Zibili kim təmizləməlidir?!

 

Sabunçu Rayon İcra Hakimiyyəti nə işlə məşğul olur?..

 2000-dən çox ev olan Sabunçu rayonu Xəstəxanayanı küçəsinə bir gedən, bir də oradakı mənzərəni görmədiyi üçün getməyən peşiman olur. Biz də peşiman olmamaq üçün Bakı şəhəri Sabunçu rayonu Xəstəxanayanı küçəsinə getdik. Ana yoldan küçəyə daxil olan kimi bərbad vəziyyətdə olan yollar diqqətimizi cəlb etdi. Sanki bu küçənin Bakı şəhərində gedən yenidənqurma və bərpa işlərindən heç xəbəri yoxdur. Böyük eniş və yoxuşlar aşaraq nəhayət küçənin tam ortasında yerləşən “zibil dağı” ilə qarşılaşdıq. Əvvəlcə məndə elə təəssürat yarandı ki, bura 2-ci Balaxanı Zibil mədənidir. Sonra zibilə 5 metr uzaqlıqda yerləşən evləri gördükdə anladım ki, düz gəlmişəm.

Küçə sakinləri fürsət axtarırmış kimi bir-birinin ardınca danışmağa başladılar. Sakinlər deyirlər ki, “sanki du dövlət 2000 ailənin varlığını unudub. İcra hakimiyyətinin başçısı Əlibala Əliyev Sabunçu rayonunda Bakıxanov qəsəbəsindən başqa nə bir qəsəbə, nə də bir küçə tanıyır. İldə bir dəfə belə bu küçənin zibili təmizlənmir. Gərək 5-6 dəfə şikayət edək, 7-8 dəfə İcra nümayəndəliyinə ayaq döyək ki, axırda gəlib bu zibili yığışdırsınlar. Dərdimiz bir zibil dərdi olsa çəkilər. Yollarımız 30 ildir ki, əsaslı təmir olunmayıb. Hər yer daşlıq, hər yer torpaq, yağış yağanda isə hər yer palçıq.”

Küçə sakinlərinin sözlərinə görə, bu məhəllədə gözə dəyən azacıq asfalt, azacıq abadlıq varsa da onların hamısı sakinlərin şəxsi imkanları əsasında həyata keçirilib. “Amma bizim də imkanlarımızın bir hədd-hüdudu var. Bizlər bilmirik ki, yola asfalt çəkək, yoxsa hər ay pul verib zibili yığışdıraq?”

Məhəllədə olarkən bir çox acınacaqlı hadisələrin də şahidi olduq. Milçək əlindən sağa-sola tərpənmək mümkün olmayan bir yerdə uşaqlar, sanki yaşıl çəmənlikdə oynayırmış kimi oynayır və elə bil cürbəcür yoluxucu xəstəliklər tutmaq üçün can atırdılar. Bu şəraitdə yaşamaq nəinki uşaqlara, hətta böyüklərə belə çox böyük təhlükədir. Yəqin az keçmədən burada yaşayan sakinlərdən cürbəcür xəstəlik xəbərləri eşidiləcək.

Sakinlərin sözlərinə görə, axırıncı dəfə bu zibili təmizləmək üçün onlardan 160 manat pul tələb olunub.

Sonda sakinlərin Əlibala Əliyevə belə bir sualı oldu ki, görəsən, Prezidentin Bakının bütün qəsəbə və kəndlərinin abadlaşdırılması üçün Prezident fondundan ayrılan 11 milyondan Sabunçu rayonunun Xəstəxanayanı küçəsinin abadlaşdırılmasına da xərclənəcəkmi?

Şikayətlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə telefonla müraciət etdik. İcra hakimiyyətinin məsul nümayəndəsi bizə bildirdi ki, “zibil toplama işinə biz yox, Sabunçu rayon qəsəbə nümayəndəliyi baxır.” Sabunçu rayon qəsəbə nümayəndəliyinə müraciət etdik. Qəsəbə nümayəndə sədrinin müavini ilə danışıqlardan məlum oldu ki, onların Sabunçu rayonu Xəstəxanayanı küçəsindəki zibil yığınağından, orada belə bir zibilliyin mövcudluğundan belə xəbərsiz imiş. Danışıq qabiliyyəti olmayan müavin bizimlə sanki ona şər atırmışıq kimi danışaraq mədəniyyətsiz bir şəkildə dəstəyi üzümüzə asdı.

Bu telefon danışığından sonra anladıq ki, Sabunçu rayonu Xəstəxanayanı küçəsi sakinləri haqlı imiş, doğrudan da dövlət bu qəsəbənin varlığını unudub.

XuralTAC

                                                                                                                                “Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button