Zelenski Qərbi silah qadağalarını qaldırmağa çağırır

Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın Kiyevdə mülki ərazilərə son ölümcül hücumunu pisləyib. O, Qərb müttəfiqlərini Rusiyanın dərinliklərində silahlardan istifadəyə məhdudiyyəti qaldırmağa çağırıb. Zelenski həm də ilk dəfə olaraq qüvvələrinin sərhədi keçərək Rusiyanın Kursk vilayətində əməliyyat aparmasını dolayısı ilə təsdiqləyib.

“Rusiyalılar üçün belə silahların istifadəsinə coğrafi məhdudiyyət yoxdur – tammiqyaslı müharibənin ilk günlərindən ölkəmizin ərazisi bütövlükdə daimi hücum təhdidinə məruz qalıb”, – Zelenski avqustun 11-də X platformasında yazıb.

“Ukraynalılar bizi havadan müdafiə sistemləri və döyüş təyyarələri ilə təmin edən tərəfdaşlarımızın hamısına dərindən minnətdardır. Amma Rusiya terrorunu gerçəkdən dayandırmaq üçün bizə… tərəfdaşlarımızın güclü qərarları lazımdır – müdafiə hərəkətlərimizə məhdudiyyətləri qaldıracaq qərarlar”, – o deyib.

“Ukraynanın uzaq mənzilli qabiliyyətinə məhdudiyyət olmayanda bu müharibənin sonu gələcək – onun ədalətli həllini yaxınlaşdıracağıq”, – prezident yazıb.

Avqustun 10-da axşam Zelenski Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsinə dair rusiyalı hərbi bloqerlər və Qərb xəbər agentliklərinin yazdıqlarını dolayısı ilə təsdiqləyib.

“Bu gün ali baş komandan (Oleksandr) Sırskidən cəbhə xətləri, hərəkətlərimiz, müharibənin təcavüzkarın ərazisində aparılmasına dair bəzi məlumatlar aldım”, – o deyib.

Ukrayna yeddi gündür Kursk vilayətində irəliləyir, bir neçə kiçik yaşayış məntəqəsinə nəzarəti ələ alıb. Amma Kiyevin vilayət paytaxtı, 415 min nəfər əhalisi olan Kursk şəhərini ələ keçirməyə cəhd edib-etməyəcəyi bəlli deyil.

Əməliyyata Ukraynanın neçə hərbçisinin cəlb olunduğu da aydın deyil. Bəzi məlumatlar min 100, bəzilərində bir neçə min hərbçidən söz açılır.

Rusiya rəsmiləri sərhədin pozulduğunu təsdiqləyərək on minlərlə dinc sakinin köçürülməsi əmri veriblər. Ancaq onlar Kiyev əsgərlərinə “Ukraynanın sabotaj və kəşfiyyat qrupları” deyirlər.

Ukraynanın avqustun 6-da sərhədi keçərək Kurska girməsi Moskva 2022-ci ildə Ukraynanın işğalına başlayandan Rusiya torpağına ən böyük hücum sayılır.

Rusiya avqustun 10-da Kursk, Bryansk və Belqorod vilayətlərində antiterror tədbirləri elan edib.

Milli Antiterror Komitəsi bildirib ki, tədbirlərə sakinlərin mümkün evakuasiyası, nəqliyyata məhdudiyyət, həssas ərazilər ətrafında təhlükəsizliyin gücləndirilməsi, telefon söhbətlərinin dinlənilməsi daxildir.

Avqustun 11-də gərginliyin artdığı bir vaxtda Rusiyanın müttəfiqi Belarus bildirib ki, Ukrayna ilə sərhədinə tankları yığır. Bundan öncə isə səmasında Ukrayna hərbi dronlarını vurduğunu açıqlayıb.

Belarusun avtoritar lideri Aleksandr Lukaşenko Ukrayna tərəfdən hər hansı “provokasiya”ya cavab vermək üçün sərhəd ərazilərə qüvvələr göndərilməsi göstərişi verib.

Rusiya qüvvələri avqustun 11-nə keçən gecə Ukrayna paytaxtı Kiyevə raket hücumu gerçəkləşdirib, azı iki nəfər həlak olub.

Ukrayna hava qüvvələri daha iki vilayətin Rusiya dronlarının hücumuna məruz qaldığını bildirib.

Ukrayna şəhərləri mütəmadi olaraq Rusiyanın hava zərbələrinə məruz qalır. Son günlər bir çox ukraynalı narahatdır ki, Kiyevin Rusiya ərazisinə girməsi hava reydlərini gücləndirə bilər.

Rusiya Kursk, Voronej vilayətlərinin rəsmiləri isə vurulmuş Ukrayna raket və dronlarının qalıqlarının bəzi dağıntı və xəsarətlərə səbəb olduğunu açıqlayıblar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button