhbus olmuş biri üçün müsbət xasiyyətnamə verilməsinin qadağan edilməsi, belə sənəd vermiş şəxsin vəzifəsindən kənarlaşdırılması hüquqa zidd, biabırçı davranışdır. Z.Qurbanlı olayla bağlı gərəkli hüquqi addımları atacağını qeyd edib.

Z.Qurbanlının açıqlamasına Şəki rayonu İcra Hakmiyyətinin Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən detallı cavab almaq mümkün olmayıb. Qurumdan nümayəndənin müavininin vəzifəsindən kənarlaşdırılmasını təsdiqləyiblər. Ancaq onun vəsifəsindən nədən azad olunması barəsində sualı cavablandırmayıb telefonu söndürüblər.

N!DA hərəkatı fəalı Zaur Qurbanlı 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birgə həmkarları İlkin Rüstəmzadə, Rəşadət Axundov, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Üzeyir Məmmədli və Şahin Novruzlu da 6-8 il həbs cəzası alıblar.

Onlar 2013-cü il 10 mart tarixli etiraz aksiyasında kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə və narkotik saxlamaqda və xuliqanlıqda təqsirli biliniblər.

Zaur Qurbanlı 2014-cü ilin dekabrında dövlət başçısı tərəfindən əvf olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button